Qırmızı və Yaşıl xətlərin ayrılması Bakının nəqliyyat mənzərəsini necə dəyişəcək?
Bu gündən "Bakı Metropoliteni" QSC Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsinə başlanılıb.
"Far.Az" xəbər verir ki, tikinti işləri zamanı "28 May–Nizami" stansiyaları arasında sərnişindaşıma dayandırılıb.
Bakının nəqliyyat mənzərəsinin dəyişməsi
Bu dövrdə "İçərişəhər" stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunmaqla qatarlar "İçərişəhər–Əhmədli" marşrutu üzrə 2 dəqiqə 30 saniyəlik intervalla hərəkət edəcək ("Əhmədli–Həzi Aslanov" mənzilində təmir başa çatanadək məkik hərəkət üzrə mövcud interval saxlanılacaq).
Qatarlar "Dərnəgül–Nizami" marşrutu üzrə 3 dəqiqə 30 saniyəlik intervalla fəaliyyət göstərəcək.
"Cəfər Cabbarlı–Xətai" mənzilində isə məkik hərəkət rejimi dəyişməz qalacaq (interval 7 dəqiqə).
"Xocəsən–8 Noyabr" marşrutu üzrə 8 dəqiqəlik interval qüvvədə saxlanılacaq.
Qeyd edək ki, Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinin əsas tikinti mərhələsində işlər təxminən 10-11 ay davam edəcək.
Tikinti işləri başa çatdıqdan sonra Qırmızı ("İçərişəhər–Həzi Aslanov") və Yaşıl ("Dərnəgül–Xətai") xətlər sərnişinlərə tam müstəqil infrastrukturla xidmət göstərəcək. Belə ki, Yaşıl xətt üzrə qatarların hərəkəti "Dərnəgül" stansiyasından başlayaraq "Cəfər Cabbarlı" vasitəsilə "Xətai" stansiyasına qədər davam edəcək və Yaşıl xətt üzrə interval 3 dəqiqə 30 saniyə olacaq.
Beləliklə, "Cəfər Cabbarlı-Xətai" sahəsində mövcud olan 8 dəqiqəlik gözləmə intervalı tarixə qovuşacaq. Növbəti mərhələdə Y-15 stansiyasına qədər tunellər və dönmə infrastrukturu tamamlandıqdan sonra isə Yaşıl xətt üzrə intervalın 2 dəqiqəyədək azaldılması mümkün olacaq.
Qırmızı xətt üzrə isə "İçərişəhər" dönmə kamerasının tikintisi davam edir və layihənin 2028-ci ilin ikinci yarısında tamamlanması planlaşdırılır. Bu infrastrukturlar tam istifadəyə verildikdən sonra hər iki xətt üzrə intervalların 2 dəqiqəyədək azaldılması mümkün olacaq.
B. Məmmədov qeyd edib ki, "İçərişəhər" stansiyasında tətbiq edilmiş gücləndirmə mexanizmləri, xətt üzrə bir sıra optimallaşdırma tədbirləri, həmçinin əlavə İçərişəhər stansiyasında ehtiyat maşinistlərin ayrılması ilə stansiyanın qatarları daha operativ tərk etməsi təmin olunub: "Nəticədə artıq interval 3 dəqiqə 30 saniyə deyil, 2 dəqiqə 30 saniyə olmaqla təmin edilir. Hazırda yaşıl xətt üzrə Dərnəgül-Nizami stansiyaları arasında interval 3 dəqiqə 30 saniyə olsa da, Bakı Metropoliteni bu istiqamətdə də ilk optimallaşdırma tədbirlərini həyata keçirmək istiqamətində təhlillərə başlayıb və yaxın vaxtlarda bu istiqamətdə də ilk müsbət dəyişiklik olaraq intervalın azaldılması, qismən də olsa azaldılması istiqamətində tədbirlər görüləcək".
Onun sözlərinə görə, əsas hədəflərdən biri intervalların azaldılmasıdır: "Lakin buna qədər "Bakı Metropoliteni"ndə 7 mühüm layihə həyata keçirilməlidir. Onlardan biri artıq yekunlaşmış hesab olunur. Yəni Dərnəgül elektrik deposu birinci mərhələdə istismara verilib. İkinci vacib məqam 200 metrə yaxın tunelin tikintisidir. "28 May-Nizami" stansiyaları arasında hərəkətin dayandırılmasının səbəbi də budur. İki tunelin 39 metrə yaxın hissəsi artıq qazılıb və həmin mərhələ artıq tuneldə hərəkət olan sahəyə qədər çatıb. Bu səbəbdən qarşıdakı dövrdə də qalan hissənin 11 ay ərzində inşa edilərək başa çatdırılması nəzərdə tutulub. Yaxın vaxtlarda xətlərin ayrılması layihəsi üzrə daha bir tədbir tamamlanacaq. "28 May-Cəfər Cabbarlı" stansiyaları arasında piyada pilləkəni sentyabr ayının sonlarına qədər istifadəyə veriləcək. Bu isə o deməkdir ki, xətlər tam ayrıldıqdan sonra qatarlar "Dərnəgül", "Nizami", "Cəfər Cabbarlı" xətti istiqamətində yaşıl xətt üzrə hərəkət edəcək və sərnişinlər bir xətdən digər xəttə 28 May-Cəfər Cabbarlı stansiyalarından istifadə edəcəklər. Bu piyada pilləkəni isə həmin sahədə axınların toqquşmasının qarşısını alaraq minimallaşdıracaq".
B.Məmmədov vurğulayıb ki, bu layihə təkcə "Bakı Metropoliteni"ndə deyil, paytaxtda nəqliyyat düyünlərinin açılması istiqamətində mühüm addımdır: "Çünki bu layihə şəhərdə sıxlığın azaldılması, dayanıqlılıq, mobilliyin artırılması, şəhər nəqliyyatının optimallaşdırılması, təkmilləşdirilməsi və tənzimlənməsi, Bakı şəhərində nəqliyyat mənzərəsinin tamamilə dəyişdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir".
Əsas məqsəd gediş sayını minimuma endirməkdir
Bu məqamda qeyd edək ki, "28 May–Nizami" stansiyaları arasında sərnişindaşıma dayandırıldığına görə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən təşkil olunan 6 yeni ekspres marşrutu avqustun 14-dən fəaliyyətə başlayıb.
Yeni ekspres marşrutlar bu stansiyalar arasında fəaliyyət göstərir:
M1 – metronun "Elmlər Akademiyası" və "28 May" stansiyaları;
M2 – metronun "İnşaatçılar", "Nizami" və "28 May" stansiyaları;
M3 – metronun "20 Yanvar", "Nizami" və "28 May" stansiyaları;
M4 – metronun "20 Yanvar" və "Koroğlu" stansiyaları;
M5 – metronun "20 Yanvar" və "Gənclik" stansiyaları;
M6 – metronun "Elmlər Akademiyası" və "Gənclik" stansiyaları.
Bundan başqa, 20 müntəzəm marşrutda (2, 6, 7A, 9, 10, 14, 17, 18, 26, 61, 65, 79, 85, 88, 88A, 93, 133, 165, 199, 202 nömrəli) avtobusların sayının artırılması həyata keçiriləcək.
Bununla bağlı AYNA vətəndaşlara müraciət edib. Belə ki, qurumun mətbuat katibi "Far.Az"a açıqlamasında qeyd edib ki, vətəndaşlar səfərlərini planlaşdıran zaman istiqamətləri öncədən müəyyən etsin və bu ekspress marşrut xətlərinin imkanlarından düzgün yararlansınlar: "Əsas məqsədimiz isə insanların gediş sayını minimuma endirməkdir".
Onun sözlərinə görə, vətəndaşlara yardım göstərmək məqsədilə bu gündən nəqliyyat könüllüləri də fəaliyyətə başlayıb: "Onlar "20 Yanvar", "Elmlər Akademiyası", "İnşaatçılar" və "28 May" meto stansiyalarının qarşısında vətəndaşları məlumatlandırırlar".
Oxşar xəbərlər
Bakı metrosu xətlərin ayrılması üçün 200 metrlik tunelin inşasına hazırlaşır
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Bakı metrosunda tikinti işləri ilə bağlı SEVİNDİRİCİ XƏBƏR
Bakıda kosmetoloji vasitələrin satışı anbarının fəaliyyəti dayandırılıb
Sevilən məkan, dəyişməz keyfiyyət: "Günaydın" restoranı daha bir ünvanda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Özünü hər sahədə göstərə bilən bürclər
-
SOCAR-ın borc öhdəlikləri açıqlanıb
-
Türkiyədə viza fırıldaqçılığı ilə məşğul olan 37 nəfər həbs edilib
-
Nardaranda BƏDBƏXT HADİSƏ: Hovuzda ayağı su nasosunda qalan uşaq öldü
-
Netanyahu: Nüvə silahlı "İslam respublikası" Britaniya olacaq
-
Husilər Nəcranda "Saudi Aramco"nun obyektinə hücum ediblər













