BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramına (SPECA) daxil olan ölkələrin artan enerji tələbatları təmin edilə bilər.
"Far.Az" xəbər verir ki, bunu Türkmənistanın BMT-nin Genevrədəki ofisində daimi nümayəndəsi, səfir Atageldi Haljanov bu gün Bakıda keçirilən "SPECA regionun qlobal bağlantı qovşağına çevrilməsi" mövzusunda baş tutan SPECA 2023 İqtisadi Forumunda deyib.
Regional əməkdaşlığın vacib istiqamətlərindən birinin energetika olduğunu deyən səfir, beynəlxalq enerji sisteminə yeni regionların və bazarların daxil edilməsinin dünyada sənaye istehsalına böyük təkan verəciyini bildirib.
Onun sözlərinə görə, dayanıqlı enerji getdikcə müasir dünyanın qlobal inkişafında mühüm rol oynamağa başlayır: “Planetin müəyyən regionlarındakı siyasi qeyri-sabitlik, beynəlxalq hüquq mexanizmlərinin olmaması, enerji infrastrukturunun qeyri- kamilliyi ona gətirib ki, bu gün beynəlxalq enerji təchizatı faktiki olaraq qlobal iqtisadiyyatın ən zəif zəncirlərindən birinə çevrilib. Belə olan şəraitdə biz açıq lakin ayrıseçkiliyə imkan verməyən aydın qaydaların olmasının tərəfdarıyıq”.
O qeyd edib ki, bunun üçün də regionunun qarşısında duran ilkin vəzifə effektiv iş birliyinin qurulmasıdır: “Çünki, belə olan halda SPECA ölkələrinin artan enerji tələbatları təmin edilə bilər. Enerji bu gün faktiki olaraq iqtisadi təhlükəsizliyin təhlili üçün mühüm bir amilə çevrilib. Bu mənada enerji təhlükəsizliyinin təmin olunması bizim iqtisadiyyatlarımızın bütün sferalarının sabit və funksional olması üçün çox zəruridir”.
Səfin həmçinin bildirib ki, Türkmənistan "vahid pəncərə" layihəsinin təqdim olunması üçün yekun hazırlıq işləri aparır: “Türkmənistan SPECA ölkələri arasında müasir və bir-biri ilə bağlı multimodal kommunikasiya sisteminin qurulmasının tərəfdarıdır. Əgər belə olarsa, Xəzər dənizində olan limanlardan istifadə edərək Mərkəzi Asiya vasitəsilə yükdaşımalar daha da bərqərar olar”.
O, ayrıca olaraq ticarət və tranzit prosedurların rəqəmsallaşması üzərində dayanaraq qeyd edib ki, bu, nəqliyyat vasitələrinin nəzarət prosedurlarının sadələşdirilməsinin vacib bir hissəsidir: “Burada həm anbar, idxal-ixrac əməliyyatları öz əksini tapır. SPECA ölkələri arasında daha çox ikitərəfli əsaslarla daşınan əmtəələrlə bağlı məlumatların mübadiləsi üzrə razılaşmalar mövcuddur. Bu, bizim gömrük prosedurların daha da sadələşdirir. Bu istiqamətdə biz Azərbaycan və Özbəkistan ilə qarşılıqlı əlaqə qurmuşuq. Qazaxıstan və Tacikistan ilə qanunvericilik əsası var və Qırğızıstan ilə normativ baza ilə bağlı danışıqlar aparırıq”.