Qusarda milli mətbuatın 151 illiyinə həsr olunmuş konfransın birinci günü başa çatıb
Far.Az xəbər saytı

Qusarda milli mətbuatın 151 illiyinə həsr olunmuş konfransın birinci günü başa çatıb


Qusarda Azərbaycan milli mətbuatının 151 illiyinə həsr olunmuş "Dini mövzuların mediada təqdimatı: dini sabitliyin qorunmasında birgə məsuliyyət" mövzusunda keçirilən konfransın birinci günü yekunlaşıb.

"Far.Az"un Qusara ezam olunmuş müxbiri xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə dövlət qurumlarının nümayəndələri, media təmsilçiləri, din xadimləri, ilahiyyatçılar və ekspertlər iştirak ediblər.

Konfrans Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Tədbirdə Azərbaycanın tolerantlıq ənənələrini, sülh və birgəyaşayış dəyərlərini əks etdirən "Azərbaycan – sülh və harmoniya məkanı" videoçarxı nümayiş olunub. Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun həyata keçirdiyi "Hər məsciddə kitabxana" layihəsi təqdim edilib.

Layihə çərçivəsində bu il ölkənin müxtəlif bölgələrində yerləşən 220 məscidin kitabxana ilə təmin edilməsi nəzərdə tutulur. Tədbir iştirakçılarına, həmçinin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin AMİN İnformasiya Sistemi təqdim olunub. Qeyd edilib ki, sistem Komitənin və tabeliyindəki qurumların fəaliyyətinin, göstərilən xidmətlərin və informasiya resurslarının operativ, şəffaf və əlçatan şəkildə idarə edilməsini təmin etmək məqsədilə yaradılıb.

Açılış mərasimində Qusar Rayon İcra Hakimiyyətinin başçısı Sahir Məmmədxanov və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) İdarə Heyəti sədrinin müavini Dağbəyi İsmayılov, Baku TV-nin direktoru Ramin Cəfərov, APA TV-nin baş direktoru Orxan Məmmədli, Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızı və "ARB 24" telekanalının icraçı direktoru Radik İsmayılov çıxış ediblər.

Konfrans çərçivəsində "Rəqəmsal media və dini diskurs: informasiya manipulyasiyası və dezinformasiya" və "Peşəkarlıq və dini savadlılıq: mənəvi dəyərlərin qorunmasında medianın məsuliyyəti" mövzularında iki panel iclası keçirilib.

Panel müzakirələrində dini mövzuların mediada peşəkar işıqlandırılması, informasiya təhlükəsizliyi, dezinformasiyanın yaratdığı risklər, dini savadlılığın artırılmasında medianın rolu, həssas mövzuların ictimaiyyətə düzgün çatdırılması və dövlət-media əməkdaşlığının inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbir iyulun 17-də Qubada yerləşən dini ibadətgahları əhatə edən mediaturla davam etdiriləcək. Mediatur çərçivəsində iştirakçılar Quba "Cümə" və "Səkinəxanım" məscidləri, "Dağ Yəhudiləri Muzeyi" və "Giləki" sinaqoqu ilə tanış olacaqlar.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Milli mətbuatın 151 illiyinə həsr olunmuş konfransda media nümayəndələri mükafatlandırılıb
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər