700 mindən çox vətəndaşın maaşı arta bilər: Minimum əməkhaqqı ilə bağlı gözlənti
Azərbaycanda ortaaylıq əməkhaqqı 1 200 manat həddinə yaxınlaşır.
Dövlət Statistika Komitəsinin açıqladığı məlumatlara əsasən, bu ilin yanvar-avqust aylarında ölkə üzrə ortaaylıq əməkhaqqı ötən ilin eyni dövrü ilə müqayisədə 7.2% artaraq 1 173 manat təşkil edib.
Əhalinin gəlirlərindəki bu artım dinamikası fonunda ölkə rəhbərliyi tərəfindən növbəti sosial addımın atılacağı gözlənilir. Prezidentin müvafiq tapşırığına əsasən, gələn il ölkədə minimum əməkhaqqının artırılması nəzərdə tutulur. Bəs minimum əməkhaqqının qaldırılması gələn il ortaaylıq əməkhaqqının daha da yüksəlməsinə necə təsir edəcək?
Far.Az mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:
"700 mindən çox vətəndaşın əməkhaqqı artırılacaq"
Millət vəkili Vüqar Bayramov bildirib ki, minimum əməkhaqqının artırılması ölkə üzrə ortaaylıq əməkhaqqı məbləğlərinə birbaşa təsir göstərəcək. Millət vəkilinin sözlərinə görə, gələn il ölkə üzrə ortaaylıq əməkhaqqı məbləğlərində də artımların müşahidə olunacağı gözlənilir:
"Praktiki baxımdan minimum əməkhaqqının artırılması 700 mindən çox vətəndaşın əməkhaqqının artması ilə nəticələnəcək. Bu da ortaaylıq nominal əməkhaqqının artımına təsir göstərən əsas amillərdən birinə çevriləcək. Minimum əməkhaqqı artırıldıqdan sonra Nazirlər Kabineti dövlət idarələrində çalışan, lakin dövlət qulluqçusu olmayan şəxslərin vəzifə maaşlarının artırılması ilə bağlı qərar qəbul edəcək. Bu da minimum əməkhaqqından yüksək maaş alan həmin şəxslərin əməkhaqlarının artmasına səbəb olacaq. Bu baxımdan, gələn il minimum əməkhaqqının artırılmasının ortaaylıq əməkhaqqının artımına birbaşa təsir göstərəcəyi gözlənilir".
"Nisbətən az əməkhaqqı alanların maaşlarının artması prioritetdir"
V.Bayramov bildirib ki, 2027-ci ildə də ortaaylıq əməkhaqqının 1 300 manata, 2030-cu ilədək isə 1 600 manata çatması proqnozlaşdırılıb:
"Təbii ki, əməkhaqqı artımları vətəndaşlarımızın sosial təminatı baxımından çox vacibdir. Çünki bu, onların sosial rifahının yaxşılaşmasına gətirib çıxarır. Xüsusilə nisbətən az əməkhaqqı alan vətəndaşlarımızın maaşlarının artırılması prioritetdir. Cənab Prezident tərəfindən imzalanmış Əmək Məcəlləsinə dəyişikliklərdən sonra minimum əməkhaqqı məbləğinə ildə ən azı bir dəfə baxılması nəzərdə tutulub. Bu da onu göstərir ki, minimum əməkhaqqının və ümumilikdə əməkhaqqı məbləğlərinin mütəmadi artırılmasını müşahidə edəcəyik".
"Özəl sektorda da maaş artımları baş verə bilər"
İqtisadçı ekspert Asif İbrahimov da bildirib ki, növbəti il minimum əməkhaqqının artırılması ölkə üzrə ortaaylıq əməkhaqqının yüksəlməsinə təsir göstərə bilər:
"Hazırda ortaaylıq nominal əməkhaqqı 1 173 manatdır. Gələn il bu göstəricinin 1 200 manatı ötməsi mümkündür. Bunun üçün təxminən 2.3 faiz artım kifayətdir. Ancaq orta əməkhaqqının artımına təkcə minimum əməkhaqqı təsir göstərmir. İqtisadi artım, müəssisələrin gəlirləri, yeni iş yerləri və əmək məhsuldarlığı da mühüm rol oynayır. Minimum əməkhaqqının artırılması ilk növbədə aşağı maaş alan işçilərin gəlirlərini yüksəldəcək. Vahid Tarif Cədvəli ilə çalışanların maaşlarına təsir isə qəbul ediləcək qərardan asılı olacaq. Özəl sektorda da maaş artımları baş verə bilər. Çünki işçilərin əməkhaqqı yüksəldikdə müəssisələr digər əməkhaqqı səviyyələrinə də yenidən baxmağa məcbur qala bilərlər. Lakin bütün müəssisələrin eyni həcmdə artım etməyə maliyyə imkanı yoxdur".
"Qiymətlər yüksələ bilər"
Mütəxəssis əməkhaqqı artımında qarşılaşa biləcəyimiz risklərdən də danışıb:
"İstehsal zəifdir, məhsuldarlıq bir çox sahədə aşağıdır, biznesin xərcləri yüksəkdir. Belə şəraitdə minimum əməkhaqqının artırılması qiymətlərin yüksəlməsinə səbəb ola bilər. Çünki əməkhaqqı fondu məhsul və xidmətlərin maya dəyərinin mühüm hissəsini təşkil edir. İşəgötürənin əməkhaqqı xərcləri artdıqda, həmin xərclərin bir hissəsi məhsul və xidmətlərin qiymətinə əlavə edilə bilər. Nəticədə vətəndaşın maaşı artır, amma aldığı məhsul və xidmətlər də bahalaşır. Əgər qiymətlər maaşlardan daha sürətlə yüksələrsə, insanların real gəlirləri artmayacaq. Bu, xüsusilə ərzaq, nəqliyyat, məişət xidmətləri və gündəlik tələbat mallarının qiymətlərində özünü göstərə bilər. Bahalaşmanın miqyası isə bazardakı rəqabətdən, istehsal xərclərindən və müəssisələrin qiymət siyasətindən asılı olacaq. Avropa Sosial Xartiyası da bu məsələyə diqqət yetirməyi tələb edir. Xartiyanın 4-cü maddəsinin 1-ci bəndi işçilərin özlərinin və ailələrinin layiqli həyat səviyyəsini təmin edən əməkhaqqı almaq hüququnu nəzərdə tutur. Avropa Sosial Hüquqlar Komitəsinin yanaşmasında minimum xalis əməkhaqqının orta xalis əməkhaqqının 60 faizinə çatması mühüm meyar hesab olunur. Bu baxımdan, Azərbaycanda minimum əməkhaqqının müəyyənləşdirilməsi zamanı həmin nisbət də nəzərə alınmalıdır. Məqsəd işçinin maaşı ilə ailəsinin əsas yaşayış ehtiyaclarını qarşılaya bilməsidir".
"Bazarda rəqabəti də gücləndirmək lazımdır"
İqtisadçı vurğulayıb ki, gələn il əməkhaqqının artımına iqtisadi fəallıq, dövlət büdcəsinin imkanları, investisiyalar və qeyri-neft sektorunun inkişafı da təsir göstərəcək:
"Əgər istehsal və xidmətlərin həcmi genişlənər, əmək məhsuldarlığı yüksələrsə, maaşların artması üçün daha sağlam iqtisadi əsas yaranar. Əks halda, müəssisələrin əlavə xərcləri qiymətlərin yüksəlməsinə və yeni iş yerlərinin yaradılmasının çətinləşməsinə səbəb ola bilər. Minimum əməkhaqqının artırılması əhalinin sosial müdafiəsi üçün vacib addımdır. Ancaq iqtisadiyyatımızın mövcud problemləri həll olunmadan bu artımın bahalaşma ilə müşayiət olunması riski yüksək qalır. Maaşları artırmaqla yanaşı, istehsalı genişləndirmək, məhsuldarlığı yüksəltmək və bazarda rəqabəti gücləndirmək lazımdır. Əks halda, vətəndaşın cibinə əlavə pul qoyulacaq, amma qiymət artımı həmin pulun alıcılıq gücünü azaldacaq".
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda ortaaylıq əməkhaqqı artıb - Kim daha çox qazanır?
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İsmayıllıda ölümlə nəticələnən qəzanın səbəbi açıqlandı
-
"Araz-Naxçıvan"ın baş məşqçisi Yuri Maksimov: "Komanda olaraq elə qollar buraxmaq olmaz"
-
"Gəncə" basketbol komandası baş məşqçisi Martin Knejeviçlə yolları ayırıb
-
ABŞ-də süni intellektlərin bloklanması üçün qanun layihəsinin irəli sürülməsinə başlanılıb
-
Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib
-
Füzulidə uşaqlar üçün rəsm üzrə ustad dərsləri və rəsm sərgisi keçirilib













