"Zəfər Yolu" layihəsinin təqdimatı keçirilib
Far.Az xəbər saytı

"Zəfər Yolu" layihəsinin təqdimatı keçirilib


Aprel döyüşlərinin 10-cu ildönümünə həsr olunmuş "Zəfər Yolu" layihəsinin təqdimatı keçirilib.

"Far.Az" xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Akademik Milli Dram Teatrında baş tutan tədbirdə dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, şəhid ailələri və qazilər, ziyalılar, gənclər təşkilatlarının təmsilçiləri, könüllü gənclər, ictimaiyyət və media nümayəndələri iştirak edib.

Təqdimatdan öncə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə çıxış edən Aprel döyüşləri şəhidi, "Murov qartalı" ləqəbli polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Orucova qeyd edib ki, Azərbaycan Ordusunun Aprel döyüşlərində başladığı şanlı yol sonradan 44 günlük Vətən müharibəsində böyük Qələbə ilə nəticələnib. Onun sözlərinə görə, Aprel döyüşləri müasir tariximizdə Qələbəyə aparan yolun başlanğıcı kimixüsusi əhəmiyyət daşıyır.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov Aprel döyüşlərində canlarından keçən şəhidlərdən və Azərbaycan Ordusunun gücündən danışıb. Daha sonra tədbirdə çıxış edənlər Aprel döyüşlərinin Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun qazandığı böyük Zəfərin başlanğıcı olduğunu vurğulayaraq, Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad ediblər.

Tədbirin sonunda tanınmış incəsənət xadimlərinin iştirakı ilə şəhidlərin əziz və unudulmaz xatirəsinə ithaf olunmuş "Xatirələr muzeyi" adlı ədəbi-bədii kompozisiya nümayiş olunub. Kompozisiya Aprel döyüşlərində şəhidlik zirvəsinə ucalmış qəhrəmanların real həyat hekayələri əsasında hazırlanıb.

Qeyd edək ki, kompozisiyanın ideya müəllifi Sevinc Orucova, ssenari müəllifi şair-yazıçı İlqar Fəhmi, quruluşçu rejissoru isə əməkdar artist Nicat Kazımovdur.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Şuşa Dövlət Musiqili Dram Teatrında inkluziv bir qizin mono tamaşası
Şəhid analarının iştirakı ilə Vətən müharibəsində Zəfərin 5 illiyinə həsr olunmuş tədbir keçirilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçu təltif edilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər