Seyid Yəhya Bakuvi beynəlxalq konfransının iştirakçıları Ağdam, Xocalı, Xankəndi və Şuşada olublar
Far.Az xəbər saytı

Seyid Yəhya Bakuvi beynəlxalq konfransının iştirakçıları Ağdam, Xocalı, Xankəndi və Şuşada olublar


Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin Müsəlman Dini İdarə rəhbərlərinin Bakıda keçirilən 7-ci görüşü çərçivəsində Seyid Yəhya Bakuviyə həsr olunmuş beynəlxalq elmi-praktiki konfransın iştirakçıları Ağdam, Xocalı, Xankəndi və Şuşa şəhərini ziyarət ediblər.

"Far.Az" xəbər verir ki, qonaqlar Ağdam Cümə məscidində Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadənin pişnamazlığı ilə namaz qılıblar. Daha sonra Ağdam Şəhidlər xiyabanı ziyarət edilib, burada şəhidlərin ruhuna dualar oxunub.

Ağdamdan sonra Xocalı şəhərində yerləşən Xocalı Memorial Kompleksinə baş çəkilib.

Xankəndi şəhəri, Xocalı və Ağdərə rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov qonaqlara kompleks haqqında məlumat verib. O qeyd edib ki, Xocalı Memorial Kompleksində Xocalı soyqırımı qurbanlarının xatirəsi əbədiləşdirilib, faciə baş verən gecəyə aid foto və materiallar nümayiş olunur.

Daha sonra din xadimləri Xankəndi şəhərini, orada yerləşən Zəfər meydanı və Zəfər parkı ilə tanış olublar, onlara bu məkanlar barədə ətraflı məlumat verilib. Bildirilib ki, burada Vətən müharibəsində qazanılmış tarixi Zəfərin və Azərbaycan xalqının qəhrəmanlığının əbədiləşdirilməsi məqsədilə mühüm layihələr həyata keçirilib. Nümayəndə heyəti həmçinin Xankəndi şəhərində aparılan genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri ilə tanış olub.

Konfrans iştirakçıları Xankəndidə görülən işlərlə tanışlıqdan məmnunluqlarını ifadə edib, şəhərdə yaradılan şərait və həyata keçirilən layihələrlə bağlı fikirlərini bölüşüblər. Qonaqlar sonra Şuşa şəhərinə yola düşüblər.

Dini liderlər Şuşada Cıdır düzündə, Yuxarı Gövhər Ağa məscidini və tikilməkdə olan Şuşa məscidini ziyarət ediblər.

Azərbaycan Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimov nümayəndə heyətinin diqqətinə çatdırıb ki, 30 ilə yaxın işğal dövründə şəhərdəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra şəhərdə genişmiqyaslı bərpa-quruculuq işlərinə başlanılıb.

Xüsusi nümayəndə qədim Şuşada 17 məhəllənin olduğunu bildirib:

"Hər məhəllədə hamam, məscid və bulaq olub. Qədim məhəllələrdəki tarixi-memarlıq nümunəsi olan bu tikililər, o cümlədən məscidlər də erməni vandalizminə məruz qalıb. Şəhər işğaldan azad olunduqdan sonra Yuxarı Gövhər Ağa, Aşağı Gövhər Ağa, Saatlı, Mamayı və Çöl Qala məscidləri bərpa olunub, Yeni Şuşa məscidinin inşasına başlanılıb".

Şuşa məscidindəki tikinti və layihəsi ilə tanışlıqdan sonra dini liderlərin azad edilmiş ərazilərə səfəri başa çatıb.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
İlham Əliyev Zəngilanda ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb
Bakıda TDT Xəritəçəkmə Qurumları Rəhbərlərinin ikinci iclası keçirilib, bəyannamə qəbul edilib
İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - YENİLƏNİB
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər