Saatlıda "Regionlarda kibertəhlükəsizlik məsələləri" mövzusunda konfrans keçirilib
Far.Az xəbər saytı

Saatlıda "Regionlarda kibertəhlükəsizlik məsələləri" mövzusunda konfrans keçirilib


Bu gün Saatlı rayonunda Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının və Saatlı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 20 Sentyabr – Dövlət Suverenliyi Gününə həsr olunmuş "Regionlarda kibertəhlükəsizlik məsələləri" mövzusunda konfrans keçirilib.

"Report" xəbər verir ki, konfrans Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə həyata keçirilən layihə çərçivəsində təşkil olunub və AKTA üzvü olan "Cybersign" şirkətinin tərəfdaşlığı ilə keçirilib.

Tədbirin əsas məqsədi regionlarda kibertəhlükəsizlik sahəsində mövcud vəziyyət və çağırışları müzakirə etmək, rəqəmsal təhlükəsizliyin gücləndirilməsi üçün zəruri tədbirləri müəyyənləşdirmək, eləcə də aidiyyəti qurumlar və ekspertlər arasında əməkdaşlığı genişləndirmək olub.

Konfransın açılışında Saatlı Rayon İcra Hakimiyyətinin başçısının müavini Mehriban Ağayeva, AKTA-nın İcraçı direktoru Rauf Cabarov və "Cyberpoint" şirkətinin direktoru, AKTA İdarə Heyətinin üzvü Elvin Balacanov çıxış ediblər. Çıxışlarda regionlarda rəqəmsal təhlükəsizliyin gücləndirilməsinin əhəmiyyəti, kibertəhlükəsizlik üzrə maarifləndirmənin genişləndirilməsi, müasir kibertəhdidlərə qarşı mübarizə və bu istiqamətdə qurumlararası əməkdaşlığın inkişaf etdirilməsi məsələləri diqqətə çatdırılıb.

Daha sonra "Cybersign" şirkətinin direktoru və layihə rəhbəri Elvin Axundov "Regionlarda kibertəhlükəsizlik məsələləri" layihəsinin icrası, görülən işlər və əldə olunan nəticələr barədə təqdimatla çıxış edib.

Tədbirdə Mil-Muğan regionuna daxil olan rayonların rəsmi nümayəndələri iştirak edərək regionda kibertəhlükəsizlik sahəsində mövcud vəziyyət, qarşılaşdıqları əsas çağırışlar və onları narahat edən kibertəhdidlər barədə fikirlərini bölüşüblər. Müzakirələr zamanı regionlarda rəqəmsal təhlükəsizliyin təmin olunması və yerli səviyyədə görülə biləcək tədbirlərlə bağlı fikir mübadiləsi aparılıb.

Konfransın ekspert sessiyasında AKTA eksperti Lalə Kərimova əhalinin kibertəhlükəsizlik üzrə maarifləndirmə və hazırlıq səviyyəsinin qiymətləndirilməsi məqsədilə aparılan sorğunun nəticələrini təqdim edib. AKTA eksperti, "YER.az" şirkətinin təsisçisi və direktoru Rəşad Əliyev isə sahəvi rəqəmsal təhlükəsizlik məsələlərinə toxunaraq müasir kibertəhdidlər və onların qarşısının alınması ilə bağlı aktual məqamları iştirakçıların diqqətinə çatdırıb.

Tədbirin interaktiv hissəsində iştirakçıların kibertəhlükəsizlik üzrə bilik və bacarıqlarının yoxlanılması məqsədilə "Kibertəhlükəsizlik simulyasiyası" viktorinası keçirilib. Sual-cavab sessiyasında isə AKTA ekspertləri Sadiq İsmayılov, Nicat Cahangirov və "Flex" şirkətinin direktoru Fuad Bəkirov iştirakçıların suallarını cavablandıraraq, regionlarda rəqəmsal təhlükəsizlik, müasir kibertəhdidlər və təhlükəsiz rəqəmsal davranış qaydaları ilə bağlı tövsiyələrini bölüşüblər.

Konfrans çərçivəsində layihənin həyata keçirilməsinə göstərilən dəstəyə görə təşəkkür sertifikatları təqdim olunub. Həmçinin, layihə çərçivəsində AKTA üzvü olan "Cybersign" şirkətinin dəstəyi ilə keçirilən təlimləri uğurla tamamlayan iştirakçıların eyniadlı şirkətdə işlə təmin olunması və regionda fəaliyyət göstərərək yerli kadr potensialının inkişafına, eləcə də regionun kibertəhlükəsizlik hazırlığının gücləndirilməsinə töhfə verməsi qeyd edilib.

Tədbir çərçivəsində bilik və təcrübələrini iştirakçılarla bölüşən 7 təlimçiyə və təlim proqramını uğurla tamamlayan 21 iştirakçıya sertifikatlar təqdim olunub. Təlim proqramını başa vuran iştirakçılar Cisco Şəbəkə Akademiyasının "Kibertəhlükəsizliyin əsasları" mövzusu üzrə beynəlxalq sertifikatlarına layiq görülüblər.

Konfrans regionlarda kibertəhlükəsizlik sahəsində maarifləndirmənin genişləndirilməsi, yerli kadr potensialının gücləndirilməsi, dövlət qurumları, yerli strukturlar və ekspertlər arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün mühüm müzakirə və təcrübə mübadiləsi imkanları yaradıb.

Qeyd edək ki, konfrans Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə keçirilən "Regionlarda kibertəhlükəsizlik məsələləri" layihəsinin yekun tədbiri olaraq baş tutub.

Oxşar xəbərlər

Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
İlham Əliyev Ağdamda 2-ci yaşayış kompleksinin açılışında iştirak edib
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev Bakının İslam Səfərli küçəsinin yenidənqurmadan sonra açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər