Media Kuboku 2026-nın püşkü atıldı
Far.Az xəbər saytı

Media Kuboku 2026-nın püşkü atıldı


Yurd.Media və İdman Araşdırmalar Mərkəzinin (İAM) təşkilatçılığı, "Avrora Group"un baş sponsorluğu ilə 22 iyul - Milli Mətbuat Gününə həsr olunmuş "Media Kuboku - 2026" turnirinin təqdimatı və püşkatma mərasimi keçirilib.

Tədbirdə yarış barədə məlumat verən İAM-ın sədri Elşən Məmmədov bildirib ki, ənənəvi turnirdə 4 komanda - "Əkinçi", "Ziya", "Həyat" və "Tərəqqi" adlı kollektivlər mübarizə aparacaqlar.

O, "Avrora Group"un baş sponsorluğu ilə media nümayəndələri arasında ardıcıl 5-ci il gerçəkləşəcək yarışın ilk 3 ilində voleybol mübarizəsinin getdiyini xatırladıb.

E.Məmmədov ötən il Şamaxı Olimpiya İdman Kompleksində təşkil olunmuş minifutbol turnirinin bu dəfə Qusar Olimpiya İdman Kompleksində gerçəkləşəcəyini diqqətə çatdırıb.

Yurd.Media-nın baş redaktoru Murad Əliyev media nümayəndələri arasında təşkil olunan belə yarışların əhəmiyyətinə diqqət çəkib.

Onun sözlərinə görə, turnirdə həm Bakıdan yollanan jurnalistlər, həm bölgə müxbirləri və operatorları iştirak edəcək ki, bu da media həmrəyliyinin artmasına öz tövfəsini verəcək.

Jurnalistlər adından danışan "525-ci qəzet"in şöbə müdiri İlqar Tağıyev "Media Kuboku-2026" turnirinin təşkilatçılarına təşəkkürünü bildirərək, gələcəkdə yarışın daha geniş formatda keçirilməsi arzusunu dilə gətirib.

Eyni fikirləri Azərbaycan Minifutbol Federasiyasının kütləvi yarışlar departamentinin rəhbəri Vüsal Cəmilli və minifutbol üzrə Avropa çempionu Ruzigar İbrahimzadə də səsləndirib.

Onlar bildiriblər ki, media nümayəndələri arasında turnirlərin bölgələrdə təşkili yarışa əlavə maraq yaradır və rəng qatır. "Avrora Group"un nümayəndəsi Vasif Musayev isə ardıcıl 5-ci il "Media Kuboku"na baş sponsorluq etməkdən məmnunluqlarını bildirərək, hər dəfə medianın müxtəlif sferalalarından olan əməkdaşların bir araya gəldiklərini vurğulayıb.

O, jurnalistlər arasında daha geniş formatlı turnirin maraqlı ideya olduğunu da söyləyib.

Daha sonra püşk atılıb və yarımfinal cütlükləri müəyyənləşib.

İdman mətbuatının əməkdaşlarından ibarət "Tərəqqi" komandası televiziya nümayəndələrinin toplaşdığı "Həyat" kollektivi ilə qarşılaşacaq.

Agentliklər və qəzetlərdən qurulmuş "Ziya" komandası isə xəbər portallarının cəmləşdiyi "Əkinçi"yə rəqib olub. Yarımfinal oyunları iyulun 18-də keçiriləcək.

Ertəsi gün isə cütlüklərin məğlubları 3-cü yer uğrunda görüşdə, qalibləri isə finalda üz-üzə gələcək.

Qeyd edək ki, "Media Kuboku - 2026"nın açılış mərasimi 18 iyul saat 16:00-da Qusar Olimpiya İdman Kompleksində baş tutacaq.

Oxşar xəbərlər

Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər