Ermənistanın paytaxtı İrəvanın “Surmalu” ticarət mərkəzinin dağıntıları altından daha bir meyit çıxarılıb.
“Report” yerli mediaya istinadən xəbər verir ki, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Ayk Kostanyan bildirib.
"Xilasedicilər yenicə dağıntılar altından daha bir meyit çıxardılar. Hazırda 8 meyit var. Axtarış və xilasetmə işləri davam edir", - o deyib.
Xatırladaq ki, avqustun 8-də “Surmalu” Ticarət Mərkəzində partlayış nəticəsində 8 nəfər ölüb, itkin düşüb. Axtarışda 350 xilasedici iştirak edir və təxminən 150 könüllü də onlara kömək edir. Zərərçəkənlərin ümumi sayı 61 nəfərdir. Yaralılardan 13-nün müalicəsi müxtəlif xəstəxanalarda davam etdirilir, onların sağlamlıq vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Ermənistanın Daxili İşlər Nazirliyi dünən İrəvanda “Surmalu” ticarət mərkəzində baş verən partlayışda 23 nəfərin itkin düşdüyünü bildirib.
“Report” Ermənistan mətbuatına istinadən xəbər verir ki, onların arasında Rusiyanın 1, İranın 6 vətəndaşı var.
Fövqəladə Hallar Nazirliyi isə ticarət mərkəzində partlayış nəticəsində itkin düşənlərin adlarını açıqlayıb. Məlumata görə, ermənilərlə yanaşı, partlayışda Lyuba Qribova (1959-cu il təvəllüd, Rusiya vətəndaşı), İran vətəndaşları - Məryəm Fathi, Vanya Fathi (2016-cı il təvəllüd), Edris Fathi, (2002-ci il), Kiomars Fathi (1972-ci il), Monira Naderi, Mehri Tahuri itkin düşüblər.