Müşfiq Məmmədli: Naxçıvanın inkişafına Azərbaycanın geoiqtisadi strategiyasının tərkib hissəsi kimi yanaşılır
Far.Az xəbər saytı

Müşfiq Məmmədli: Naxçıvanın inkişafına Azərbaycanın geoiqtisadi strategiyasının tərkib hissəsi kimi yanaşılır


Naxçıvanın inkişafına artıq yalnız bir regionun sosial-iqtisadi tərəqqisi kontekstində deyil, Azərbaycanın uzunmüddətli geosiyasi və geoiqtisadi strategiyasının mühüm tərkib hissəsi kimi yanaşılır.

Bunu "Far.Az"a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.

O bildirib ki, qarşıdakı dövrdə Naxçıvanın həm ölkə daxilində, həm də bütövlükdə regionda rolu əhəmiyyətli dərəcədə artacaq:

"Naxçıvanın coğrafi mövqeyi uzun illər müəyyən məhdudiyyətlər yaratsa da, bu gün həmin mövqe böyük strateji üstünlüyə çevrilməkdədir. Azərbaycan, Türkiyə, Cənubi Qafqaz və daha geniş mənada Mərkəzi Asiya–Avropa xəttinin kəsişməsində yerləşən Naxçıvan yeni nəqliyyat və enerji xəritəsinin mühüm qovşaqlarından biri olmaq potensialına malikdir.

Müşfiq Məmmədli
Prezident İlham Əliyevin dövlət televiziyasına müsahibəsində diqqətçəkən mühüm məqamlardan biri Naxçıvanın inkişafının Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq prosesi ilə vahid strateji baxış çərçivəsində təqdim edilməsidir. Dövlət başçısı yaşıl enerji, kənd təsərrüfatı, suvarma, turizm və infrastruktur istiqamətlərində görülən işlərdən danışaraq bu bölgələrin iqtisadi baxımdan bir-biri ilə əlaqələndiriləcəyini vurğulayıb. Bu yanaşma faktiki olaraq Azərbaycanın qərb bölgələrindən Naxçıvana qədər uzanan yeni iqtisadi inkişaf məkanının formalaşdırılması deməkdir".

Deputat vurğulayıb ki, burada nəqliyyat kommunikasiyalarının açılması xüsusi strateji əhəmiyyət daşıyır:

"Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında maneəsiz bağlantının təmin olunması təkcə ölkəmizin daxili kommunikasiya məsələsi deyil. Bu, eyni zamanda, Türkiyə ilə Azərbaycan arasında əlaqələri daha da gücləndirəcək, Orta Dəhlizin imkanlarını genişləndirəcək və Mərkəzi Asiyadan Avropaya uzanan nəqliyyat-logistika sisteminə yeni imkanlar yaradacaq. Yeni kommunikasiya imkanlarından regionun digər dövlətləri, o cümlədən Ermənistan da istifadə edə bilər".

M.Məmmədli qeyd edib ki, Naxçıvanda sənayeləşmə, sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması, kənd təsərrüfatı, su təminatı, turizm və sosial infrastruktur üzrə həyata keçirilən layihələr kompleks xarakter daşıyır:

"Burada əsas məqsəd təkcə yeni obyektlərin tikilməsi deyil, uzunmüddətli və dayanıqlı iqtisadi modelin formalaşdırılmasıdır. Naxçıvanın tarixi və mədəni potensialının qorunması da bu inkişaf modelinin ayrılmaz hissəsidir. Möminə Xatun Türbəsi kimi dünya əhəmiyyətli memarlıq abidələrinin bərpası, Əcəmi Naxçıvani irsinə göstərilən diqqət, tarixi-mədəni məkanların yenilənməsi Naxçıvanın beynəlxalq turizm potensialının daha geniş şəkildə təqdim olunmasına imkan verəcək".

Oxşar xəbərlər

İlham Əliyev "Bakı Enerji Həftəsi"nin rəsmi açılış mərasimində iştirak edib - YENİLƏNİB-3
Polis Günündə də post başında – Bakının küçələrindən diqqətçəkən FOTOLAR
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər