Gender bərabərliyi BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramını (SPECA) əhatə edən ölkələrin rəqəmsal transformasiya potensialının katalizatoruna çevrilə bilər.
“Report” xəbər verir ki, bunu SPECA-nın gender və Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə işçi qrupunun sədri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Sədaqət Qəhrəmanova bu gün Bakıda keçirilən "SPECA regionun qlobal bağlantı qovşağına çevrilməsi" mövzusunda iqtisadi forumda bildirib.
Onun sözlərinə görə, əgər SPECA regionu öz potensialından tam istifadə etmək istəyirsə qadınlar iqtisadiyyatda tam təmsil olunmalıdır və qərarların qəbulunda fəal iştirak etməlidirlər: “Dünəndən mən müxtəlif təqdimatları izləyirəm və təəssüf hissi ilə qeyd etməliyəm ki, heç birində gender bərabərliyi öz əksini tapmayıb. Halbuki bizim gender qrupu var. Hər məruzəçi öz layihəsini təqdim edərkən orada gender amilinin olması vacibdir. Bu cür təqdimatlar, hesabatlar mütləq gender təhlilindən keçməlidir. Biz bunu SPECA tərkibində edə bilməsək heç bir yerdə buna nail ola bilməyəcəyik”.
S.Qəhrəmanovanın fikrincə, transformasiyanın məqsədləri o zaman uğurlu ola bilər ki, gender həmin dəyişikliklərdə mərkəzi yer tutsun.
“SPECA ölkələrində DİM-ə nail olmaqdan söhbət gedirsə biz ətraf mühit, ticarət, nəqliyyat sahələrində radikal addımlar atmalıyıq. Qadınlarla kişilər arasında iqtisadı fəaliyyətlə məşğul olmaq dərəcəsi baxımından fərqi aradan qaldırmasaq həmin hədəflərə nail ola bilməyəcəyik. SPECA regionunun qlobal qovşağa çevrilməsi üçün biz ümumi problemlərə razılaşdırılmış yanaşmalar tətbiq etməliyik, gender bərabərliyi burada əksini tapmalıdır. Çünki qadınlarla kişilər arasından gender boşluğu ciddi maneədir. Tədqiqatlar göstərir ki, qadınlar sahibkarlıq sahəsində və biznesin idarəçilik təbəqəsində az təmsil olunur. Əgər SPECA qlobal əlaqələr qovşağına çevrilmək istəyirsə, "heç kəs diqqətdən kənarda qalmamalıdır" prinisipini rəhbər tutmalıdır”,- deyə sədr qeyd edib.