"İbrahim sazişləri" yenə gündəlikdə - Yaxın Şərqdə yarana biləcək yeni mənzərə - ŞƏRH
Far.Az xəbər saytı

"İbrahim sazişləri" yenə gündəlikdə - Yaxın Şərqdə yarana biləcək yeni mənzərə - ŞƏRH


ABŞ ilə İran İslam Respublikası münasibətlərinin normallaşması Yaxın Şərqdə fərqli ictimai, siyasi, mədəni və iqtisadi mənzərə yarada bilər.

Mayın 25-də ABŞ Prezidenti Donald Tramp öz sosial şəbəkəsi "Truth Social"da bəyan edib ki, İranla müharibənin başa çatdırılması barədə istənilən razılaşmada Səudiyyə Ərəbistanı və Pakistan da daxil olmaqla başqa ölkələr onun ilk prezidentlik dövründə Ştatların təşəbbüsü ilə irəli sürülmüş, İsraillə münasibətlərin normallaşdırılmasına yönəlmiş "İbrahim Sazişləri"nə qoşulmağı nəzərdən keçirməlidir.

O, Səudiyyə Ərəbistanı, Qətər, Pakistan, Türkiyə, Misir və İordaniyanı Yaxın Şərqdə sülh, firavanlığı təmin etmək üçün bu sazişlərə "dərhal" qoşulmalı olan ölkələr adlandırıb: "Birləşmiş Ştatların bu çox mürəkkəb tapmacaları bir araya gətirmək üçün gördüyü bütün işlərdən sonra ən azı bütün bu ölkələrin eyni vaxtda "İbrahim Sazişləri"ni imzalaması zəruridir".

Bu sənədə 2020-ci ildə ilk dəfə Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri qoşulub. Onlardan sonra sazişləri Sudan, Mərakeş, ötən il Qazaxıstan imzalayıb. Bu, ABŞ-nin Yaxın Şərq və Afrikanın şimalındakı ölkələr arasında əməkdaşlığı stimullaşdırmağa cəhdi, habelə İsraillə tamhüquqlu münasibətlərin qurulması yolunda atılan addımlardan biri hesab edilir.

Donald Tramp bir sıra müsəlman ölkəsinin "İbrahim Sazişləri"nə qoşulmasının Yaxın Şərqin çiçəklənməsinə xidmət edəcəyinə əminliyi bildirib. ABŞ lideri İranla sülh razılaşmasının müzakirəsi fonunda müsəlman ölkələrindən olan həmkarları ilə danışıqlar apararaq onları bu müqaviləyə qoşulmağa çağırıb.

Bu müqavilə İsraillə bir sıra ərəb, müsəlman dövlətləri arasında münasibətlərin normallaşdırılmasını nəzərdə tutur. 2020-2021-ci illərdə bu istiqamətdə bir sıra müqavilələr imzalanıb.

Yəhudilik, xristianlıq və islam dinləri İbrahim peyğəmbəri əcdadı sayır. Bu baxımdan, o, birləşdirici amil olaraq tarixi və çağdaş missiyasını yerinə yetirir. Çünki o, çoxallahlığı rədd edən və vahid yaradana imanı elan edən ilk şəxs olub. Hər üç din ona vəhy almış ən böyük peyğəmbər və patriarx kimi ehtiram edir. İbrahim peyğəmbər ortaq mənəvi əcdaddır. O, yəhudi xalqının banisi, xristianlıqda "bütün inananların atası", salehliyi xilasın nümunəsi, islamda Allahın iradəsinə mükəmməl itaətin simvolu, tövhidin banisi və müqəddəs Kəbəni inşa edən şəxs kimi tanınır. İbrahim peyğəmbərin oğulları İshaq (Yaqubun və yəhudi xalqının atası) və İsmayıl (ərəb qəbilələrinin əcdadı) peyğəmbərlik ənənələrinin tarixi və mənəvi kökləri sayılırlar.

Avropa İttifaqı (Aİ) və Böyük Britaniya "İbrahim Sazişləri"ni alqışlamaqla yanaşı, Fələstin-İsrail münaqişəsinin "iki xalq üçün iki dövlət" prinsipi əsasında həllinə sadiqliklərini təsdiqləyiblər. Macarıstan sazişlərin imzalanma mərasiminə öz nümayəndəsini göndərən yeganə Aİ ölkəsi olub.

İran hakimiyyəti isə ərəb ölkələrini İsraillə münasibətlər qurmağa görə kəskin şəkildə pisləyib, sazişləri onların rəhbərlərinin fələstinlilərə qarşı uzun illər davam edən düşmənliyinin davamı kimi qiymətləndirib.

Ərəb ölkələrinin çoxu sazişlərə şərh verməkdən və ya onları birbaşa tənqid etməkdən çəkiniblər.

Fələstin Administrasiyası 2020-ci il sentyabrın 15-ni Fələstin xalqının tarixində "qara gün" adlandırıb. Administrasiya ilə BƏƏ arasında münasibətlər əhəmiyyətli dərəcədə pisləşmiş, Fələstinin baş müftüsü Məhəmməd Hüseyn Ərəb Əmirliklərindən olan zəvvarların "Əl-Əqsa" məscidinə ziyarətini qadağan etmişdi.

O vaxt islamyönlü radikal təşkilatlar və silahlı qruplaşmalar sazişlərə qarşı çıxış etmişdilər. Qətərdə yerləşən Beynəlxalq Müsəlman Alimləri İttifaqının rəhbərliyi İsraillə münasibətlərin normallaşdırılmasının qadağan olduğunu bildirmiş, HƏMAS sazişləri fələstinlilərə xəyanət kimi qəbul etmişdi.

Bununla belə, "İbrahim Sazişləri"nin İsrail ilə bir sıra ərəb ölkələri arasında müdafiə, kiber, iqtisadi, ticarət, investisiyalar sahəsində əməkdaşlığın möhkəmlənməsinə töhfə verdiyinə dair məlumatlar yayılıb.

Bildirilib ki, bu sənəd Yaxın Şərqdə siyasi və iqtisadi dinamikanı dəyişib, həm İsrailə, həm də uyğun ərəb ölkələrinə əhəmiyyətli faydalar gətirib. Məsələn, 2023-cü ildə İsrail ilə "İbrahim Sazişləri"nin iştirakçısı olan ərəb ölkələri arasında ticarət dövriyyəsi 4 mlrd. dolları ötüb, bu da 2022-ci illə müqayisədə 16 %-lik artımdır. İkitərəfli hava əlaqəsi və turizm əhəmiyyətli inkişaf edib.

2023-cü ilin məlumatlarına görə, Sazişlərin qüvvəyə minməsinin ilk üç ili ərzində bir milyondan çox İsrail vətəndaşı BƏƏ-ni ziyarət edib. İsrail müdafiə sahəsində Mərakeşin ən böyük təchizatçılarından birinə çevrilib. Həmçinin Yəməndəki husi qruplaşmasının Əbu-Dabiyə raket zərbəsindən sonra BƏƏ-yə hava hücumundan müdafiə sistemləri tədarük etmişdi.

Prezident Donald Tramp Səudiyyə Ərəbistanının bu sazişlərə qoşulmasına nail olmağa çalışır. Ancaq Krallıq, ilk növbədə, Fələstin dövlətinin yaradılması üçün aydın perspektiv tələb edir. ABŞ lideri İsraillə diplomatik əlaqəsi olmayan, atom silahına malik Pakistan üçün də bu sənədə qoşulmağı prinsipial əhəmiyyətli sayır. "İbrahim Sazişləri"nə digər ərəb ölkələrinin də qoşulmasının zəruriliyi barədə o, mayın 25-də Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Pakistan, Türkiyə, Misir, İordaniya və Bəhreynin liderləri ilə də danışıb.

Tramp Qəzzada sülh planını reallaşdırmaq, Suriyada, İraqda İsrailə qarşı olan rejimləri devirməklə sazişlərin imzalanması yolunda maneələri aradan qaldırır. Bununla belə, yəhudi dövləti rəhbərliyinin müsəlman ölkələrinin daxili işlərinə qarışması, regiondakı bir sıra silahlı qruplara dəstək verməsi, habelə Fələstinlə münasibətlərin normallaşmasında qaneedici addımların atılmaması sazişlərə qoşulma prosesini ləngidir.

Belə ehtimal etmək olar ki, İsrailin müsəlman dövlətləri ilə münasibətləri normallaşdırmaq istiqamətində də xoşməramlı addımlar atması regionda sülh, firavanlıq, əməkdaşlıq, təhlükəsizlik üçün mühüm töhfə olar.

Başqa sözlə, təcrübə göstərib ki, Yaxın Şərqdə güc kimi ortaya çıxaraq bütün tərəfləri öz ətrafında saxlamaq, onlardan yararlanmaq bölgədə dinc-yanaşı yaşamağa, qarşılıqlı anlaşmaya və başqa xoşməramlı fəaliyyətə uyğun gəlmir.

Müsəlman dövlətlərinin İsraillə bağlı münasibətlərini dəyişməsi, qarşı tərəfin də oxşar addımlar atması İbrahim övladlarının birgəyaşayışı üçün vacib addım sayılır. Əks halda, Afrikanın şimalı, Yaxın Şərq davamlı olaraq pozuculuqla məşğul olan üçüncü qüvvələrin meydanına çevriləcək. Bu isə regional dövlətlərin cəmiyyətlərinin bir-birinə yaxınlaşmasını əngəlləyəcək.

Odur ki, ABŞ ilə İran arasında anlaşma, sülh sazişinin imzalanması, əməkdaşlığın bərpası, münasibətlərin normallaşması Yaxın Şərqdə yeni nizam gətirə bilər. Bu, regionda cəbhələşməni, anti-İsrail ovqatını aradan qaldırar.

Donald Trampın "ərəb ölkələri İranla sazişi tarixi hadisəyə çevirməyə hazır olmalıdırlar" açıqlaması da "İbrahim Sazişləri"nin imzalanmasının tezləşdirilməsi üçün ismarış sayıla bilər. O, bir sıra Yaxın Şərq liderlərinin Vaşinqton və Tehran arasında potensial sazişin bağlanmasından sonra İranın "İbrahim Sazişləri"nə qoşulması imkanını dəstəklədiklərini bəyan edib. ABŞ Prezidentinin sözlərinə görə, Tehranla Vaşinqton arasında müzakirə edilən sənəd imzalandıqdan sonra İslam Respublikasının da "İbrahim Sazişləri"nin bir hissəsi olmasını Yaxın Şərq ölkələrinin liderləri məmnunluqla qarşılayacaqlarını bildiriblər: "Bu, böyük, həm də daim münaqişə içində olan ölkələrin indiyədək imzalayacağı ən mühüm saziş olacaq".

Bunlar deməyə əsas verir ki, perspektivdə "İbrahim Sazişləri" Yaxın Şərq regionu sərhədlərini aşa bilər. Ona görə ABŞ ilə İran arasında imzalanma ehtimalı çox olan sülh sazişi ikitərəfli olmaqla yanaşı, qlobal əhəmiyyət də daşıyır.

Oxşar xəbərlər

ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Vətən müharibəsinin başlamasından 4 il ötür
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər