Dağbəyi İsmayılov: Dini sabitliyin qorunmasında medianın rolu əvəzsizdir
Far.Az xəbər saytı

Dağbəyi İsmayılov: Dini sabitliyin qorunmasında medianın rolu əvəzsizdir


Bu gün sürətlə inkişaf edən informasiya cəmiyyətində media yalnız xəbərləri çatdıran vasitə deyil, həm də ictimai rəy formalaşdıran, insanların dünyagörüşünə və mənəvi dəyərlərinə təsir göstərən mühüm sosial institutdur.

"Far.Az"un Şimal bürosunun məlumatına görə, bunu AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov Qusarda keçirilən "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda konfransda çıxışı zamanı deyib.

O bildirib ki, medianın peşəkarlığı və dini mövzulara yanaşmada savadlılığı xüsusi əhəmiyyət daşıyır:

"Bu gün burada müzakirə edəcəyimiz mövzu da çox aktual məsələyə həsr olunub. Azərbaycan dövləti bu sahədə tamamilə prinsipial və ardıcıl siyasət yürüdür. Azərbaycan Konstitusiyası hər bir vətəndaşa vicdan və dini etiqad azadlığı hüququ verir. Bu, dövlətimizin əsas hüquqi-siyasi prinsiplərindən biri olmaqla yanaşı, həm də cəmiyyətin mənəvi sabitliyinə və harmoniya içində birgəyaşayışına xidmət edən dəyərdir. Ölkəmizdə din və mətbuat münasibətləri "Dini etiqad azadlığı haqqında" və "Media haqqında" qanunlarla tənzimlənir. Azərbaycanda din dövlətdən ayrıdır, lakin dövlət bu məsələni daim diqqətdə saxlayır. Çünki din təkcə fərdi inanc deyil, həm də ictimai münasibətlərdə mühüm təsir gücünə malikdir".

O deyib ki, bu gün informasiya məkanı sürətlə dəyişir:

"Bu məkanda indi ənənəvi media ilə bərabər, sosial media da sürətlə inkişaf edir. Belə bir mühitdə ənənəvi mediadan fərqli olaraq sosial mediada informasiyanın yayılması nəinki asanlaşıb, hətta nəzarətdən kənarda qalıb. Bu reallıq istənilən ölkədə dini sabitliyin qorunması məsələsini ön plana çıxarır. Buna görə də müasir informasiya məkanında dini mövzuların peşəkar, dəqiq və məsuliyyətli şəkildə təqdim olunması informasiya qurumlarının əsas vəzifələrindən biridir. Medianın bu sahədə rolu təkcə məlumat yaymaqdan ibarət deyil – o, maarifləndirmə, milli-mənəvi dəyərlərin təbliği və cəmiyyətdə dini dözümlülüyün təşviqi baxımından da böyük əhəmiyyət daşıyır. Dini sabitlik yalnız hüquqi mexanizmlərlə qorunmamalıdır. Onun sosial bazası dini savadlılıq və maarifləndirmədir. Gənclərimizə doğru və etibarlı dini biliklərin çatdırılması medianın əsas vəzifələrindən biri olmalıdır. Çünki harada boşluq varsa, onu ya savadsızlıq, ya da xarici radikal çağırışlar doldurur. Azərbaycan mediası belə hallara qarşı vaxtında və qətiyyətlə mübarizə aparır".

D.İsmayılov hesab edir ki, dini sabitlik dedikdə yalnız müxtəlif dini icmalar arasında qarşıdurmanın olmaması nəzərdə tutulmur, dini sabitlik, ilk növbədə, cəmiyyətdə qarşılıqlı hörmətin, vicdan azadlığının, dini müxtəlifliyə dözümlü münasibətin və qanunun aliliyinin təmin olunduğu sağlam ictimai mühit deməkdir:

"Belə bir mühitdə hər bir insan öz dini etiqadını sərbəst şəkildə ifadə edə bilir, eyni zamanda, başqalarının inancına hörmətlə yanaşır. Bu, cəmiyyətin həm mənəvi bütövlüyünün, həm də milli təhlükəsizliyinin mühüm şərtlərindən biridir. Məhz buna görə də dini sabitliyin qorunması təkcə dövlət qurumlarının və ya dini icmaların vəzifəsi deyil. Bu, medianın, təhsil müəssisələrinin, vətəndaş cəmiyyətinin və hər bir məsuliyyətli vətəndaşın ortaq məsuliyyətidir. Media bu prosesdə xüsusi rol oynayır. Çünki cəmiyyətin dini məsələlərə münasibəti əksər hallarda məhz informasiya məkanında formalaşır".

Onun sözlərinə görə, dəqiq, qərəzsiz və peşəkar təqdim olunan informasiya ictimai etimadı möhkəmləndirir, yanlış təsəvvürlərin və radikal çağırışların qarşısını alır:

"Əksinə, yoxlanılmamış məlumatlar, manipulyativ təqdimatlar və dini həssaslıq tələb edən məsələlərə səthi yanaşma cəmiyyətdə gərginlik yarada, dini sabitliyə xələl gətirə bilər. Dövlət informasiya agentliyi kimi bundan sonra da dini mövzuların işıqlandırılmasında dəqiq və balanslı informasiya təqdim olunmasına, cəmiyyətdə sağlam informasiya mühitinin formalaşmasına, milli-mənəvi dəyərlərimizin təbliğinə və ölkəmizdə dini həmrəyliyin möhkəmləndirilməsinə töhfəmizi verməyə davam edəcəyik".

Qeyd edək ki, konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qusar Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunub.

Oxşar xəbərlər

Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşma dayanır
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər