Deputatlar nədən narazıdırlar? - SORĞU
Far.Az xəbər saytı

Deputatlar nədən narazıdırlar? - SORĞU


Parlament ölkənin ictimai-siyasi həyatında təkcə qanunverici orqan deyil, həm də dövlətlə cəmiyyət arasında mühüm körpü rolunu oynayır. Milli Məclisdə qəbul edilən qərarlar ölkənin hüquqi çərçivəsini formalaşdırmaqla yanaşı, sosial və iqtisadi proseslərə də birbaşa təsir göstərir və seçicilərin səsinin dövlət idarəçiliyində eşidilməsinə imkan yaradır.

BAKU.WS xəbər verir ki, Oxu.Az qeyd olunanları nəzərə alaraq Milli Məclisin bəzi deputatları arasında sorğu keçirib.

Onlara "2025-ci ilin ən yaddaqalan hadisəsi nə oldu?", "İlin ən neqativ hadisəsi nədir?", "Vətəndaş müraciətlərinin neçə faizi həllini tapıb?", "2025-ci ildən gözləntiləriniz nə idi və yerinə yetdimi?", "Deputatların hazırkı məqamda ən çox nəyə ehtiyacı var?" və "2025-ci ilin ən aktiv deputatı kim idi?" sualları ünvanladıq.

Respondentlərin bəziləri suallara diplomatik cavab verdilər. Həmçinin bəzi suallar cavabsız qaldı.

Milli Məclisin deputatı Hikmət Babaoğlu hesab edir ki, Azərbaycan üçün ən mühüm hadisə ötən ilin avqustun 8-də ABŞ-də Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması olub:

"Bu, olduqca mühüm hadisə idi. Əldə etdiyimiz hərbi zəfər siyasi müstəviyə keçirildi və bütün dünyaya qəbul etdirildi. Həmçinin ilin ikinci mühüm hadisəsi İran-Azərbaycan münasibətlərinin yeni mərhələyə keçməsi idi. Prezident İlham Əliyeviniranlı həmkarı haqqında "O, azərbaycanlıdır. O, mənim kimi eyni qanı daşıyır. Biz eyni dildə danışırıq. Tərcüməçiyə ehtiyacımız yoxdur" fikirlərini səsləndirməsi dünya azərbaycanlılarının həmrəyliyinin ən mükəmməl düsturudur. 2025-ci ilin ən neqativ hadisəsi isə ermənilərin mina terroru nəticəsində zərər çəkən vətəndaşlarımızın olması idi".

H.Babaoğlu vurğulayıb ki, ona edilən vətəndaş müraciətlərinin həllini tapması istiqamətində əlindən gələni edir:

"Təəssüf ki, burada səlahiyyətli orqanlarla birgə işlədiyimiz üçün bəzi məsələləri həll edə bilmirik".

Deputat bildirib ki, 2025-ci ildən əsas gözləntisi ölkəmizin inkişafı olub:

"Qarabağa qayıdışın sürətlənməsi də bu qəbildən idi. Bundan başqa, milli maraqlarımızın təmin olunması, eləcə də hər bir azərbaycanlının maraqlarının həyata keçirilməsi əsas gözləntilər sırasında idi. "Deputatların nəyə ehtiyacı var?" sualına gəldikdə isə, bu, ictimai diqqət və anlayışdır. Nəticə etibarilə deputatların motivasiya olunması və fəaliyyətlərinin stimullaşdırılması üçün bütün hüquqi təminatlar yetərlidir. Amma ictimai rəyin də fəaliyyətimizi dəstəkləməsinə mənəvi ehtiyacımız var".

Deputat "İlin ən fəal deputatı kimdir?" sualına konkret cavab verməyib:

"Düşünürəm ki, bunu jurnalistlər müəyyənləşdirsə, daha yaxşı olar".

Vüqar Bayramov da ilin ən mühüm hadisəsinin Vaşinqton görüşü olduğunu düşünür:

"Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması region üçün yeni səhifənin açılmasına səbəb oldu. 37 ildən sonra iki ölkənin eyni sənədi imzalaması əməkdaşlığın mərhələli şəkildə bərpasına imkan yaradır. Neqativ hadisələr isə, şübhəsiz ki, davam edən müharibələrdir".

Müsahibimiz bildirib ki, il ərzində ona edilən müraciətlərin 61 faizi həllini tapıb:

"Seçildiyim dairə üzrə ayda iki dəfə vətəndaşlarla görüşlər keçirirəm. Həmçinin vətəndaş müraciətləri müvafiq dövlət qurumlarına yönləndirilir. Bəzi hallarda seçicilərimizə dəstək olmaq çətin olur, çünki müraciətləri qanunvericiliyin tələblərindən kənardır. Lakin uyğun tələblər və qaydalar çərçivəsində bir çox məsələ praktik həllini tapır".

V.Bayramov əlavə edib ki, 2025-ci ildə parlamentdə aktivliyi ilə seçilən deputatlar az olmayıb:

"Lakin konkret adları media müəyyənləşdirsə, daha yaxşı olar. Medianın əsas funksiyalarından biri də monitorinqdir. Oxu.Az-ın da kifayət qədər oxunaqlı və populyar olduğunu nəzərə alsaq, saytda monitorinq aparılaraq ən aktiv deputatları müəyyənləşdirmək olar".

Aydın Mirzəzadə isə qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə məskunlaşma sürətlə gedir:

"Ölkəmiz suverenliyini daha da möhkəmləndirdi, böyük uğurlar qazanmaq üçün cəmiyyətimiz maksimum səylər göstərdi. İqtisadiyyatımızda tədricən artım gedir. Vətəndaşlarımızın hüquqları təmin edilir. Ölkə rəhbərliyi Azərbaycanın qarşısında dayanan bütün problemlərin maksimum şəkildə həlli istiqamətində səylər göstərir. Müraciətlər isə maksimum həssaslıqla yanaşıram. Məktublardan savayı, gün ərzində seçildiyim dairədən 3-4 zəng daxil olur. Onların hər birinə ya köməklik göstərilir, ya da müvafiq izahat verilir. Müraciətlərə müfəssəl cavab almayana qədər onlarla işləyirəm".

Deputat bildirib ki, 2025-ci ildən əsas gözləntisi beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artması olub.

O, parlamentin ən aktiv deputatının da adını çəkib:

"Parlamentimizin ən aktiv deputatı Milli Məclisin sədri Sahibə Qafarova oldu".

Müşfiq Cəfərov da bildirib ki, 2025-ci il həm özü üçün, həm də dövlət adına düşərli olub:

"Azərbaycan mühüm tədbirlərin ev sahibi oldu. İl Milli Məclis üçün də uğurlu keçdi. Vətəndaşlarla işdə, siyasi mövqelərinə görə deputatlar aktivlik göstərdilər. Bizim deputat qərargahına daxil olan müraciətlərin 90 faizi müsbət istiqamətdə həll olunub. Həmçinin bəzi vətəndaşlarımızın müraciətləri səlahiyyətimizdən kənar olduğu üçün həll edilmir. Son suala gəldikdə isə bu ilin ən aktiv deputatının adını çəkmək çətin olar".

Vasif Qafarov da digər həmkarları kimi qeyd edib ki, 2025-ci ilin ən yaddaqalan hadisəsi Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanması olub:

"Həmçinin ilin ən mühüm hadisələrindən biri də ABŞ-Azərbaycan münasibətlərində müşahidə olunan müsbət dinamika və qarşılıqlı dialoqun güclənməsi oldu. Xüsusilə ABŞ Prezidenti Donald Trampın regional və qlobal sülh təşəbbüslərinə fəal müdaxiləsi, münaqişələrin diplomatik yollarla həllinə verdiyi dəstək beynəlxalq münasibətlərdə yeni ümidlər yaratdı və bu kontekstdə Azərbaycanın mövqeyinin nəzərə alınması mühüm uğur kimi yadda qaldı".

Deputat əlavə edib ki, 2025-ci ilin ən neqativ hadisəsi dünya miqyasında davam edən silahlı münaqişələr və geosiyasi gərginliklərin tam aradan qalxmaması olub:

"Böyük dövlətlərin, o cümlədən ABŞ-nin sülh təşəbbüslərinə qoşulması bu neqativ tendensiyaların gələcəkdə zəifləyəcəyinə ümid yaradır".

Həmçinin Vasif Qafarov vurğulayıb ki, ona ünvanlanan vətəndaş müraciətlərinin 70-80 faizi müsbət həllini tapıb:

"2025-ci ildən əsas gözləntilər işğaldan azad edilmiş ərazilərdə bərpa və məskunlaşma prosesinin davam etdirilməsi, sosial rifahın yaxşılaşdırılması və regionların inkişaf tempinin artırılması idi ki, gözləntilərin böyük hissəsini doğrultdu. Deputatların ən çox ehtiyac duyduğu məqam vətəndaşlar tərəfindən mütəmadi qaldırılan məsələlərin və problemlərin aidiyyəti qurumlar tərəfindən vaxtında və müsbət həll edilməsi, bununla da vətəndaş məmnunluğunun təmin olunmasıdır".

O vurğulayıb ki, 2025-ci ilin yaz və payız sessiyaları ərzində Milli Məclisdə bir sıra deputatlar fəallığı ilə seçilib və ümumilikdə parlament fəaliyyətində aktivliyin artması müsbət tendensiya kimi qiymətləndirilməlidir.

Pərvanə Vəliyeva da Vaşinqton görüşünü ilin ən vacib hadisəsi hesab edir:

"Bu görüş Azərbaycan və Ermənistan arasında 30 ildən çox davam edən münaqişəni sona çatdırdı. Nəticədə iki ölkə arasında etimad, quruculuq və normallaşma tədbirlərinə başlanıldı. Bu yöndə ilk dəfə Azərbaycan neft məhsullarının Gürcüstan üzərindən Ermənistana ixracı sülh prosesində ən mühüm irəliləyişlərdən biri idi. Əlavə olaraq, Prezident İlham Əliyevin ABŞ-Azərbaycan münasibətlərini yeni səviyyəyə yüksəltməsi xüsusi qeyd olunmalıdır. Əldə olunmuş razılaşmaya əsasən, strateji işçi qrupunun yaradılması bunun əyani sübutdur. Bundan başqa, Prezident İlham Əliyevlə Donald Tramp arasında qurulmuş uğurlu əməkdaşlığın nəticəsi olaraq "Azadlığı Müdafiə Aktı"na 907 saylı düzəlişin icrasını dayandıran sənəd imzalandı. Növbəti hədəf onun tamamilə ləğv edilməsidir".

Deputat ilin ən neqativ hadisələrindən biri kimi Yekaterinburqda 25 il əvvəl baş vermiş cinayətə görə Rusiya hüquq-mühafizə orqanlarının həmvətənlərimizə qarşı qeyri-insani davranışını və həbsləri göstərib:

"Bu, Azərbaycanda geniş ictimaiyyət tərəfindən qınanıldı. Ötən ilin sonlarında baş vermiş AZAL-a məxsus təyyarənin Rusiya səmasında vurulması hadisəsinin hüznü ilə başlayan 2025-ci il boyu da Rusiya ilə sözügedən hadisənin fonunda gərginliklər davam etdi. Nəhayət, iki ölkə rəhbərinin bu ilin oktyabr ayında Düşənbədə görüşü müsbət ruhda keçdi və Azərbaycanın təyyarə qəzası ilə bağlı haqlı gözləntilərinin icra ediləcəyi gözlənilir. Qeyd edim ki, 2025-ci ildən əsas gözləntimiz sülh və əmin-amanlıq ili olması idi. Ötən ildən digər gözləntimiz isə "Böyük Qayıdış"a maneə yaradan, insanların təhlükəsizliyini təhdid edən və müharibənin ağır nəticələrindən biri olan mina terrorunun sonlanması idi. Təəssüf ki, Ermənistanın təqdim etdiyi xəritələrin qeyri-dəqiqliyi və beynəlxalq ictimaiyyətin bu sahədə yetərsiz dəstəyi nəticəsində problem hələ də davam edir".

Deputat vurğulayıb ki, 2026-cı ildən gözləntisi dünyada sülhün bərqərar olması, mövcud münaqişələrin bitməsi və insanların firavan yaşamasıdır:

"Növbəti il Rusiya-Ukrayna müharibəsinin sonlanmasını, həmçinin Yaxın Şərqdə gərginliyin azalmasını diləyirik. Azərbaycanın sərhədlərinə yaxın regionlarda daim sülh və əmin-amanlıq olmasını arzulayırıq".

Deputat Azər Badamov vurğulayıb ki, 2025-ci ilin "Konstitusiya və Suverenlik ili" elan olunması yaddaqalan hadisədir:

"Bu il Konstitusiyamızın qəbul olunmasının 30-cu, suverenliyimizin bərpa olunmasının 5-ci ili tamam oldu. Xalqımız bütün il boyu bu əlamətdar tarixi böyük qürurla qeyd etdi. Bundan başqa, 2025-ci ili idarəetmədə institusional sabitliyin və siyasi davamlılığın prioritet olduğu bir dövr kimi qiymətləndirə bilərik. Bundan başqa, avqustun 8-də Vaşinqtonda imzalanan razılaşmalar yaratdığımız sülh gündəliyinin bir daha beynəlxalq ictimaiyyət tərəfindən təsdiq olunmasına yol açdı. ATƏT-in Minsk qrupu və onunla bağlı yaradılmış təsisatlar ləğv edildi".

Deputat vurğulayıb ki, 2024-cü ilin dekabrında Qroznı səmasında AZAL-a məxsus təyyarənin vurulmasından sonra Rusiya tərəfindən müəyyən addımların atılmaması 2025-ci ilin ən neqativ hadisəsi kimi qəbul oluna bilər:

"İnsidentin həll olunacağını, müvafiq təzminatın ödəniləcəyini və bu hadisədə günahkarların cəzalandırılacağını gözləyirdik. Təəssüf ki, bu baş vermədi".

A.Badamov vətəndaş müraciətləri məsələsinə gəldikdə isə bunları iki kateqoriyaya bölüb:

"Birinci kateqoriya şəxsi müraciətlərdir. Çalışdıq ki, bunları qanun çərçivəsində maksimum dərəcədə həll edək və seçicilərimizə öz dəstəyimizi göstərək. İkinci kateqoriya müraciətlər isə əsasən sosial infrastrukturla bağlı olanlardır. Bu istiqamətdə olan məsələləri rayon rəhbərliyi ilə birgə müzakirə edib, müvafiq icra hakimiyyəti orqanları tərəfindən həll edilməsinə çalışdıq".

O əlavə edib ki, qaldırdığı bütün müraciətlərin həll olunmasına çalışır:

"Lakin bu, bəzən mümkün olmur. Təbii ki, icra olunan bütün layihələr dövlət büdcəsi hesabına həyata keçirilir. Dövlət büdcəsinin qarşısında işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası ilə bağlı böyük vəzifələr dayanır. Amma buna baxmayaraq, təmsil olunduğum rayonda işlər dayanmayıb və bu gün də sürətlə davam etdirilir. Məsələn, Urva kəndinə gedən yolun əsaslı təmiri, Yasab kəndinin qazlaşdırılması və məktəb binasının yenidən tikilməməsi məni ən çox narahat edən məsələlərdəndir. Növbəti ildə bu məsələlərin də həll olunacağına çox ümidliyəm".

Müsahibimimiz qeyd edib ki, deputatların aktiv və ya passivliyini media nümayəndələri daha yaxşı görürlər:

"Yəqin ki, bu dəyərləndirməni də həmişə olduğu kimi jurnalistlər edərlər. Bunu ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə dəyərləndirmək olar. Məsələn, Milli Məclisdəki fəaliyyəti, seçicilərlə işləməsi, beynəlxalq fəaliyyəti, mətbuatla əməkdaşlığı və s.".

Digər müsahibimiz Elçin Mirzəbəylinin fikrincə, 2025-ci ilin ən yaddaqalan hadisəsi bir və ya iki epizoddan ibarət deyil:

"İlin yaddaqalan hadisəsi qlobal və regional nizamın sürətlə yenidən formalaşmasının açıq şəkildə görünən mərhələyə keçməsidir".

Deputat 2025-ci ilin ən neqativ hadisəsi kimi qlobal miqyasda beynəlxalq hüququn və universal qaydaların faktiki olaraq selektiv alət funksiyasını yerinə yetirməsinin adi normaya çevrilməsini göstərib.

Vətəndaş müraciətlərinə gəldikdə isə deputat əlavə edib ki, faktlara söykənən müraciətlər bir qayda olaraq öz həllini tapır: "Bütövlükdə isə obyektiv və əsaslı vətəndaş müraciətlərinin əhəmiyyətli hissəsi öz həllini tapır".

Parlamentari ötən ildən gözləntiləri barədə də danışıb:

"2025-ci ildən gözləntilərim romantik yox, daha çox realist və bir qədər də ehtiyatlı olub. Açığı, bu ilin "dünyanı düzəldən il" olacağını düşünmürdüm. Amma maskaların düşəcəyinə, proseslərin daha aydın görünəcəyinə əmin idim. Bu gözləntimin özünü doğrultduğunu deyə bilərəm. Qlobal kontekstdə əsas gözləntim ondan ibarət idi ki, böyük güclər artıq köhnə ritorikanı saxlaya bilməyəcək, reallıqları açıq etiraf etməyə məcbur qalacaqlar. 2025-ci ildə beynəlxalq münasibətlər sistemi əvvəlki illərdə olduğu kimi yenə də ədalətli olmadı, amma ədalətsiz olduğunu daha səmimi şəkildə nümayiş etdirdi. Azərbaycanla bağlı əsas gözləntim isə ölkəmizin postmünaqişə dövrünün son mərhələsində də institusional və praqmatik baxış bucağını, diplomatik çevikliyini qoruyacağı idi. Bu gözləntim tam şəkildə özünü doğrultdu".

"Deputatların ən çox hazırkı məqamda nəyə ehtiyacı var?" sualına isə belə cavab verilib:

"Nə qədər ki həyat var, insanlar və onların arzu və istəkləri var, problemlər də, çatışmazlıqlar da olacaq. Mənim yeganə reseptim problemlərlə yanaşı yaşamağın zəruriliyini həqiqət kimi qəbul etmək bacarığıdır. Problemlərlə yanaşı yaşamaq və mərhələ-mərhələ onların həllinə çalışmaq lazımdır. Siyasət mümkün olanı etmək bacarığıdır. Bu səbəbdən heç bir xüsusi gözləntim olmayıb".

Deputat Mehriban Vəliyeva isə qeyd edib ki, Azərbaycanın siyasi proseslərdə ardıcıl irəliləyişi, beynəlxalq müstəvidə nüfuzunun artması və mühüm tədbirlərə ev sahibliyi etməsi diqqətçəkən məqamlar olub:

"Xarici siyasət baxımından isə ilin ən mühüm hadisəsi, şübhəsiz ki, avqustun 8-də Vaşinqtonda keçirilən görüş idi. Çətin və mürəkkəb proseslər fonunda sülhə bir addım da yaxınlaşmaqda Azərbaycanın və Prezident İlham Əliyevin həlledici rolunu görmək hər bir vətəndaş üçün qürurvericidir. Bununla yanaşı, Konstitusiya və Suverenlik ili çərçivəsində Zəfərimizin 5 illiyinin və Konstitusiyamızın 30 illiyinin yüksək ruhla qeyd olunması tarixi əhəmiyyət daşıyan hadisələrdəndir. Dünyada davam edən münaqişələr fonunda ölkəmizin sabit, təhlükəsiz və dayanıqlı inkişaf yolunda irəliləməsi xüsusi vurğulanmalıdır. Qarabağın sürətli dirçəlişi milli qürur mənbəyimizdir. Eyni zamanda, Türk Dövlətləri Təşkilatı çərçivəsində Türk dünyasının beynəlxalq nüfuzunun artması və 15 dekabr tarixinin BMT tərəfindən Türk Dili Ailəsi Günü kimi təsis edilməsi də ilin mühüm siyasi-mədəni nailiyyətlərindəndir".

O bildirib ki, il ərzində müəyyən çətinliklər və neqativ hadisələr olsa da, onları ön plana çıxarmaq istəməyib:

"Çünki əldə olunan uğurlar və müsbət dinamika həmin mənfi məqamları kölgədə qoyur. Pozitiv hadisələrin üstünlük təşkil etdiyi bir ili geridə qoymuşuq. Seçicilərlə bağlı məsələyə gəldikdə isə Sumqayıt şəhərində mütəmadi görüşlər keçiririk, daxil olan bütün müraciətlərə həssaslıqla yanaşırıq. Müraciətlərin hər biri qanunvericiliyin tələblərinə uyğun şəkildə aidiyyəti qurumlara yönləndirilir və maksimum həllinə nail olmağa çalışılır. 2025-ci ildən əsas gözləntilərim təhlükəsizlik, əmin-amanlıq, sabitlik və davamlı inkişaf idi".

M.Vəliyeva qeyd edib ki, bütün deputatları birləşdirən əsas arzu tezliklə sülhün tam bərqərar olması, təhlükəsizliyin tam təmin edilməsi, ölkəmizin sabit və dayanıqlı inkişafının davam etməsi və xalqımızın rifah halının daha da yüksəlməsidir.

Oxşar xəbərlər

Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Milli Məclisdə “Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransı keçirilib - YENİLƏNİB
VII çağırış Milli Məclisin ilk iclası keçirilib, Prezident İlham Əliyev toplantıda iştirak edib və nitq söyləyib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər