Tahir Mirkişili: Naxçıvanın kommunikasiya qovşağına çevrilməsi regionda sülhü və inkşafı gücləndirəcək
Far.Az xəbər saytı

Tahir Mirkişili: Naxçıvanın kommunikasiya qovşağına çevrilməsi regionda sülhü və inkşafı gücləndirəcək


Regional baxımdan Naxçıvanın kommunikasiya qovşağına çevrilməsi Cənubi Qafqazda uzunmüddətli sülhün iqtisadi əsaslarını və ümumi inkişafı gücləndirəcək.

Bu fikirləri "Report"a açıqlamasında Milli Məclisin üzvü Tahir Mirkişili deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Naxçıvana səfəri muxtar respublikanın sosial-iqtisadi inkişafı ilə yanaşı, Azərbaycanın yeni regional və geoiqtisadi strategiyasının mahiyyətini nümayiş etdirən mühüm siyasi hadisədir:

"Səfər zamanı verilən mesajlar göstərir ki, Naxçıvan artıq yalnız Azərbaycanın ayrılmaz bir hissəsi və xüsusi coğrafi mövqeyə malik bölgə kimi deyil, Cənubi Qafqazın yeni nəqliyyat, enerji və iqtisadi arxitekturasının əsas dayaqlarından biri kimi nəzərdən keçirilir.

Naxçıvanın strateji əhəmiyyətini müəyyən edən başlıca amillərdən biri, təbii olaraq, onun coğrafi mövqeyidir. Azərbaycanı Türkiyə və daha geniş mənada Avropa ilə birləşdirən, eyni zamanda, Mərkəzi Asiya–Cənubi Qafqaz–Türkiyə xəttində yerləşən Naxçıvan Şərq-Qərb nəqliyyat sistemində mühüm həlqəyə çevrilmək potensialına malikdir. Zəngəzur dəhlizi, TRIPP marşrutunun reallaşması bu potensialı tamamilə yeni səviyyəyə qaldıracaq. Dəmiryol və avtomobil yolları ilə yanaşı, elektrik ötürücü xətlərin, fiber-optik infrastrukturların və gələcəkdə digər enerji kommunikasiya xətlərinin yaradılması Naxçıvanı sadəcə tranzit ərazidən çoxfunksiyalı regional bağlantı mərkəzinə çevirə bilər".

Tahir Mirkişili
Deputat qeyd edib ki, bu baxımdan, dövlət başçısının Naxçıvanda dəmir yolu infrastrukturunun yenidən qurulması, yükdaşıma imkanlarının dəfələrlə artırılması və beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiyası ilə bağlı açıqlamaları xüsusi əhəmiyyət daşıyır:

"Hesab edirəm ki, yeni infrastruktur Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında birbaşa əlaqəni təmin etməklə yanaşı, Mərkəzi Asiyadan Türkiyə və Avropa istiqamətinə uzanan Orta Dəhlizin əlavə və daha dayanıqlı marşrutunu formalaşdıracaq.

Naxçıvanın yeni rolunun digər mühüm istiqaməti energetikadır. Günəş enerjisi potensialı, yeni generasiya gücləri və enerji saxlanc sistemlərinin yaradılması muxtar respublikanın enerji balansını əsaslı şəkildə dəyişəcəkdir. Perspektivdə Naxçıvanın enerji istehlakçısından "yaşıl enerji" istehsal və ixrac edən regiona çevrilməsi həm Azərbaycanın enerji strategiyasına, həm də Türkiyə və Avropanın enerji təhlükəsizliyi gündəliyinə əlavə töhfə verə bilər".

O, Prezidentin irəli sürdüyü Naxçıvan–Şərqi Zəngəzur–Qarabağ vahid inkişaf məkanı yanaşmasısın xüsusi strateji məna daşıdığını ifadə edib:

"Bu konsepsiya ayrı-ayrı regionların inkişafından daha geniş bir modeldir. Söhbət nəqliyyat, enerji, sənaye, kənd təsərrüfatı, turizm və şəhərsalmanın vahid iqtisadi məkan daxilində əlaqələndirilməsindən gedir. Belə yanaşma Azərbaycanın qərb bölgələrindən Naxçıvana qədər uzanan yeni iqtisadi inkişaf oxunun formalaşmasına şərait yaradaraq Azərbaycanın qərb hissəsində güclü iqtisadi inkişaf mərkəzin yaranmasına gətirib çıxaracaqdır.

Regional baxımdan Naxçıvanın kommunikasiya qovşağına çevrilməsi Cənubi Qafqazda uzunmüddətli sülhün iqtisadi əsaslarını da gücləndirə bilər. Azərbaycan-Ermənistan arasında nəqliyyat yollarının açılması və qarşılıqlı iqtisadi əməkdaşlığın artması region ölkələrinin əməkdaşlıqdan əldə etdikləri dividendləri yüksəldir. Bu isə münaqişə məntiqinin tədricən əməkdaşlıq və iqtisadi qarşılıqlı maraqlar məntiqi ilə əvəz olunması üçün mühüm zəmin yaradır".

T.Mirkişilinin sözlərinə görə, qlobal miqyasda isə Naxçıvanın əhəmiyyəti Avrasiya boyunca alternativ və şaxələndirilmiş nəqliyyat marşrutlarına artan tələbat fonunda daha da yüksəlir.

"Beləliklə, Prezident İlham Əliyevin Naxçıvan səfəri təkcə regionda həyata keçirilən layihələrin təqdimatı deyil. Bu səfər Naxçıvanın Azərbaycanın iqtisadi və siyasi xəritəsində yeni mərhələyə keçdiyini, onun regional nəqliyyat, enerji və iqtisadi inteqrasiyanın əsas mərkəzlərindən birinə çevrilməkdə olduğunu nümayiş etdirir. Naxçıvanın inkişafı artıq lokal məsələ deyil, bu proses Azərbaycanın geoiqtisadi çəkisinin artması, Cənubi Qafqazda yeni əməkdaşlıq modelinin qurulması və Avrasiya bağlantılarının genişlənməsi baxımından strateji əhəmiyyət daşıyır", - deputat vurğulayıb.

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər