Azərbaycan-Türkiyə I Enerji Forumu çərçivəsində müəyyənləşmiş əməkdaşlıq əlaqələrinin davamı olaraq Azərbaycanın Enerji Məsələlərini Tənzimləmə Agentliyi (AERA) ilə Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK) arasında 2022-ci il üzrə əməkdaşlığa dair hazırlanmış fəaliyyət planının ikinci mərhələsi üzrə görüşlərə start verilib.
AERA-dan “Far.Az-Economics”ə verilən məlumata görə, AERA və EPDK mütəxəssislərinin iştirakı ilə keçirilən görüşdə elektrik şəbəkəsinə qoşulma və sistemdən istifadə qaydaları, elektrik enerjisinin paylanması tariflərinin tənzimlənməsi və enerji itkiləri üzrə yol verilən gəlir həddinə dair Türkiyə təcrübəsi AERA-nın mütəxəssisləri ilə müzakirə edilib.
Görüşdə AERA-nın Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri Hikmət Həsənov və EPDK-nın Strateji inkişaf departamentinin Beynəlxalq əlaqələr qrupunun rəhbəri Mehmet Kürkçü əməkdaşlıq çərçivəsində həyata keçirilən bu kimi görüşlərin əhəmiyyətini vurğulayaraq fəaliyyət planının bu mərhələsi üzrə də təcrübə mübadilələrinin faydalı olacağını bildiriblər.