Ramin Məmmədov: Sülh içində birgəyaşayış mədəniyyəti Türk xalqlarının sərvətidir
Far.Az xəbər saytı

Ramin Məmmədov: Sülh içində birgəyaşayış mədəniyyəti Türk xalqlarının sərvətidir


Türk dünyasının minilliklərə söykənən zəngin tarixi, dinindən və etnik mənsubiyyətindən asılı olmayaraq sülh içində birgəyaşayış mədəniyyəti Türk xalqlarının sərvətidir.

"Far.Az" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Müsəlman Dini İdarə Rəhbərləri Şurasının 7-ci görüşü çərçivəsində azərbaycanlı mütəfəkkir və alim şeyx Seyid Yahya Bakuviyə həsr edilmiş Birinci Beynəlxalq elmi-praktiki konfransda deyib.

O qeyd edib ki, müasir dövrün mürəkkəb geostrateji reallıqları, artan islamofobiya, ksenofobiya, dini radikalizm halları və TDT coğrafiyasının qarşılaşdığı yad ideoloji müdaxilələr kimi yeni təhdidlər dövlətlərin qarşısında vahid mövqedən çıxış etmək tələbini qoyur:

"Bu gün əsas məqsədimiz xüsusilə əhalisinin 40 faizindən çoxunu gənclər təşkil edən Türk dünyasını bu cür təsirlərdən qorumaq, gənclərimizə sağlam elmi biliklərə və ənənəvi mənəvi dəyərlərə söykənən düzgün İslam, birgəyaşayış və harmoniya anlayışlarını aşılamaqdır".

Ramin Məmmədov söyləyib ki, TDT-yə üzv ölkələrin dini məsələlərə məsul dövlət qurumları rəhbərlərinin Birinci Görüşünün yekunu kimi Şuşada qəbul edilmiş Kommünike məhz bu hədəflərə çatmaq üçün aydın yol xəritəsidir:

"Sənəddə dövlət-din münasibətlərinin dünyəvilik prinsipləri əsasında tənzimlənməsi, rəqəmsal məkanda radikal məzmunlara və dezinformasiyaya qarşı birgə maarifləndirmə mexanizmlərinin qurulması, eləcə də dini təhsil müəssisələrimiz arasında akademik tərəfdaşlığın genişləndirilməsi vacib istiqamətlər kimi təsbit olunmuşdur. Bu baxımdan, dövlət-din münasibətləri müstəvisində qarşıda duran strateji vəzifələri reallaşdırmağın əsas yolu müasir tələblərə cavab verən ixtisaslı kadrların yetişdirilməsidir".

Komitə sədri xatırladıb ki, Azərbaycanda cəmiyyətin savadlı ilahiyyatçı mütəxəssislərə olan tələbatını ödəmək və ilahiyyat elminin akademik inkişafını təmin etmək ehtiyacını nəzərə alınaraq, Azərbaycan Prezidentinin Sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan İlahiyyat İnstitutu təsis edilib:

"İnstitut öz missiyasına uyğun olaraq, fəaliyyətində şəffaflıq, bitərəflik, yüksək akademik keyfiyyət, tolerantlıq və multikulturalizm prinsiplərini rəhbər tutur. Əsas məqsədimiz milli-mənəvi dəyərlərimizi qorumaqla yanaşı, bütün konfessiyalara hörmətlə yanaşan, elmi biliyə və ictimai məsuliyyət şüuruna malik din xadimləri yetişdirməkdir.

Dövlətin din xadimlərindən gözləntisi yalnız dini ayinlərin icrası ilə məhdudlaşmır. Din xadimləri cəmiyyətin mənəvi sağlamlığının qorunmasında, xüsusilə gənclərin sağlam dini biliklərə yiyələnməsində, tolerantlıq və birgəyaşayış dəyərlərinin təşviqində məsuliyyət daşıyırlar. Onların dini dəyərləri müasir çağırışların mahiyyətini nəzərə alaraq düzgün və elmi əsaslarla izah etmələri, radikal və ekstremist ideologiyalara qarşı maarifləndirmə işində fəal iştirak etmələri və cəmiyyətdə mənəvi həmrəyliyin möhkəmləndirilməsinə töhfə vermələri zəruridir. Din xadimləri cəmiyyətdə xurafat və yad ideoloji təsirlərə qarşı mənəvi sipər olmaq, milli-mənəvi dəyərləri qorumaq və gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək işində çox önəmli missiya yerinə yetirirlər".

R.Məmmədov əlavə edib ki, TDT çərçivəsində müsəlman dini idarələri rəhbərlərinin Şurası xalqların mənəvi birliyinin möhkəmləndirilməsində və islami dəyərlərin təbliğində mühüm fəaliyyət göstərib.

O qeyd edib ki, dini məsələlərə məsul dövlət qurumları arasında formallaşdırılan yeni əməkdaşlıq mexanizmi dini idarələrin dəyərli missiyasını hüquqi, institusional və ideoloji təhlükəsizlik alətləri ilə tamamlayaraq ortaq ideoloji baxışa və sarsılmaz mənəvi həmrəyliyə xidmət edir:

"Dövlətlərarası səviyyədə bu cür səmərəli koordinasiya müasir dövrün təhdidləri, yad ideoloji müdaxilələr, radikalizm və islamofobiya meylləri ilə mübarizə üçün geniş imkanlar yaradır".

Komitə sədri vurğulayıb ki, Azərbaycan İlahiyyat İnstitutunun təşkilatçılığı ilə gələn il ölkədə Seyid Yəhya Bakuvinin irsinə həsr olunmuş beynəlxalq simpoziumun keçirilməsi nəzərdə tutulur:

"Fürsətdən istifadə edərək, sizlərin hər birini bu mötəbər tədbirdə iştirak etməyə dəvət edirəm".

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyev TDT-yə üzv dövlətlərin hökumət başçılarının görüşünün iştirakçılarını qəbul edib
İlham Əliyev Türküstanda TDT-nin qeyri-rəsmi Zirvə görüşündə iştirak edib
İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər