Daha bir rayonda dəbdəbəli yas mərasimləri yığışdırılır
Far.Az xəbər saytı

Daha bir rayonda dəbdəbəli yas mərasimləri yığışdırılır


Şirvan şəhər ağsaqqallarının təşəbbüsü ilə Şirvan bələdiyyəsinin inzibati binasında yas mərasimlərində ehsan süfrələrində yalnız yemək verilməsi ənənəsinin dayandırılması ilə bağlı geniştərkibli görüş keçirilib.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, görüşdə şəhərin tanınmış ağsaqqalları, din xadimləri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən ağsaqqallar və din xadimləri qeyd ediblər ki, yas mərasimlərinin əsas məqsədi mərhumun ruhuna ehtiram göstərmək, ailəyə mənəvi dəstək olmaqdır. Bu isə süfrə açmaqla deyil, dua oxunması, Qurani-Kərim tilavəti və anım xarakterli sadə mərasimlərlə həyata keçirilməlidir. Onların sözlərinə görə, yalnız yemək verilməsi ənənəsi dini baxımdan vacib hesab olunmur və əksər hallarda ailələr üçün artıq xərc və sosial təzyiqə səbəb olur.

Çıxışlar zamanı xüsusilə vurğulanıb ki, təşəbbüs yalnız ehsan süfrələrində yemək verilməsinin dayandırılmasını nəzərdə tutur. Digər dini ayinlər - yasin oxunması, duaların edilməsi və anım mərasimləri əvvəlki qaydada davam etdirilə bilər və bu adətlər cəmiyyətin mənəvi dəyərlərinin bir hissəsi olaraq yaşadılmalıdır.

Ağsaqqalların və din xadimlərinin yekdil fikrinə əsasən, bu qərarın əsas məqsədi yas məclislərində israfçılığın qarşısının alınması, ailələrin üzərinə düşən əlavə maliyyə yükünün aradan qaldırılması və dini-mənəvi dəyərlərin qorunub saxlanılmasıdır.

Görüşün sonunda qərara alınıb ki, Şirvan şəhərində yas mərasimlərində yalnız yemək verilməsi ənənəsinə son qoyulsun, bununla bağlı şəhər əhalisi arasında maarifləndirmə işləri aparılsın və ictimaiyyətin dəstəyi ilə bu təşəbbüs mərhələli şəkildə həyata keçirilsin.

Qeyd edək ki, bundan əvvəl də bəzi rayonlarda analoji qərarlar qəbul olunub.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Xankəndidə İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilib, İlham Əliyev çıxış edib
Rayonlarda yas mərasimlərində ehsan verilməsi qadağan olunub?

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər