Məkkə sazişi: Yaxın Şərqin ilk müdafiə çətiri - ŞƏRH
Far.Az xəbər saytı

Məkkə sazişi: Yaxın Şərqin ilk müdafiə çətiri - ŞƏRH


Ötən gün Yaxın Şərqin tarixində müdafiə sahəsində mühüm addım atılıb. Pakistan, Səudiyyə Ərəbistanı və Türkiyə Krallıqda Məkkə şəhərinin Əl-Səfa sarayında birgə müdafiə haqqında sazişi Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif imzalayıblar.

Tərəflərin yaydığı birgə bəyanatda qeyd olunub ki, bu sənəd Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan arasındakı qədim tarixi əlaqələrə, onları birləşdirən qardaşlıq və islam həmrəyliyi bağlarına, ortaq strateji maraqlara və müdafiə sahəsində çoxillik əməkdaşlığa əsaslanır.

Bildirilib ki, saziş üç ölkənin birgə təhlükəsizliyin möhkəmləndirilməsini davam etdirmək, həm regionda, həm də onun hüdudlarından kənarda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə vermək niyyətini əks etdirir.

Pakistanın Xarici İşlər Nazirliyi sazişin regional sülh, təhlükəsizlik və sabitliyi güclləndirməyi hədəflədiyini bildirərək üç ölkədən birinə yönəlik silahlı hücumun o biri ikisinə də edilmiş sayılacağını açıqlayıb.

"Məkkə Müdafiə Sazişi"nin əsas istiqamətlərindən biri kollektiv çəkindirmənin gücləndirilməsinin təşkilidir. BMT Nizamnaməsinin 51-ci maddəsi üzrə qanuni müdafiə hüququnu əsas götürən sazişə görə, imza edən dövlətlər istənilən birinə hücuma qarşı birgə çıxış edəcəklər.

Saziş müdafiəyönümlü əməkdaşlıq xarakteri daşıyır, heç bir ölkəni hədəf almır.

Sənəd hərbi əməliyyat əməkdaşlığı ilə yanaşı, müdafiə sənayesi sahəsində də dərin inteqrasiyanı nəzərdə tutur. Onun ölkələrin hərbi bölmələrinin birgə fəaliyyət qabiliyyətini inkişaf etdirməklə yanaşı, regional sabitliyi təmin etməyə yönəlik "Terrorsuz Zona" hədəfinə də strateji töhfə verəcəyi nəzərdə tutulur.

Sənəddə bu tərəfdaşlığın təcavüzkar bir hərbi cəbhə və ya mühasirə cəhdi olmadığı, əksinə regional əmin-amanlığı dəstəkləyici bir mexanizm olduğu vurğulanıb.

Bu sazişdə Türkiyənin mövqeyi xüsusi vuruğulana bilər. Çüki o, NATO üzvüdür. Ona görə də bu özəlliyi onun Alyans üzvlüyünə və ya regional başqa tərəfdaşlıqlarına alternativ deyil, əksinə, bu öhdəlikləri tamamlayıcı bir quruluş sayılır.

Bu sənəd Yaxın Şərqdəki indiki vəziyyət fonunda regional təhlükəsizliyin təmin edilməsi baxımından da uğurludur. O, bir sıra strateji sahələrin davamlı fəaliyyətinə yardım edər. Xüsusilə, qlobal dəniz ticarət yollarının təhlükəsizliyinin artırılması, ixracat və enerji tədarük proseslərinə sürətləndirməsinə töhfə verər.

Əsas məsələlərdən biri Türkiyə hərbçilərinin regional böhranlarda iştirakı məsələsidir. Sazişin qeydində sazişə qatılımın Türkiyə əsgərinin hər regional böhrana avtomatik olaraq göndəriləcəyi mənasına gəlmədiyi xüsusilə vurğulanıb.

"Məkkə Müdafiə Sazişi"inin mətnində "Anadoludan Hicaza, İslamabaddan Ər-Riyada uzanan qardaşlıq xətti, ortaq dəyərlərin və çətin zamanlarda bir-birinin yanında duran millətlərin iradəsini təmsil edir" ifadəsinə yer verilib.

Bu müdafiə ittifaqını "müsəlman dünyasının NATO"su kimi də təqdim edirlər.

Yaxın Şərqdəki son hadisələr isbat etdi ki, xarici qüvvələr öz milli maraqları naminə həmin ölkələrin təhlükəsizliyini heç də həmişə nəzərə almırlar. Xüsusən Körfəz ölkələrinin ənənəvi müttəfiqə etibarında ehtiyatlılıq müşahidə olunmaqdadır.

Müdafiə və təhlükəsizliyi təmin etmək üçün 2025-ci ilin sentyabrında Səudiyyə Ərəbistanı ilə Pakistan arasında qarşılıqlı müdafiə sazişi imzalanıb. Krallıq bununla regionun başı üzərində daim "Domokl qılıncı"nı xatırladan nüvə silahından müdafiəni təmin etmiş sayılır. Pakistanın indi Səudiyyə Ərəbistanını nüvə çətiri kimi təmin edib-etməyəcəyi sual doğurub. Rəsmilər bildiriblər ki, bu, bütün hərbi vasitələri əhatə edən hərtərəfli müdafiə sazişidir.

Pakistan artıq uzun müddətdir, Səudiyyə Ərəbistanında əsgərlərini yerləşdirir, onların sayı hazırda 1500-dən 2000-dək qiymətləndirilir. Səudiyyə bu silahlı qüvvələrə əməliyyat, texniki və təlim yardımı göstərir. Bura Krallığın hərbi hava qüvvələrinə və quru qoşunlarına yardım da daxildir.

İki ölkə arasında imzalanmış bu sənəd çoxillik müzakirələrdən sonra ərsəyə gəlib. Onda Türkiyənin də orada iştirakı gözlənilirdi. Ancaq cümhuriyyətin qatılması ilə üçtərəfli strukturun rəsmiləşməsi üçün hərtərəfli regional təhlükəsizlik qiymətləndirmələri və hazırlıqlar davam etdiyindən təxirə salınmışdı.

Yeri gəlmişkən, 1955-ci ildə Yaxın və Orta Şərqdə "Bağdad paktı kimi" tanınan ABŞ və Böyük Britaniyanın təşəbbüsü ilə SENTO adlı hərbi-siyasi blok yaradılmışdı. Ora Böyük Britaniya, Türkiyə, İran, Pakistan və 1958-ci ilə qədər isə İraq daxil idi. Blok Yaxın və Orta Şərq üçün kommuniz təhdidinin qarşısının alınması strategiyası və neft yataqlarının qorunması çərçivəsində yaradılmışdı. 1979-cu ilin fevral inqilabından sonra İran təşkilatdan çıxdı. Bundan sonra SENTO fəaliyyətini dayandırdı. Ona görə də bu müdafiə ittifaqını Yaxın Şərqin ilk hərbi bloku da saymaq olar.

İndiki üçtərəfli ittifaqdan narahat olanlar da yox deyil. İlk növbədə, Hindistan narahatlığını gizlətmir. Bu ölkənin Baş naziri Narendra Modi İsrailin Baş naziri Binyamin Netanyahuya zəng edib. Hökumət başçıları Yaxın Şərqdəki vəziyyəti müzakirə edib, son hadisələr, o cümlədən, ehtimal etmək olar ki, üçtərəfli müdafiə sazişi barədə fikir mübadiləsi aparıblar.

"Məkkə Müdafiə Sazişi"nə perspektivdə regionun başqa ölkələrinin qopulması da mümkündür. Son illərin hadisələri körfəz ölkələrinin təhlükəsizlik və müdafiənin təşkilinə yenidən baxmalarını aktuallaşdırır. Çünki bu ölkələr bir qayda olaraq iqtisadi-ticari əməkdaşlığa üstünlük verirlər. Belə bir şəraiti bölgə ölkələrinin yaradacağı ittifaq onları etibarlı şəkildə qoruya bilər. Həmin dövlətlərin təhlükəsizliyi, müdafiəsi, ərazi bütövlüyü və suverenliyi müəyyən mənada bir-birindən asılıdır. Bu üstünlüyün başqasına verilməsi regional təhlükəsizliyi daim təhdid edər.

Odur ki, Məkkədə imzalanan saziş Yaxın Şərqin müdafiə və təhlükəsizlik çətiri ola bilər. Bunu həm də təhlükəsizliyin regiondankənar qüvvələrə etibar edilməsi dövrünün başa çatdığının işartısı saymaq olar.

Oxşar xəbərlər

İlham Əliyev Şeyx Məhəmməd bin Zayed Al Nəhyana Qarabağ atı hədiyyə edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər