Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına həsr olunmuş mətbuat konfransı keçirilib
Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatının hazırlıq və təşkilati məsələlərinə həsr olunmuş mətbuat konfransı keçirilib.
"Report"un məlumatına görə, tədbirdə Azərbaycan Cüdo Federasiyasının (ACF) vitse-prezidenti Elnur Məmmədli, ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu, Gənclər və İdman Nazirliyinin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Milli Olimpiya Komitəsinin nümayəndələri, media mənsubları və qonaqlar iştirak ediblər.
Əvvəlcə oktyabrın 4–11-i aralığında Bakıda keçiriləcək turnirin rəsmi loqosunun təqdimat videosu və yarışın tanıtım çarxı nümayiş olunub.
Ardınca çıxış edən ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu dünya çempionatına hazırlıq işlərinin plan üzrə davam etdiyini bildirib. O qeyd edib ki, yarışın yüksək səviyyədə təşkili istiqamətində Azərbaycan Cüdo Federasiyası Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Cüdo Federasiyası (IJF) ilə sıx və koordinasiyalı əməkdaşlıq şəraitində fəaliyyət göstərir.
Rəşad Rəsullu bildirib ki, dünya çempionatının bilet satışına iyulun 2-də start verilib. Azarkeşlər biletləri həm onlayn, həm də şəhərdə fəaliyyət göstərən iTicket satış məntəqələrindən əldə edə bilərlər. O, azarkeş marağının yüksək olduğunu vurğulayaraq, indiyədək 670 biletin satıldığını diqqətə çatdırıb.
İcraçı vitse-prezident qeyd edib ki, yarışın rəsmi əsasnaməsi iyulun 3-dən etibarən IJF tərəfindən dərc olunub və media akkreditasiyası da daxil olmaqla bütün təşkilati proseslər təsdiq olunmuş qrafik üzrə davam edir.
Bildirilib ki, dünya çempionatında 100-ə yaxın ölkədən 600-dən çox cüdoçunun iştirakı gözlənilir. Artıq Yaponiya və Fransa kimi aparıcı cüdo ölkələri yarış üçün heyətlərini açıqlayıblar. Bakıda olimpiya, dünya və qitə çempionları olmaqla dünya cüdosunun ən güclü idmançıları mübarizə aparacaqlar.
Milli komandanın hazırlıq prosesindən danışan Rəşad Rəsullu ilin əvvəlindən etibarən yığmanın Avstriya, Belçika, Fransa, Özbəkistan, Çexiya, Gürcüstan, İspaniya, İtaliya və Monqolustanda keçirilən beynəlxalq təlim-məşq toplanışlarında iştirak etdiyini bildirib. Hazırda komandanın bir neçə üzvü Yaponiyada, əsas heyəti isə Qusarda (Şahdağ) hazırlığı davam etdirir.
Onun sözlərinə görə, avqustun 5–15-də millinin Qazaxıstanda keçiriləcək beynəlxalq təlim-məşq toplanışında iştirakı nəzərdə tutulur. Eyni zamanda, növbəti aylarda bir sıra xarici milli komandaların iştirakı ilə Bakıda da beynəlxalq təlim-məşq toplanışlarının keçirilməsi planlaşdırılır.
Qeyd olunub ki, Azərbaycan millisinin dünya çempionatında iştirak edəcək yekun heyəti sentyabrın 11–13-də Macarıstanda keçiriləcək "Böyük Dəbilqə" turnirindən sonra açıqlanacaq. Heyətin formalaşdırılmasında əsas meyarlar "Böyük Dəbilqə" turnirlərində əldə olunan nəticələr və idmançıların məşq prosesində nümayiş etdirdikləri peşəkar yanaşma olacaq.
Oxşar xəbərlər
Leyla və Arzu Əliyevalar Dənizkənarı Milli Parkda açılış və təqdimat mərasimlərində iştirak ediblər
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün açılış mərasimi keçirilir, Prezident İlham Əliyev tədbirdə çıxış edib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şəmkir sakini nisyə ərzaq ala bilmədiyi mağazanı yandırdı
-
İntensiv yağış yağacaq, sel keçəcək - Əhaliyə XƏBƏRDARLIQ
-
Taxıl sahələrindən 2,6 milyon tondan çox məhsul yığılıb
-
Qahirə və Bakı arasında müntəzəm birbaşa aviareyslər açıla bilər
-
DÇ-2026: İngiltərə - Argentina oyunu başlayıb
-
Su fasilələri ən çox Argentinaya fayda verib













