Zaqatalada din xadimləri sosial media və dini maarifləndirmənin rolunu müzakirə ediblər
Far.Az xəbər saytı

Zaqatalada din xadimləri sosial media və dini maarifləndirmənin rolunu müzakirə ediblər


Zaqatala şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Mənəvi Dəyərlərin Təbliği Fondu və İlahiyyat İnstitutunun birgə təşkilatçılığı ilə bölgə din xadimləri və dini icma sədrləri üçün seminar-treninq keçirilib.

"Far.Az" xəbər verir ki, seminar "Peşəkar dini fəaliyyət: müasir çağırışlar kontekstində" mövzusunda keçirilib.

Tədbirdə çıxış edən Fondun icraçı direktoru Vüsal Göyüşov din xadimlərinin peşəkar inkişafının dini maarifləndirmənin səmərəliliyini artırdığını vurğulayıb.

O qeyd edib ki, informasiya texnologiyaları və sosial medianın imkanlarının genişlənməsi onların üzərinə yeni vəzifələr qoyur. Bu baxımdan onlar dini biliklərlə yanaşı, gənclərlə iş, ictimai ünsiyyət və milli-mənəvi dəyərlərin təşviqi sahəsində də bacarıqlarını mütəmadi təkmilləşdirməlidirlər.

Bakı İlahiyyat Kollecinin direktoru, ilahiyyat üzrə fəlsəfə doktoru Mehman İsmayılov "Dini radikalizmlə mübarizədə din xadimlərinin missiyası" adlı məruzə ilə çıxış edib. O bildirib ki, radikalizmin qarşısının alınmasının əsas şərtlərindən biri cəmiyyətin düzgün biliklər əsasında maarifləndirilməsi və sağlam düşüncənin formalaşdırılmasıdır.

O qeyd edib ki, din xadimləri fəaliyyətləri ilə radikal ideologiyaların mahiyyətini izah etməli, xüsusilə gənclər arasında zərərli dini təsirlərə qarşı preventiv maarifləndirmə işi aparmalıdırlar.

İlahiyyat İnstitutunun İslamşünaslıq kafedrasının müəllimi, "İlahiyyat" məscidinin imamı, fəlsəfə üzrə fəlsəfə doktoru Vüqar Səmədov dialoq mədəniyyəti və dini-mənəvi xidmət barədə danışıb. Onun sözlərinə görə, din xadimlərinin cəmiyyətlə etimada əsaslanan münasibətlər qurması, müxtəlif sosial qruplarla qarşılıqlı hörmət prinsipləri əsasında dialoqu inkişaf etdirməsi dini-mənəvi xidmətin keyfiyyətini artıran əsas amillərdəndir.

İnstitutunun Dillər və ictimai fənlər kafedrasının müəllimi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədov bildirib ki, müasir dövrdə görülən işin faydalılığı yalnız ilahiyyat üzrə biliklərin çatdırılması ilə məhdudlaşmır. Eyni zamanda cəmiyyətin müxtəlif təbəqələri ilə düzgün kommunikasiya qurmaq, yeni məlumatlandırma üsullarından istifadə etmək və dövrün çağırışlarını nəzərə almaq bacarığı ilə müəyyən olunur.

Fondun icraçı direktorunun müavini Ceyhun Əliyev sosial medianın dini maarifləndirmədə rolu barədə məruzə edib. O, rəqəmsal platformaların yaratdığı imkanlardan, bu resurslardan düzgün və məsuliyyətli istifadənin əhəmiyyətindən, sosial şəbəkələrdə yayılan dezinformasiya və manipulyativ məzmunlara qarşı mübarizədən bəhs edib.

Vurğulanıb ki, rəqəmsal mühitdə din xadimləri yeni kommunikasiya imkanlarından səmərəli yararlanmalı, eyni zamanda etik prinsiplərə və qanunvericiliyin tələblərinə uyğun davranmalıdırlar.

Oxşar xəbərlər

Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Əhməd İsmayılov: Uğurlarımızın əsasında dövlətin informasiya siyasətinə strateji yanaşma dayanır
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Leyla Əliyeva "Mənzərəyə açılan ev" mövzusunda qrup sərgisində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər