Azərbaycan-İran münasibətlərinin düşmənləri: ETTELAAT və Sepah - ŞƏRH
İranın Kəşfiyyat Nazirliyi Azərbaycan mediasına qarşı qərəzli mövqe nümayiş etdirərək Azərbaycan Televiziyasını (AzTV) "düşmən media qurumları" siyahısına daxil etməklə qərəzini gizlətməyib.
Azərbaycanın Medianın İnkişafı Agentliyi (MEDİA) məsələ ilə bağlı yaydığı bəyanatda bildirib ki, nazirliyin bəzi xarici media subyektləri, o cümlədən Azərbaycanın dövlət televiziya kanalı olan AzTV-ni "düşmən media qurumları" siyahısına daxil etməsi və həmin qurumlarla əməkdaşlıq edən şəxslərin cinayət məsuliyyəti ilə hədələnməsi təəccüb doğurur.
Agentlik vurğulayıb ki, qarşılıqlılıq prinsipi nəzərə alınaraq, Azərbaycan milli maraqlarına zidd fəaliyyət göstərən, ölkənin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparan media subyektlərinin – "Səhər" telekanalı və "Mehr" xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin Azərbaycanda fəaliyyəti qanunsuz hesab edilib.
Yeri gəlmişkən, ETTELAAT bu günlərdə məlum məsələ ilə bağlı bildiriş dərc edərək "Casusluq üçün cəzalandırma haqqında" Qanuna uyğun olaraq 44 kütləvi informasiya vasitəsinin, 61 "agentlər tərəfindən idarə olunan kütləvi informasiya vasitəsi"nin, həmçinin 310 səhifə və virtual hesabın siyahısını açıqlayıb.
Həmin siyahıya farsdilli informasiya vasitələri, habelə bir sıra iranlı siyasi xadimlər daxil edilib. Onların arasında HRANA, İran İnsan Hüquqları Təşkilatı, İran İnsan Hüquqları Sənədləşdirmə Mərkəzi, Bəlucistan Fəallarının Kampaniyası kimi ictimai təşkilatlar da var.
Azərbaycanın media subyektinin İranın qanunları ilə ittiham edilməsi gülünc görürünür. Çünki onun İslam Respublikasının qanunları qarşısında heç bir öhdəliyi yoxdur. Ona görə də onu İsrailə casusluqda ittiham edib "düşmən" saymaq məntiqsizdir.
İsraillə 12 günlük müharibədə tutduğu mövqeyə görə AzTV-yə "Sionist rejim və düşmən ölkələrlə milli təhlükəsizlik və maraqlara qarşı casusluq və əməkdaşlığa görə cəzanın sərtləşdirilməsi" ittihamını irəli sürmək ETTALAAT-ın sərhədləri daxilindən kənara çıxmasının göstəricisidir. Onun irəli sürdüyü ittihamlar İran vətəndaşlarına, ona aid mediaya və siyasi, ictimai qüvvələrə, vətəndaş cəmiyyətinin təmsilçilərinə aiddir.
Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında bu kimi məsələlər iki dövlət arasında imzalanan müqavilələr və başqa sənədlərlə tənzimlənir. Məsələn, "Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında dostluq və əməkdaşlıq haqqında birgə bəyannamə" bu iki ölkənin əlaqələrinin inkişafını istiqamətləndirir. Həmin sənəddə vurğulanıb: "Tərəflər öz ərazisində bir-birinin dövlət suverenliyi və ərazi bütövlüyü əleyhinə yönəlmiş təşkilatlar, qruplar və ayrı-ayrı şəxslərin fəaliyyətinin qarşısının alınması ilə bağlı müvafiq tədbirlərin görülməsinə hazır olduqlarını bir daha təsdiq etdilər".
Yayılan məlumatlara görə, ETTALAAT-ın iddialarını İranın Konstitusiya Keşikçiləri Şurası belə bütövlükdə qəbul etməyib, onları "qeyri-müəyyən" hesab edib. 57 hüquqşünas "çoxsaylı konstitusiya prinsiplərinin pozulması"na istinad edərək qətnamə ilə razılaşmadığını bildirib və onun hazırlanmasını, təsdiq edilməsini tələsik, ölkənin hüquq və məhkəmə sistemi üçün "böyük fəlakət" adlandırıb.
Belə qənaətə gəlmək olar ki, ETTELAAT-da Azərbaycana qarşı qüvvələr fəaliyyət göstərir. Çünki AzTV Azərbaycan Respublikasının dövlət maraqlarına uyğun verilişlər yayımlayır. Rəsmi Bakı ilə Tehranın münasibətləri müxtəlif etaplarda soyuq olsa da, düşmən səviyyəsində olmayıb. Bunun üçün Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkianla görüşləri və telefon danışıqları, habelə məktublaşmalarına diqqət etmək kifayətdir. Azərbaycan İrana bütün çətin günlərində - təbii fəlakət, müharibədə humanitar yardım edib. Başqa sözlə, İsrail İranı raket atəşinə tutanda Azərbaycan ölkəyə ilk humanitar yardım göndərib.
İranda baş verənləri ölkəsinin ictimaiyyətinə doğru, qərəzsiz, obyektiv, tərəfsiz çatdırmaq Azərbaycan informasiya vasitələrinin əsas peşə vəzifələrindən, jurnalistin peşə əxlaq kodeksinin başlıca tələblərindəndir.
İran parlamentinin üzvü Kamran Qəzənfəri bu günlərdə bildirmişdi ki, ABŞ ilə müharibə zamanı Azərbaycan hücum etməli idi. O, radikal mühafizəkar dairələrin təmsilçisidir. Qəzənfəri Azərbaycan Respublikasına qarşı bir sıra ittihamlar da irəli sürüb. "Fars" informasiya agentliyi isə onun səkkiz dəqiqəlik antiazərbaycanyönlü çıxışını yayıb. Agentlik bu davranışı ilə əslində İran cəmiyyətində Azərbaycana qarşı təbliğat aparıb. Belə təbliğatı İranda bir qayda olaraq İran İslam İnqilab Keşikçiləri Qvardiyası (Sepah) aparır. Onun rəhbərliyi altında Azərbaycanda dövlət quruluşunun dəyişdirilməsi istiqamətində qruplar belə yaradılır. Belə qruplaşmalar Livandakı "Hizbullah", Suriya və İraqda "Zeynəbiyyun", "Fatimiyyun" kimi təşkilatların bənzəridir.
Azərbaycana qarşı düşmənliyi, İran hakimiyyətinin irəli sürdüyü xoşməramlı qonşuluq prinsiplərinə zidd davranışı Sepah və ona bağlı informasiya vasitələri edirlər. Bu baxımdan, ETTALAAT İslam Respublikası ilə münasibətlərə zərbə vuran İrandakı belə media vasitələrini düşmən elan etsə, daha məntiqli olar. Çünki həmin media Güney Azərbaycan insanlarından Azərbaycan Respublikasına qarşı təbliğatda istifadə edərək onları bir-birinə düşmən etməyə səy göstərir.
Sepahın yaydığı belə xəbərlədən birində Tehran Universitetinin professoru və nüvə danışıqları üzrə keçmiş məsləhətçi Məhəmməd Mərəndi Azərbaycanı İsrail və ABŞ ilə birlikdə İrana qarşı əməliyyatların keçirilməsində iştirakda ittiham edib. Mərəndi Azərbaycanı hakimiyyət dəyişikliyi ilə də hədələyib.
ETTALAAT Məhəmmədrza şah Pəhləvinin hakimiyyəti dövründə yaradılmış SAVAK-ın ("Saziman-e Ettelaat və Amniyat-e Keshvar" – Dövlətin Təhlükəsizliyi və İnformasiya Təşkilatı – deməkdir) varisidir. O, 1957-1979-cu illərdə mövcud olub. 1979-cu ilin fevral inqilabından sonra SAVAK-ın kadrları yeni qüvvələrlə əməkdaşlıq ediblər. Onun idarəetmə sistemi, cəza üsulları və s. özünəməxsusluqları qalıb. Onlar arasında fərq siyasi-ideoloji xətdədir.
Bu baxımdan, ETTALAAT məşhur "düşmən siyahısı"nın hazırlanmasında Sepahın da xətti görünür. Çünki onlar Azərbaycanda "beşinci kolon" yaratmaqla ölkəni Livanın gününə qoymaq istəyirdilər.
Torpaqlarını işğaldan azad edəndə də, ondan sonrakı quruculuq dövründə də Sepahın tabeliyində olan informasiya vasitələri anti-Azərbaycan təbliğat aparır. Təkcə Zəngəzur dəhlizinin açılmasına qarşı çıxışları xatırlamaq yetərlidir.
Belə qənaətə gəlmək olar ki, İran hakimiyyətində Azərbaycan Respublikasına fərqli münasibətlər var. Bunların birinə Prezident Məsud Pezşkian və onun hökuməti, o birinə isə ETTALAAT, Sepah və onların nəzarəti altında olan qüvvələr, media aiddir.
Ona görə belə nəticəyə də gəlmək olar: qonşu dövlətin daxili işlərinə qarışıb, orada "beşinci kolon" yaratmaq istəyən, regional sülhə, əməkdaşlığa problem yaradan ETTALAAT, Sepah və onlara bağlı media orqanları İslam Respublikasına daha çox düşmənlik edirlər. Onların belə fəaliyyəti ölkəni hazırkı çıxılmaz vəziyyətə salıb. Başqa sözlə, ETTALAAT və Sepah İrana qarşı yaranan etimadsızlıq və etibarsızlıqda əsas rol oynayırlar.
Oxşar xəbərlər
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran və Oman Hörmüz boğazından keçən üçüncü dəhlizin açılmasını müzakirə edirlər
-
"Onminlərlə manat vəsait qoymuşuq, iki aydır işləyə bilmirik" - Nərimanovda ərazi niyə hasara alınıb?
-
Ceyranbatanda binanın elektrik şaxtasında yanğın olub - YENİLƏNİB
-
Andrea Pirlo Rusiya ilə əlaqələrinə görə İtaliya millisinə baş məşqçi təyin olunmadı
-
Dövlət Mülki Aviasiya Agentliyi auditor seçib
-
Qəza siqnalı verən ABŞ təyyarəsi Fars körfəzi üzərində uçuşları bərpa edib













