Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər
Far.Az xəbər saytı

Şəkinin turizm xəzinəsi: Tarixi abidələrdən sənətkarlığa qədər


Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə oktyabrın 20-21-də Şəki şəhərinə mediatur keçirilib. Səfər zamanı jurnalistlər bölgənin tarixi abidələri, sənətkarlıq ənənələri, muzeyləri və turistlər üçün yaradılan imkanlarla tanış olublar.

Far.Az xəbər verir ki, mediaturun əsas məqsədi Şəkinin daxili turizm potensialını tanıtmaq, bölgədə həyata keçirilən layihələr və turistlər üçün yaradılan şərait barədə ictimaiyyətə məlumat vermək olub.

Səfər çərçivəsində media nümayəndələri "Yuxarı Baş" Milli Tarix-Memarlıq və "Kiş" Tarix-Memarlıq qoruqlarını ziyarət ediblər. Onlara ərazilərdəki tarixi abidələr, maddi-mədəni irs nümunələri və qorunan memarlıq tikililəri barədə məlumat verilib.

Qoruqları İdarəetmə Mərkəzinin İdarə Heyətinin sədri Murad Ağabəyli qoruqlarda tarixi, mədəni və təbiət abidələrinin qorunması istiqamətində görülən işlərdən danışıb. O, həmçinin ərazilərin turistlər üçün daha cəlbedici məkana çevrilməsi məqsədilə aparılan bərpa və yenidənqurma tədbirlərini diqqətə çatdırıb.

Bildirilib ki, "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən Şəki Tarix-Diyarşünaslıq Muzeyi, Şəbəkə Emalatxanası və Təlim Mərkəzi bərpa işlərindən sonra 2026-cı ildə istifadəyə verilib. Həmin məkanlarda görülən işlər tarixi irsin qorunmasına, qədim sənətkarlıq ənənələrinin yaşadılmasına və şəhərin turizm imkanlarının genişləndirilməsinə xidmət edir.

M.Ağabəyli qoruq ərazisində digər tarixi-memarlıq abidələrinin bərpa və konservasiya işlərinin də mərhələli şəkildə davam etdirildiyini bildirib.

Şəki Xan Sarayını 128 mindən çox turist ziyarət edib

Qeyd olunub ki, "Yuxarı Baş" Milli Tarix-Memarlıq Qoruğu Şəkinin ən çox ziyarət edilən turizm məkanlarındandır. 2026-cı ilin yanvar-sentyabr aylarında Xan Sarayını bilet almaqla 128 487 nəfər ziyarət edib. Onların 72 309-u yerli, 56 178-i isə xarici turist olub. Bundan əlavə, 42 050 nəfər qoruğu ödənişsiz ziyarət edib.

Mediatur iştirakçıları Qala Divarları Kompleksində yerləşən XIX əsrə aid tarixi Barıt anbarı binası ilə də tanış olublar. Bərpa və konservasiya işlərindən sonra burada sənətkarlıq emalatxanası və dulusçuluq mərkəzi fəaliyyət göstərir.

Dulusçu Şöyüb Məmmədov jurnalistlərə gildən müxtəlif məişət əşyalarının hazırlanma prosesini nümayiş etdirib. Mərkəzdə Şəkinin məşhur piti qabları - "dopu" və su qabları hazırlanır, turistlər üçün dulusçuluq üzrə master-klaslar təşkil olunur.

Şəkinin sənətkarlıq ənənələri yaşadılır

Mediatur çərçivəsində jurnalistlər "ABAD" Keramika və Tətbiqi Sənət Mərkəzində də olublar. Burada keramika, xalçaçılıq və digər sənətkarlıq sahələri üzrə təlimlər keçirilir. Mərkəzin əsas məqsədlərindən biri qədim sənətkarlıq ənənələrini qorumaq, onların inkişafına dəstək vermək və ailə təsərrüfatlarının imkanlarını genişləndirməkdir.

Şəki Tarix-Diyarşünaslıq Muzeyində bölgənin tarixi, mədəniyyəti, etnoqrafiyası, sənətkarlığı və kulinariya irsini əks etdirən eksponatlar nümayiş olunur. Muzeydə ümumilikdə 3 mindən çox maddi-mədəni dəyərə malik eksponat qorunur. Onlardan 1826-sı sərgi zallarında təqdim edilir.

Jurnalistlər Şəbəkə Emalatxanası və Təlim Mərkəzində də olublar. Şəbəkə ustası Tofiq Rəsulov bildirib ki, mərkəzdə bu sənət növünə həsr olunmuş sərgi salonu, emalatxana və təlim otaqları yaradılıb. Onun sözlərinə görə, Şəkinin gəncləri şəbəkə sənətinə maraq göstərir və ənənənin gələcək nəsillərə ötürülməsində iştirak edirlər. Usta və şagirdləri şəbəkə nümunələrinin hazırlanmasını əyani nümayiş etdiriblər.

Şəki Dövlət Rəsm Qalereyasında isə jurnalistlərə binanın tarixi-memarlıq xüsusiyyətləri və burada qorunan sənət əsərləri barədə məlumat verilib. Bina tarixi dəyərləri saxlanılmaqla 2022-ci ildə Dövlət Turizm Agentliyi tərəfindən bərpa olunub. Qalereyanın fondunda 361 eksponat var. Onlardan 71-i ekspozisiyada nümayiş etdirilir, 290-ı isə fond otağında saxlanılır.

Kiş Alban məbədi də ziyarət olunub

Mediatur iştirakçıları "Kiş" Tarix-Memarlıq Qoruğunda yerləşən Alban məbədi ilə də tanış olublar. Qafqazın ən qədim apostol məbədlərindən biri hesab edilən bu abidə Azərbaycanın alban irsinin mühüm nümunələrindəndir.

Jurnalistlərə məbədin tarixi əhəmiyyəti, memarlıq xüsusiyyətləri və ərazidə qorunan arxeoloji, məişət-etnoqrafik və heykəltəraşlıq nümunələri barədə məlumat verilib.

Səfər zamanı Kiş kəndində sahibkar Arzu Turanginin "Ruh açarı" qonaq evi, Şəki şəhər mərkəzində isə sahibkar Sevinc Bayramovaya məxsus "Süsən" Kəlağayı Emalatxanası və Kəlağayı Muzeyi ziyarət edilib. Burada "Süsən" brendi ilə istehsal olunan kəlağayılar, məhsulların çeşidləri, daxili və xarici bazarlarda onlara olan tələbat, eləcə də turistlərin bu sənət növünə marağı haqqında danışılıb.

Mediaturun proqramına Şəkinin milli mətbəxi də daxil edilib. Yuxarı Karvansaray abidə kompleksinin ərazisində fəaliyyət göstərən restoranda aşpaz Aynurə İsmayılova iştirakçılara Şəki pitisinin hazırlanma prosesini nümayiş etdirib.

İki gün davam edən səfər çərçivəsində jurnalistlər Şəkinin tarixi irsi, sənətkarlıq ənənələri, qonaqlama imkanları və milli mətbəxi ilə yaxından tanış olublar.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Palçıq Vulkanları Turizm Kompleksi – Azərbaycanın təbiət möcüzələrinə açılan yeni qapı
Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsili Mərkəzində inklüziv təlim və tədris mərkəzi yaradılıb
Din xadimləri Qarabağ və Şərqi Zəngəzurdakı tarixi-dini abidələri ziyarət ediblər
İlham Əliyev Xocavəndin Xanoba kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər