Gənclər Evlərinin direktor və əməkdaşları üçün "Media Akademiyası" təşkil olunub
Far.Az xəbər saytı

Gənclər Evlərinin direktor və əməkdaşları üçün "Media Akademiyası" təşkil olunub


Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Qazax şəhərində Gənclər Evlərinin direktorları, əməkdaşları və könüllü gənclərin iştirakı ilə "Media Akademiyası" adlı üç günlük təlim düşərgəsi keçirilib.

Far.Az xəbər verir ki, müasir informasiya mühitində düzgün, operativ və peşəkar kommunikasiyanın əhəmiyyətinin artdığı bir dövrdə təşkil olunan layihənin əsas məqsədi Gənclər Evlərinin media və kommunikasiya imkanlarını gücləndirmək, əməkdaş və könüllülərin informasiya ilə işləmək, rəqəmsal platformalardan səmərəli istifadə etmək və həyata keçirilən layihə və təşəbbüsləri daha effektiv şəkildə ictimaiyyətə təqdim etmək bacarıqlarını inkişaf etdirmək olub.

Düşərgə çərçivəsində iştirakçılar media ilə əlaqələrin qurulması, sosial media idarəçiliyi, vizual kommunikasiya və böhran vəziyyətlərində effektiv informasiya siyasəti üzrə nəzəri və praktiki biliklər əldə ediblər.

Təlim proqramının ilk sessiyasında "Press-relizlərin hazırlanması və informasiya təhlükəsizliyi" mövzusu diqqət mərkəzində olub. "Yurd.media" informasiya portalının baş redaktoru Murad Əliyev iştirakçılara informasiyanın düzgün hazırlanması və təqdim edilməsi, press-relizin əsas prinsipləri, media ilə iş və informasiya təhlükəsizliyi məsələləri barədə məlumat verib.

İctimai Televiziya və Radio Yayımları Şirkətinin İctimai-siyasi proqramlar departamentinin direktor müavini Araz Balayev tərəfindən keçirilən "Sosial medianın effektiv idarə edilməsi" sessiyasında isə sosial media strategiyasının hazırlanması, auditoriyanın marağına uyğun məzmunun formalaşdırılması və rəqəmsal platformalarda effektiv kommunikasiya üsulları müzakirə olunub.

ARB24 telekanalının icraçı direktoru Elnur Şibliyev "Televiziya kommunikasiyası və effektiv vizual informasiya idarəçiliyi" mövzusunda keçirilən sessiyada iştirakçılarla televiziya mediası ilə əməkdaşlığın xüsusiyyətlərini bölüşüb, kamera qarşısında çıxış və vizual kontentin hazırlanması ilə bağlı praktiki tövsiyələr verib.

Layihənin yekun sessiyasında "Media Akademiyası" layihəsinin rəhbəri, jurnalist Xanlar Mehdiyev "Media kommunikasiyası və böhran kommunikasiyasının effektiv idarə edilməsi" mövzusunda təlim keçib. Sessiyada böhran zamanı düzgün kommunikasiya strategiyasının qurulması, operativ qərarvermə, informasiyanın çevik idarə olunması və media ilə effektiv əməkdaşlığın əhəmiyyəti diqqətə çatdırılıb.

Sonda iştirakçılar real kommunikasiya situasiyaları və praktiki tapşırıqlar üzərində işləyiblər.

Oxşar xəbərlər

İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Gürcüstanda Azərbaycan və Türkiyədən olan gənclərin iştirakı ilə beynəlxalq düşərgə keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər