Petr Pavel: Ukrayna ağrılı güzəştlərə hazırdır
Çexiya Prezidenti Petr Pavel Rusiya-Ukrayna münaqişəsinin həlli planının Ukrayna tərəfindən ağrılı güzəştlər ehtiva etdiyini bildirib.
"Report"un məlumatına görə, Petr Pavel bu açıqlamanı Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Ukrayna hakimiyyəti, bunun əsl sülhə gətirib çıxaracağı şərti ilə onlarla razılaşmağa hazırdır:
"Hesab edirəm ki, Ukrayna məqbul bir həll yolu təklif etmək istiqamətində əhəmiyyətli irəliləyiş əldə edib. Ukraynanın sülhə aparacağı təqdirdə etməli olduğu və bunu etməyə hazır olduğu bir sıra ağrılı güzəştlər də var".
Danışıqlar zamanı Çexiya və Ukrayna prezidentləri hərbi əməliyyatlara son qoyulması şərtlərini müzakirə ediblər.
Petr Pavel hesab edir ki, Rusiya hakimiyyəti ölkəyə təzyiq göstərilməyənə qədər istənilən təklifi rədd edəcək: "Bu gün təzyiq əsasən iqtisadi və ya siyasi ola bilər", - deyə o əlavə edib.














