Türkiyənin sosial media seqmentində Azərbaycanın dünyəvi dövlət modelinə dəstək
Güclü Azərbaycan Türkiyə üçün nə deməkdir?: bərabərhüquqlu müttəfiq, yoxsa hər qərarını əvvəlcədən razılaşdırmalı olan tərəf? Azərbaycanda məktəbli geyimi ətrafında Türkiyə mediası və sosial şəbəkə seqmentində başlanmış müzakirələr, əslində, bu sualı da gündəmə gətirib.
Təxminən 25 il əvvəl türkiyəli bir diplomatla söhbətimiz zamanı o demişdi: "Azərbaycan bizim qardaş ölkəmizdir. Biz Azərbaycanın Türkiyənin çiyinlərinə yük olmasını istəmirik. Türkiyə ilə çiyin-çiyinə verib birgə irəli gedəcək qədər güclü Azərbaycan görmək istəyirik".
O zaman Azərbaycan müharibənin ağır nəticələrini yaşayan, torpaqları işğal altında olan, iqtisadi imkanları bugünkü səviyyədən xeyli geri qalan gənc müstəqil dövlət idi. Bu gün isə həmin diplomatın təsvir etdiyi Azərbaycan artıq reallıqdır.
Azərbaycan Türkiyəyə böyük sərmayələr yatıran, ortaq enerji və nəqliyyat layihələrində məsuliyyət daşıyan, çətin gündə qardaş ölkənin yanında dayanan dövlətdir. Kahramanmaraşda zəlzələdən sonra yaradılan "Azərbaycan" məhəlləsi bu münasibətin konkret nümunəsidir. Burada qardaşlıq yalnız siyasi bəyanatda deyil, insanların yenidən qurulan həyatında ifadə olunur.
Azərbaycan beynəlxalq platformalarda Türkiyənin mövqeyini müdafiə edərkən də eyni yanaşmadan çıxış edir. Prezident İlham Əliyevin "Türkiyə burada yoxdur, amma mən buradayam" sözlərinin yaddaşlarda qalması təsadüfi deyil. Bu, münasibətlərin birtərəfli dəstək üzərində qurulmadığını göstərən siyasi mövqe idi.
Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərin məntiqi də budur: bir-birinin imkanlarını artıran, təhlükəsizliyinə və gələcəyinə töhfə verən iki müstəqil dövlət.
Elə buna görə də Azərbaycana kənardan yol göstərmək, onun daxili qərarlarına görə hesabat tələb etmək cəhdləri haqlı sual doğurur: güclü Azərbaycan arzulayanlar onun müstəqil iradəsini də qəbul etməyə hazırdırlarmı?
Məktəbli geyimindən siyasi təzyiqə
Azərbaycan məktəblərində geyim qaydaları ilə bağlı müzakirələr Türkiyədə bəzi siyasi şəxslərin və media çevrələrinin çıxışlarında təhsil mövzusunun hüdudlarını aşıb. Türkiyə Prezidentinin baş müşaviri Oktay Saralın və bəzi AKP təmsilçilərinin reaksiyaları məsələnin yalnız anonim sosial şəbəkə hesablarının polemikası olmadığını göstərir.
Lakin ayrı-ayrı siyasi şəxslərin mövqeyi ilə Türkiyə dövlətinin, yaxud bütün türk cəmiyyətinin mövqeyi arasında bərabərlik işarəsi qoymaq da düzgün olmaz. Əksinə, sosial şəbəkələrdə həmin yanaşmanı tənqid edən və Azərbaycanın daxili işlərinə hörmət tələb edən paylaşımlar var.
Müzakirənin problemli tərəfi konkret məktəb qaydasına münasibətin Azərbaycanın bütövlükdə siyasi kursuna münasibətlə əvəzlənməsidir. Geyim məsələsindən başlayan söhbətə ölkəmizin xarici tərəfdaşları, Qarabağ müharibəsi və məzhəb fərqləri daxil edilir.
Bu mövzuların eyni mübahisədə birləşdirilməsi göstərir ki, bəzi iştirakçılar üçün söhbət artıq təhsildən getmir. Azərbaycanın hansı qərarları verməli olduğu, kimlərlə əməkdaşlıq etməli olduğu və hansı siyasi gözləntilərə uyğun davranmalı olduğu müzakirə edilir.
Məhz bu nöqtədə fikir bildirməklə qarşı tərəfə öz iradəsini qəbul etdirmək cəhdi arasındakı sərhəd üzə çıxır.
Türkiyənin özündən gələn etiraz
"X" platformasında İlay Aksoyun paylaşımında səslənən fikir həmin sərhədi birbaşa ifadə edir: "Görünür, AKP Azərbaycanı özünün arxa bağçası hesab edir".
Bu, paylaşım müəllifinin siyasi qiymətləndirməsidir. Ancaq onun qaldırdığı məsələ daha genişdir: Azərbaycanla bərabərhüquqlu dövlət kimi danışılır, yoxsa ondan kiminsə istəklərinə uyğun davranmaq gözlənilir?
Burak adlı istifadəçi isə münasibətlərin korlanması riskinə diqqət çəkərək Azərbaycana dövlətçilik dərsi keçmək cəhdinə etiraz edir: "Hələ bir Azərbaycana dövlətçilik öyrətməyə çalışırlar".
Bu reaksiyaların əhəmiyyəti onların Türkiyənin öz informasiya məkanında səslənməsidir. Azərbaycanı müdafiə edən istifadəçilər qardaşlığı qorumağın yolunu Bakıya təzyiq göstərməkdə görmürlər. Onlar münasibətlərin məhz belə bir yanaşmadan zərər çəkə biləcəyini bildirirlər.
Ayrı-ayrı paylaşımlardan bütün cəmiyyət haqqında nəticə çıxarmaq olmaz. Lakin bu nümunələr Azərbaycanı hədəfə alanların da bütün Türkiyənin adından danışa bilməyəcəyini aydın göstərir.
"Bir millət" olmaq "iki dövlət"i unutdurmamalıdır
Azərbaycanla Türkiyə arasındakı münasibətlərin əsas ifadəsinə çevrilən "Bir millət, iki dövlət" anlayışında hər iki hissə eyni dərəcədə əhəmiyyətlidir.
Ortaq kimlik, tarix və mənəvi yaxınlıq siyasi müstəqilliyi aradan qaldırmır. Əksinə, qardaşlıq iki dövlətin bir-birinin seçiminə daha həssas yanaşmasını tələb edir.
Azərbaycanın qərarları ilə razılaşmamaq mümkündür. Lakin bundan onun müstəqil qərar vermək haqqını şübhə altına almaq üçün istifadə edilə bilməz.
Qardaşlıq "bizim dediyimiz kimi davranmalısınız" şərti ilə təqdim olunursa, onun yerini üstünlük iddiası tutur. Belə münasibət qarşılıqlı etimadı artırmır, tərəflərdən birini daim öz müstəqilliyini izah etmək məcburiyyətində qoyur.
Azərbaycanın isə hər daxili qərarına görə kənardan siyasi razılıq almaq öhdəliyi yoxdur.
Dünyəvi dövləti miras almaq və qorumaq
Sosial şəbəkələrdə Azərbaycana verilən dəstəyin digər istiqaməti ölkəmizin dünyəvi dövlət modelinə münasibətdir.
GÜL adlı istifadəçi Azərbaycan məktəblərində şagirdlərin forma ilə dövlət himnini oxuduqları görüntüləri paylaşaraq "Sən möhtəşəmsən, Azərbaycan!" yazır. "Uzaktan Gelen" adlı hesab isə Azərbaycanın öz türk kimliyini və mədəni irsini qorumasına dəstək məsələsini gündəmə gətirir.
Bu paylaşımlarda Azərbaycan öz ictimai qaydalarına, milli kimliyinə və dövlətçilik yoluna sahib çıxan ölkə kimi qiymətləndirilir.
Dünyəvi dövlət institutlarını əvvəlki nəsillərdən miras almaq onların qorunacağına zəmanət vermir. Bunun üçün siyasi məsuliyyət və ardıcıllıq lazımdır. Məktəb, dövlət idarəçiliyi və ümumi ictimai qaydalar ayrı-ayrı siyasi-dini qrupların təsir mübarizəsinə çevrildikdə həmin irs zəifləyə bilər.
Azərbaycana başqa yol təklif edənlər həmin yolun nəticələrini də izah etməlidirlər. Bu yanaşma təhsilin keyfiyyətini artırırmı? Cəmiyyəti birləşdirirmi? Dövlət institutlarına etimadı gücləndirirmi? Yoxsa insanları geyiminə, inancına və həyat tərzinə görə bölür?
Dini şüarlar iqtisadi rifahı, keyfiyyətli təhsili və ədalətli idarəetməni əvəz etmir. Dövlətin uğuru vətəndaşlarının necə yaşaması və gələcəyə nə qədər inamla baxması ilə ölçülür.
Azərbaycan başqalarının yaşadığı mübahisələri eyni şəkildə təkrarlamağa borclu deyil. Öz təcrübəsindən və başqa ölkələrdəki proseslərdən nəticə çıxararaq dünyəvi modelini qorumaq onun məsuliyyətidir.
Bu, inanca qarşı mövqe deyil. Dünyəvi dövlətin vəzifəsi müxtəlif inanclı insanların eyni institutlar daxilində bərabər hüquq və imkanlarla yaşamasını təmin etməkdir.
Məktəb siyasi qarşıdurmanın meydanı olmamalıdır
Məktəb müxtəlif ailələrdən və fərqli dünyagörüşlərindən gələn uşaqların ümumi məkanıdır. Burada əsas məqsəd bilik vermək, uşağın inkişafına və cəmiyyətə inteqrasiyasına şərait yaratmaqdır.
Bu səbəbdən məktəb qaydaları ətrafında müzakirələrdə uşağın marağı siyasi tərəflərin mövqeyindən üstün tutulmalıdır. Məktəblilərin görüntülərini yayaraq onları qarşıdurmanın simasına çevirmək həmin uşaqların təhsilinə və psixoloji rahatlığına necə təsir edir? Onların adından danışan böyüklər bu sualı da cavablandırmalıdırlar.
Ailənin inancına hörmət, uşağın təhsilinin davam etməsi və məktəbin ümumi qaydalarının tətbiqi məsuliyyətlə uzlaşdırılmalıdır. Uşağın özü isə böyüklərin siyasi mübahisəsinin vasitəsinə çevrilməməlidir.
Azərbaycanın dünyəvi təhsil mövqeyini gücləndirən də aydın, ardıcıl və uşağın inkişafını əsas götürən yanaşmadır.
Qarabağ dəstəyini siyasi borca çevirmək olmaz
Məktəbli geyimi ilə bağlı mübahisədə Qarabağ mövzusunun hallandırılması xüsusilə yersizdir. Bəzi şərhlərdəki "biz olmasaydıq..." məzmunlu yanaşma qardaş dəstəyini sonradan siyasi tələb irəli sürmək vasitəsinə çevirir.
Azərbaycan Türkiyənin dəstəyini yüksək qiymətləndirir. Ancaq bu dəstək Azərbaycanın mübarizəsini, verdiyi qurbanları və öz taleyini müəyyənləşdirmək iradəsini kiçiltmək üçün əsas ola bilməz.
Eyni zamanda Azərbaycanın Türkiyəyə dəstəyi də heç vaxt sadəcə sözlə məhdudlaşmayıb. Ortaq layihələrdən, çətin günlərdə göstərilən həmrəyliyə qədər münasibətlərdə qarşılıqlılıq var. Bunları xatırlatmaq hesab aparmaq üçün deyil, qardaşlığın birtərəfli asılılıq olmadığını göstərmək üçün vacibdir.
Heç bir tərəfin yardımı digərinin gələcək qərarları üzərində nəzarət hüququ yaratmır. Minnətdarlıq müstəqillikdən imtina demək deyil.
Məzhəb fərqlərini bu mübahisəyə gətirmək də eyni dərəcədə zərərlidir. Azərbaycanla Türkiyə arasındakı bağları insanların dini mənsubiyyətinə görə yenidən qiymətləndirmək həmin bağların mahiyyətini anlamamaqdır.
Güclü Azərbaycanı müstəqil iradəsi ilə qəbul etmək
İllər əvvəl türkiyəli diplomatın arzuladığı, Türkiyə ilə çiyin-çiyinə irəliləyə biləcək Azərbaycan bu gün mövcuddur. Belə dövlət öz tərəfdaşlarına töhfə verir, məsuliyyət daşıyır və qərarlarını özü qəbul edir.
Güclü müttəfiq istəyib onun yalnız razılaşdırılmış fikirlər səsləndirməsini gözləmək məntiqi ziddiyyətdir. Azərbaycanın gücünü qəbul etmək onun müstəqil iradəsini də qəbul etmək deməkdir.
Türkiyədə Azərbaycana təzyiq cəhdlərinə qarşı çıxanların mesajı münasibətlərin gələcəyi baxımından məhz buna görə əhəmiyyətlidir. Onlar qardaşlığın qorunmasını qarşı tərəfin daxili işlərinə müdaxilədə deyil, suverenliyinə hörmətdə görürlər.
Azərbaycan kimsənin arxa bağçası deyil. Türkiyənin yanında dayanan, onunla çiyin-çiyinə irəliləyən müstəqil müttəfiqdir. Qardaşlığın gücü də bu bərabərlikdədir.
Oxşar xəbərlər
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Bakıda və Abşeron yarımadasında tozlu hava hökm sürür
-
Bahar Muradova Ağdamda vətəndaşları qəbul edib
-
FHN Gəncə Dövlət Filarmoniyasında təlim keçirib
-
Balakəndə "Həmkardan həmkara qayğı ilə" sosial layihəsi çərçivəsində 574 sakin ödənişsiz tibbi müayinədən keçib
-
Bakıda və Abşeronda hava iki gün tozlu olacaq
-
"Real"ın futbolçusu Vinisius 4 oyunluq diskvalifikasiya edilib













