Azərbaycan Cüdo Federasiyasının mütəxəssisləri Yaponiyada ixtisasartırma proqramına qatılıb
Far.Az xəbər saytı

Azərbaycan Cüdo Federasiyasının mütəxəssisləri Yaponiyada ixtisasartırma proqramına qatılıb


Azərbaycan Cüdo Federasiyasının (ACF) Təhsil şöbəsinin ekspertləri və Azərbaycan İdman Akademiyasının cüdo ixtisası üzrə müəllimlərindən ibarət nümayəndə heyəti cüdonun vətəni Yaponiyada təcrübə mübadiləsi proqramında iştirak edir.

"Far.Az" ACF-yə istinadən xəbər verir ki, Hertfordşir Universitetinin professoru Mayk Kallenin rəhbərliyi və "JUDOs" İctimai Birliyinin təşkilati dəstəyi ilə keçirilən proqramın əsas məqsədi Yaponiyanın qabaqcıl cüdo təhsil sistemi, məşq metodikaları və uzunmüddətli idmançı hazırlığı modeli ilə yaxından tanış olmaq, əldə olunan təcrübənin Azərbaycanda tətbiqi imkanlarını araşdırmaqdır.

Səfər çərçivəsində nümayəndə heyəti Tokai Universitetində gənclər və böyüklərdən ibarət qrupların məşq prosesini izləyib. Xüsusilə baş məşqçi Riki Nakayanın rəhbərliyi ilə ne-vaza istiqamətində keçirilən məşqlər iştirakçılar üçün praktiki baxımdan böyük əhəmiyyət kəsb edib.

Proqram çərçivəsində müxtəlif yaş kateqoriyalarında cüdo hazırlığı ilə tanışlıq məqsədilə bir sıra məşq mərkəzlərinə də səfərlər təşkil olunub. Asahi Dojoda kiçikyaşlı yeniyetmələrin, Takanavadai məktəbində yeniyetmələrin, Taisei Cüdo Klubunda isə məktəbəqədər və ibtidai sinif yaşlı uşaqların məşq prosesi izlənilib, erkən yaş dövründə tətbiq olunan tədris metodları öyrənilib.

Nümayəndə heyəti həmçinin Ümumyaponiya Cüdo Federasiyasında idmançıların uzunmüddətli inkişaf planına həsr olunmuş təqdimat və təlimdə iştirak edib. Sessiya zamanı cüdoçuların yaş xüsusiyyətlərinə uyğun inkişaf mərhələləri, təlim yükünün planlaşdırılması və sistemli hazırlıq modeli ilə bağlı ətraflı məlumat təqdim olunub.

Səfər çərçivəsində Kodokanda keçirilən randori məşqlərində iştirak edilib, eyni zamanda yarışlar izlənilərək Yaponiyanın zəngin cüdo ənənələri və yüksək səviyyəli hazırlıq sistemi yerində öyrənilib.

Bu təcrübə mübadiləsinin Azərbaycan cüdosunda təhsil və məşq prosesinin daha da təkmilləşdirilməsinə, beynəlxalq qabaqcıl yanaşmaların tətbiqinə və məşqçi-müəllim heyətinin peşəkar inkişafına mühüm töhfə verməsi gözlənilir.

Oxşar xəbərlər

20 yaşadək cüdoçular arasında ne-vaza üzrə ACF Kuboku keçirilib
Prezident İlham Əliyev Bakı Olimpiya Stadionunun ərazisində WUF13 ilə bağlı görülən işlərlə tanış olub
"Global Media Group" Media Akademiyasının təlim proqramına start verilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər