Qiymətləndiricilər artıq düzəliş əmsallarını təxmin etməyəcək
Azərbaycan Qiymətləndiricilər Palatası (AQP) daşınmaz əmlak və nəqliyyat bazarlarında müqayisəli qiymətləndirmə zamanı istifadə olunan düzəliş əmsallarının statistik bazasını hazırlayıb.
Palatadan "Far.Az"a bildirilib ki, yüz mindən çox real bazar müşahidəsinə əsaslanan göstəricilər qiymətləndiricilərə analoqların qiymətləndirilən obyektə uyğunlaşdırılması zamanı hazır statistik əmsallardan istifadə etməyə imkan verəcək.
İndiyədək müqayisə yanaşmasında mərtəbə, sahə, təmir vəziyyəti, yerləşmə və digər xüsusiyyətlər üzrə düzəlişlərin kəmiyyəti əsasən qiymətləndiricinin peşəkar təcrübəsi və mülahizəsi əsasında müəyyənləşdirilirdi. Nəqliyyat vasitələrinin qiymətləndirilməsində isə avtomobilin yaşı, yürüşü və digər xüsusiyyətlər nəzərə alınırdı. Eyni obyekt üzrə fərqli qiymətləndiricilərin müxtəlif düzəlişlər tətbiq etməsi nəticəsində qiymətləndirmə nəticələri də fərqlənə bilirdi.
Hazırlanan statistik baza köhnə və yeni tikili mənzillər, fərdi yaşayış evləri, kommersiya obyektləri, torpaq sahələri və nəqliyyat vasitələri daxil olmaqla 6 bazar seqmentini əhatə edir. Hər seqment üzrə rayonlar, ölçü diapazonları və digər bazar xüsusiyyətləri nəzərə alınmaqla median qiymətlər, qiymət fərqləri və dəyişkənlik göstəriciləri hesablanıb.
Düzəliş əmsalları ayrı-ayrı elanların müqayisəsi əsasında deyil, statistik modellər vasitəsilə müəyyənləşdirilib. Hesablamalar zamanı qiymətə eyni vaxtda təsir edən digər amillər nəzarətdə saxlanılıb. Bu, konkret xüsusiyyətin bazar dəyərinə təsirini digər amillərin təsirindən ayırmağa imkan verir.
Nəqliyyat bazarı üzrə 37 mindən çox elan təhlil olunub. Rənglənmiş avtomobillərlə bağlı hesablamalar qiymət fərqinin 21,9 % olduğunu göstərib. Göstərici 19 mindən çox müşahidə əsasında hesablanıb və qiymətləndirici tərəfindən qiymətləndirmə hesabatında statistik mənbəyə istinad edilməklə istifadə oluna bilər.
Təhlil zamanı bəzi göstəricilərin ilkin baxışda yaratdığı nəticələrlə real statistik effekt arasında fərq də müəyyənləşdirilib. İlkin hesablamada gümüşü rəngli avtomobillərin qiymətinin 37 faiz aşağı olduğu görünsə də, avtomobilin yaşı nəzərə alındıqdan sonra bu fərqin rənglə deyil, yaş amili ilə bağlı olduğu müəyyən edilib. Gümüşü rəngli avtomobillərin bazarda daha çox 2010-cu illərdə istehsal olunan modellər arasında yayılması həmin qrupun orta yaşının yüksək olması ilə əlaqələndirilib. Buna görə rəng üzrə ayrıca düzəliş əmsalının tətbiqi nəzərdə tutulmayıb.
Statistik təhlil qiymətləndirmə zamanı eyni amilin iki dəfə nəzərə alınması riskini də azaltmağa imkan verir. Məsələn, mənzillərdə sahə və otaq sayı üzrə ayrıca düzəlişlərin eyni vaxtda tətbiqi miqyas effektinin təkrar hesablanmasına səbəb ola bilər. Bu səbəbdən topluda yalnız tətbiq edilə bilən əmsallar deyil, statistik baxımdan ayrıca düzəliş kimi istifadə edilməsi məqsədəuyğun olmayan göstəricilər də müəyyənləşdirilib.
Yeni baza qiymətləndiricinin tətbiq etdiyi düzəlişin mənbəyini hesabatda göstərməsinə imkan verəcək. Bu isə qiymətləndirmə nəticələrinin bank, məhkəmə və digər maraqlı tərəflər tərəfindən yoxlanılması zamanı düzəlişlərin statistik əsaslandırılmasını təmin edəcək.
Bazar göstəriciləri və düzəliş əmsallarının aylıq yenilənməsi nəzərdə tutulur. Məlumatlar AQP-nin rəqəmsal platformasında qiymətləndiricilərin istifadəsinə təqdim ediləcək.
Növbəti mərhələdə toplanmış bazar məlumatları əsasında avtomatlaşdırılmış qiymətləndirmə modellərinin hazırlanması və həmin modellərin etibarlılığının yoxlanılması planlaşdırılır.
Oxşar xəbərlər
Xankəndi şəhərində hərbçilərin yürüşü başa çatıb
Prezident Azərbaycanda sosial müavinətləri artırdı - FƏRMAN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Hava Hücumundan Müdafiə bölmələri üçün 20-yə yaxın yeni hərbi obyekt istifadəyə verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
ATƏT PA TÜRKPA-nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək
-
Bakıda IV Beynəlxalq Minatəmizləmə Konfransı başa çatıb, bəyanat qəbul edilib
-
İstanbulda təhlükəsizlik qüvvələri ilə İŞİD terrorçusu arasında atışma olub, ölən və yaralanan var
-
Hamilə qadınların ABŞ-yə girişi məhdudlaşdırıla bilər
-
Metsamor AES təmirdən sonra işini bərpa edib
-
Sabah 44 yaşayış məntəqəsində işıq olmayacaq













