Prezident İlham Əliyevin beynəlxalq arenada ana dilində çıxışı siyasi müstəqilliyimizin göstəricisidir - RƏY
Far.Az xəbər saytı

Prezident İlham Əliyevin beynəlxalq arenada ana dilində çıxışı siyasi müstəqilliyimizin göstəricisidir - RƏY


Bu gün Prezident İlham Əliyevin beynəlxalq platformalarda Azərbaycan dilində çıxış etməsi dövlət dilimizin nüfuzunun və Azərbaycanın siyasi müstəqilliyinin parlaq göstəricisidir.

Bunu "Far.Az"a açıqlamasında Milli Məclisin üzvü filologiya üzrə elmlər doktoru Elnarə Akimova deyib.

Deputat hər il 1 avqustun Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunmasını ana dilinə ehtiramın ifadəsi kimi qiymətləndirib:

"Bu həm də milli kimliyimizi, mənəvi yaddaşımızı və dövlətçilik ənənələrimizi yaşadan ən böyük sərvətlərdən birinin əhəmiyyətini bir daha xatırladır. Çünki dil xalqın tarixini, mədəniyyətini və milli düşüncəsini gələcək nəsillərə daşıyan ən etibarlı körpüdür. Azərbaycan dili əsrlər boyu xalqımızın varlığını qoruyan, zəngin ədəbi irsimizi və milli-mənəvi dəyərlərimizi yaşadan əsas amillərdən biri olub. Məhz bu dil sayəsində xalqımız ən çətin tarixi sınaqlardan üzüağ çıxaraq milli kimliyini və özünəməxsusluğunu qoruyub saxlayıb. Ana dilinə bağlılıq Vətənə, dövlətə və milli köklərə bağlılığın ayrılmaz hissəsidir".

E.Akimovanın sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi dil siyasəti müstəqil Azərbaycanın mühüm dövlətçilik prinsiplərindən birinə çevrilib:

"1 avqustun Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü elan edilməsi də ana dilinin qorunmasına verilən yüksək dövlət qayğısının bariz ifadəsidir. Bu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir".

O, Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində səsləndirdiyi fikirlərin ana dilinin dövlətçilikdəki rolunu bir daha aydın şəkildə ortaya qoyduğunu vurğulayıb:

"Dövlət başçısı vurğuladı ki, Azərbaycan xalqı əsrlər boyu öz milli kimliyini məhz dili, ədəbiyyatı və mədəniyyəti vasitəsilə qoruyub. Bu yanaşma göstərir ki, ana dili təkcə ünsiyyət vasitəsi deyil, milli təhlükəsizliyin, ideoloji bütövlüyün və dövlət müstəqilliyinin mühüm sütunlarından biridir.

Qloballaşma və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə Azərbaycan dilinin saflığını qorumaq, onun elmi, təhsil və informasiya məkanındakı mövqeyini gücləndirmək xüsusi əhəmiyyət daşıyır. Bu məsuliyyət yalnız dövlətin deyil, hər bir vətəndaşın üzərinə düşür. Dilə qayğı gələcəyə qayğıdır".

Filologiya üzrə elmlər doktoru bu gün Prezident İlham Əliyevin beynəlxalq platformalarda Azərbaycan dilində çıxış etməsinin dövlət dilimizin nüfuzunun və Azərbaycanın siyasi müstəqilliyinin parlaq göstəricisi olduğunu ifadə edib:

"Dünyaya öz ana dilində müraciət edən lider əslində xalqının kimliyinə, mədəniyyətinə və dövlətçiliyinə verdiyi dəyəri nümayiş etdirir. Azərbaycan dili bizim ən böyük mənəvi sərvətimizdir. Onu qorumaq, zənginləşdirmək və gələcək nəsillərə saf şəkildə ötürmək hər birimizin borcudur. Ana dilimiz yaşadıqca milli kimliyimiz yaşayacaq, milli kimliyimiz yaşadıqca isə Azərbaycan dövlətçiliyi daha da möhkəmlənəcək. Məhz buna görə də 1 avqust təkcə dil bayramı deyil, milli varlığımıza, dövlətçiliyimizə və gələcəyimizə sədaqətin təntənəsidir".

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyevin beynəlxalq arenada ana dilində çıxışı dövlətçiliyimizin göstəricisidir - RƏY
Xocalı Soyqırımı Memorialı: Tarixi yaddaşımızı əbədiləşdirən yeni məkan - FOTOREPORTAJ
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər