Naxçıvanın inkişafı Azərbaycanın ümumi regional strategiyasına əsaslanır - RƏY
Prezident İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Azərbaycan Televiziyasına verdiyi müsahibə təkcə Naxçıvanın sosial-iqtisadi inkişafına dair görülən işlərin təqdimatı deyil, həm də Azərbaycanın yaxın və orta perspektiv üçün strateji hədəflərini ortaya qoyan mühüm siyasi mesajlar toplusudur.
Bunu "Report"a açıqlamasında Milli Məclisin deputatı Vasif Qafarov deyib.
Onun sözlərinə görə, müsahibədə səsləndirilən fikirlər göstərir ki, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Naxçıvan ölkənin nəqliyyat, enerji, iqtisadi və geosiyasi imkanlarını genişləndirən mühüm strateji mərkəz kimi nəzərdən keçirilir:
"Müsahibənin diqqət çəkən məqamlarından biri Naxçıvanın təhlükəsizliyinin və müdafiə potensialının gücləndirilməsi məsələsidir. Prezidentin vurğuladığı kimi, Naxçıvanın coğrafi xüsusiyyətləri onun təhlükəsizliyinə xüsusi diqqət tələb edir. Əlahiddə Ümumqoşun Ordunun yaradılması, müasir hərbi texnika ilə təchizat və komando qüvvələrinin formalaşdırılması Azərbaycanın bu istiqamətdə uzunmüddətli və sistemli siyasət həyata keçirdiyini göstərir. Bu yanaşma Naxçıvanın təhlükəsizliyini təmin etməklə yanaşı, həm də Azərbaycanın regiondakı hərbi-strateji mövqeyinin möhkəmləndirilməsinə xidmət edir".
Deputat vurğulayıb ki, dövlət başçısının müsahibəsində Naxçıvanın enerji təhlükəsizliyinə xüsusi yer ayrılması da təsadüfi deyil:
"300 meqavat gücündə istilik elektrik stansiyasının, yeni Günəş Elektrik stansiyalarının və gələcəkdə yüzlərlə meqavatlıq bərpaolunan enerji layihələrinin həyata keçirilməsi Naxçıvanı yalnız enerji ilə təmin olunan deyil, gələcəkdə enerji ixrac edən regiona çevirmək məqsədinin olduğunu nümayiş etdirir. Prezidentin qeyd etdiyi 500 meqavatdan 1000 meqavata qədər Günəş enerjisi istehsalı potensialı Naxçıvanın yaşıl enerji baxımından strateji əhəmiyyətini daha da artırır. Bu baxımdan, Naxçıvanın enerji siyasəti Azərbaycanın ümumi enerji strategiyasının tərkib hissəsi kimi qiymətləndirilməlidir".
"Naxçıvanın Türkiyə və İranla enerji bağlantılarının mövcudluğu, gələcəkdə isə Avropa istiqamətində imkanların genişləndirilməsi Azərbaycanın enerji diplomatiyasına əlavə üstünlüklər qazandıra bilər. Müsahibədəki ən mühüm siyasi-strateji mesajlarından biri isə Zəngəzur dəhlizi ilə bağlıdır. Prezidentin səsləndirdiyi fikirlərdən aydın görünür ki, Azərbaycan bu layihəyə yalnız nəqliyyat xətti kimi yanaşmır. Dəhlizin dəmir yolu və avtomobil yolu ilə yanaşı, elektrik enerjisi, fiber-optik rabitə və gələcəkdə digər kommunikasiya xətlərini də əhatə edə biləcək çoxfunksiyalı regional bağlantı kimi formalaşdırılması nəzərdə tutulur. Bu isə Zəngəzur dəhlizinin əhəmiyyətini adi nəqliyyat layihəsi səviyyəsindən çıxararaq regional inteqrasiyanın mühüm elementinə çevirir".
Deputatın fikrincə, müsahibədə diqqəti xüsusi cəlb edən məqam Azərbaycanın Naxçıvan istiqamətində öz infrastruktur layihələrini Ermənistandakı proseslərdən asılı vəziyyətdə saxlamamasının vurğulanmasıdır:
"Naxçıvan dəmir yolunun bərpası və modernləşdirilməsi, yükdaşıma qabiliyyətinin gələcəkdə 15 milyon tona çatdırılması ilə bağlı planlar Azərbaycanın qabaqlayıcı və təşəbbüskar siyasət apardığını göstərir. Prezidentin "vaxt itirmək istəmirik" mesajı bu siyasətin əsas prinsipini ifadə edir: Azərbaycan regional layihələrin həyata keçirilməsində passiv gözləyən tərəf deyil, prosesləri formalaşdıran əsas aktorlardan biridir. Digər mühüm məqam Naxçıvanın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən mühüm logistika mərkəzinə çevrilmə perspektividir. Zəngəzur bağlantısının reallaşması Naxçıvanı Azərbaycan, Türkiyə, İran və daha geniş Avrasiya məkanını birləşdirən mühüm tranzit qovşağına çevirə bilər. Bu isə yeni investisiyaların cəlb olunması, yükdaşımaların həcminin artması, yeni iş yerlərinin yaradılması və regionda iqtisadi fəallığın yüksəlməsi baxımından ciddi imkanlar yaradır".
V.Qafarov qeyd edib ki, müsahibənin digər mühüm istiqaməti Naxçıvanın iqtisadi inkişafının konkret layihələr üzərindən təqdim edilməsidir:
"Naxçıvan Sənaye Parkının yaradılması, yeni enerji obyektlərinin tikintisi, kənd təsərrüfatı və suvarma layihələrinin həyata keçirilməsi, yol infrastrukturunun yenilənməsi, müasir ictimai nəqliyyatın tətbiqi və yeni sosial obyektlərin yaradılması regionun iqtisadi modelinin şaxələndirilməsinə xidmət edir. Xüsusilə Sənaye Parkının yaradılması yeni istehsal sahələrinin və iş yerlərinin formalaşmasına mühüm təkan verə bilər. Burada dövlətin sosial siyasəti də diqqətdən kənarda qalmır. DOST Mərkəzinin fəaliyyətə başlaması, yeni sosial infrastrukturun yaradılması, 217 müasir rayonlararası avtobusun alınmasının nəzərdə tutulması və yüzlərlə kilometr kənd yollarının tikintisi və təmiri ilə bağlı planlar Naxçıvanın inkişafının yalnız makroiqtisadi göstəricilərlə məhdudlaşmadığını təsdiqləyir. Burada əsas məqsəd iqtisadi inkişafı insanların gündəlik həyatında hiss olunan sosial rifah artımı ilə tamamlamaqdır.
Müsahibədə Naxçıvanın Qarabağ və Şərqi Zəngəzurla vahid inkişaf konsepsiyasında nəzərdən keçirilməsi də strateji baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu yanaşma Azərbaycanın müxtəlif regionlarının inkişafını ayrı-ayrı layihələr kimi deyil, bir-birini tamamlayan vahid iqtisadi və infrastruktur sistem kimi formalaşdırmaq məqsədini nümayiş etdirir. Naxçıvan, Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji, nəqliyyat, logistika və müasir idarəetmə imkanları baxımından paralel inkişaf etdirilməsi Azərbaycanın gələcək regional inkişaf modelinin mühüm istiqamətlərindən biri kimi görünür".
Deputatın sözlərinə görə, dövlət başçısının müsahibəsindən əldə olunan ən mühüm nəticə Naxçıvanın inkişafının Azərbaycanın ümumi regional strategiyasından kənarda olmamasının diqqətə çatdırılmasıdır:
"Əksinə, Naxçıvanın inkişafı Zəngəzur dəhlizi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları, yaşıl enerji layihələri, həmçinin Türkiyə, İran və Avropa ilə iqtisadi əlaqələrin genişləndirilməsi ilə birbaşa əlaqələndirilir. Bu baxımdan, Prezident İlham Əliyevin müsahibəsi Naxçıvanın bugünkü vəziyyətinin qiymətləndirilməsindən daha çox, onun gələcəkdə Azərbaycanın regional və beynəlxalq iqtisadi mövqelərinin möhkəmləndirilməsində oynayacağı rolun konseptual təqdimatı kimi dəyərləndirilə bilər. Səsləndirilən fikirlər Azərbaycanın regional təşəbbüslərdə aparıcı mövqeyini qorumaq, ölkənin milli təhlükəsizliyini və enerji müstəqilliyini möhkəmləndirmək, nəqliyyat imkanlarını genişləndirmək və Naxçıvanı yeni iqtisadi imkanların mərkəzinə çevirmək istiqamətində ardıcıl dövlət siyasətinin davam etdirildiyini göstərir".
Oxşar xəbərlər
Zakir Həsənov Əlahiddə Ümumqoşun Ordunun döyüş hazırlığını yoxlayıb
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Everton" və "Kristal Pelas" klubları futbolçu mübadiləsi həyata keçiriblər
-
Dərnəgül istiqamətində gedənlərin DİQQƏTİNƏ: Təhlükə var
-
"Neftçi" klub tarixinin ən bahalı satışını edir
-
Göygöldə 64 yaşlı kişi çaya yıxılaraq ölüb
-
ABŞ hərbçiləri Oman körfəzində yük gəmisini vurub
-
Sədərək-Binə yolunda lampa daşıyan yük maşını kül oldu













