Heydər məscidinin imamı: Ermənistanın işğalı dövründə Azərbaycanın dini və mədəni irsinə ciddi ziyan dəyib
Far.Az xəbər saytı

Heydər məscidinin imamı: Ermənistanın işğalı dövründə Azərbaycanın dini və mədəni irsinə ciddi ziyan dəyib


"İslam tarixinə nəzər saldıqda görürük ki, İslamın ilkin dövrlərində bu dini qəbul edən müxtəlif dinlərin nümayəndələri müsəlman cəmiyyətinin bir parçasına çevrilmiş, İslamı qəbul etməyən qeyri-müsəlman icmaların isə müəyyən hüquqları qorunmuş və onlardan mövcud hüquqi sistem çərçivəsində cizyə vergisi alınmışdır.

İslam dini insanlara sevgi, mərhəmət və ədalətlə yanaşmağı, bəşəri münasibətlərdə şəfqəti əsas götürməyi tövsiyə edir. Tarixin müxtəlif dövrlərində İslamı gözdən salmaq və insanlar arasında bu dinə qarşı qorxu və mənfi münasibət formalaşdırmaq məqsədilə müxtəlif qarayaxma kampaniyaları aparılmışdır. Lakin bütün bunlara baxmayaraq, İslam dini on dörd əsrdən artıq bir müddətdə öz əsas dəyərlərini qoruyub saxlamış və müxtəlif dövrlərdə milyonlarla insanın mənəvi həyatında mühüm yer tutmuşdur.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsi Qazılar Şurasının üzvü, Heydər məscidinin imamı ilahiyyatçı Rüfət Qarayev Far.Az-ə açıqlamasında bildirib. Onun sözlərinə görə, əhalisinin böyük əksəriyyəti müsəlman olan Azərbaycan xalqı da əsrlər boyu İslam mədəniyyətini və onun mənəvi dəyərlərini mənimsəmiş, sülh, qardaşlıq, birlik və həmrəylik prinsiplərinə önəm vermişdir.

"İslam digər dinlərin nümayəndələrinə hörmətlə yanaşmağı, insanları dini mənsubiyyətlərinə görə alçaltmamağı və onlara yuxarıdan aşağı baxmamağı tövsiyə edir. Nəticə etibarilə, hansı dinə mənsub olmasından asılı olmayaraq, hər bir insan Allahın yaratdığı bir varlıqdır. İnsan Rəbbimizin yer üzündə yaratdığı ən böyük sənət əsərlərindən biridir. İnsanı dəyərdən salan onun dini və ya milli mənsubiyyəti deyil, mənfur niyyətləri və yanlış əməlləridir", - deyə ilahiyyatçı bildirib.

Rüfət Qarayev həmçinin vurğulayıb ki, Azərbaycan xalqı tarixən müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrinin birgə yaşadığı bir cəmiyyət formalaşdırmış, digər dinlərin mənsublarına və onların dini-mədəni irsinə hörmətlə yanaşma ənənəsini qorumağa çalışmışdır:

"Lakin təəssüflə qeyd etmək lazımdır ki, Ermənistanın işğalı dövründə Azərbaycanın dini və mədəni irsinə ciddi ziyan dəymişdir. Azərbaycan dövlətinin açıqladığı rəsmi məlumatlara əsasən, işğal altında olmuş ərazilərdə mövcud olan 67 məsciddən 65-i tamamilə dağıdılmış, qalan 2 məscid isə ciddi şəkildə zədələnmişdir. Alban dini-mədəni irsinə aid abidələrin taleyi və mənsubiyyəti ilə bağlı da Azərbaycan və Ermənistan arasında uzun illərdir ciddi mübahisələr mövcuddur.

Bütün bunlar dini və mədəni irsə münasibətdə sülhün, qarşılıqlı hörmətin və tarixi abidələrin qorunmasının nə qədər mühüm olduğunu bir daha göstərir. Bizim üçün əsas prinsip insanların dini və milli mənsubiyyətinə deyil, onların əməllərinə qiymət vermək, öz dini-mənəvi dəyərlərimizi qorumaqla yanaşı, başqalarının inanc və müqəddəslərinə də hörmətlə yanaşmaq olmalıdır".

Ziya SƏCCAD

Oxşar xəbərlər

Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Kiyevə raket hücumu zamanı Azərbaycanın Ukraynadakı səfirliyinə ciddi ziyan dəyib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər