Avropada islamofobiyanın yayılması: stereotiplər, ayrı-seçkilik və nifrət - ŞƏRH
Far.Az xəbər saytı

Avropada islamofobiyanın yayılması: stereotiplər, ayrı-seçkilik və nifrət - ŞƏRH


Avropada dini və mədəni zəmində qarşıdurmalar, ayrı-seçkilik qlobal gündəmin əsas problemlərindən biri olaraq qalır. Xüsusilə də son illər qitədə islam dini və müsəlmanlarla bağlı mənfi hallar, insidentlərin yayılması müşahidə edilir. Dini dəyərlərə qarşı təhqiramiz münasibətlərin ortaya çıxması və terror anlayışının bütövlükdə İslam dini ilə əlaqələndirilməsi də müsəlman ölkələrində ciddi narahatlıq doğurur.

Prezident İlham Əliyevin sentyabrın 15-də Bakıda beynəlxalq konfransların iştirakçıları ilə görüşündə səsləndirdiyi fikirlər məhz bu kontekstdə diqqət çəkir. Dövlət başçısı bildirib ki, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir.

Dövlət başçısı müsəlman dünyasının gözdən salınması, ləkələnməsi, terrorla eyniləşdirilməsi, islam dəyərlərinə və müqəddəs Qurana qarşı təhqiramiz hərəkətlərin təsadüfi hadisələr kimi qiymətləndirilməməli olduğunu vurğulayıb.

Prezidentin çıxışında diqqətçəkən əsas məqamlardan biri islamofobiyanın daha geniş prosesin tərkib hissəsi kimi təqdim edilməsidir. Burada söhbət yalnız ayrı-ayrı şəxslərin müsəlmanlara qarşı mənfi münasibətindən deyil, islam dini və müsəlman cəmiyyətləri haqqında formalaşdırılan stereotiplərdən gedir. İslamofobiya anlayışı müxtəlif ölkələrdə müsəlmanlara qarşı ayrı-seçkilik, nifrət nitqi, dini etiqada hörmətsizlik və sosial-mədəni stereotiplərlə bağlı müzakirələrdə istifadə olunur.

Bu problemin təhlükəsi ondadır ki, müəyyən hallarda ayrı-ayrı ekstremist şəxslərin və ya qrupların əməlləri bütövlükdə islam dini ilə eyniləşdirilir. Halbuki hər hansı cinayət və ya terror aktına görə bütöv bir dinin və milyardlarla insanın məsuliyyət daşıması məntiqi və hüquqi baxımdan qəbuledilməz yanaşmadır. Məhz bu səbəbdən dini mənsubiyyətlə ekstremizm arasında fərqin aydın şəkildə qorunması beynəlxalq ictimaiyyət üçün mühüm məsələdir.

Dünyanın müxtəlif bölgələrində islamofobiya, müsəlmanlara qarşı ayrı-seçkilik və islam dininin terrorla əlaqələndirilməsi cəhdləri artıb. Xüsusilə müqəddəs "Qurani-Kərim"ə qarşı təhqiramiz davranışlar nümayiş etdirilir. Bu da yalnız dini kitabın təhqiri kimi deyil, milyonlarla insanın dini hisslərinə toxunan, cəmiyyətdə qarşıdurma və gərginlik yarada bilən hərəkətlər kimi qiymətləndirilir.

Prezdent də çıxışında bildirib ki, dinimizə qarşı, İslam dünyasına qarşı elan olunmamış müharibə gedir və islamofobiya onun kiçik bir tərkib hissəsidir: "Müsəlman aləmini gözdən salmaq, ləkələmək, terrorla eyniləşdirmək, bizim dəyərlərimizə qarşı, müqəddəs "Qurani-Kərim"ə qarşı o təhqiredici faktlar. Siz hesab edirsiniz ki, bunlar elə təsadüfən baş verir? Yox! Bu, məqsədyönlü siyasətdir".

Müqəddəs Qurani-Kərimə qarşı təhqiredici faktlar və bu növ islamofobik addımlar son illərdə beynəlxalq müstəvidə və müvafiq platformalarda kəskin şəkildə pislənilən və narahatlıq doğuran mühüm mövzulardan biridir. Bu hadisələr adətən söz azadlığı adı altında pərdələnərək müəyyən radikal qruplar və ya şəxslər tərəfindən məqsədyönlü şəkildə həyata keçirilir.

Son illərdə qeydə alınan və dünyada geniş rezonans doğuran əsas təhqiredici faktlar kifayət qədərdir. Məsələn, İsveçin Stokholm və Danimarkanın Kopenhagen şəhərlərində müxtəlif radikal sağçı siyasətçilər (məsələn, Rasmus Paludan və Salvan Momika kimi şəxslər) tərəfindən rəsmi icazə ilə Quranın yandırılması və ya tapdalanması aksiyaları təşkil edilib. Bu hərəkətlər Türkiyə, İraq və digər müsəlman ölkələrinin səfirlikləri önündə, həmçinin məscidlərin yaxınlığında nümayişkaranə şəkildə icra olunub.

İsveç və Danimarka hökumətləri bu aksiyaları ilkin mərhələdə "söz və ifadə azadlığı" qanunları ilə əsaslandırsalar da, beynəlxalq təzyiqlər və daxili təhlükəsizlik riskləri səbəbindən sonradan bu növ ictimai nifrət cinayətlərinin qarşısını almaq üçün hüquqi tənzimləmələrə getməyə məcbur olublar.

Azərbaycan hökuməti, o cümlədən Xarici İşlər Nazirliyi Avropada və dünyanın digər yerlərində törədilən Quran yandırma aksiyalarını, islamofobiyanın hər hansı təzahürünü nifrət cinayəti adlandıraraq kəskin şəkildə qınayıb. Rəsmi Bakı bu cür halları müsəlman aləmini ləkələmək məqsədi daşıyan məqsədyönlü siyasət hesab edir və buna qarşı İslam dünyasının birliyini vacib sayır.

İslamofobiyaya gəldikdə, bu hal yalnız müsəlmanların dini hisslərinə toxunan məsələ deyil, fenomen ayrı-seçkilik, stereotiplər, nifrət nitqi və sosial təcrid kimi problemləri də dərinləşdirə bilər. Müsəlmanların terrorçu, radikal və təhlükə mənbəyi kimi təqdim edilməsi cəmiyyətlərdə yanlış təsəvvürlərin formalaşmasına şərait yaradır.

Beləliklə, Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər İslam dünyasının üzləşdiyi problemlərlə bağlı Azərbaycanın mövqeyini ifadə edən siyasi mesajdır. Dövlət başçısı bu kontekstdə müsəlman dünyasının gözdən salınması, İslamın terrorla eyniləşdirilməsi və müqəddəs dini dəyərlərə qarşı təhqiramiz münasibətlərin yolverilməzliyini vurğulayıb. Və bu çağırışın əsas xətti də müsəlman dünyasının birlik və həmrəyliyindən keçir. Müasir dünyada da dini və mədəni qarşıdurmaların qarşısının alınması yalnız siyasi bəyanatlarla deyil, dialoq, qarşılıqlı hörmət, hüquqi mexanizmlər, maarifləndirmə və beynəlxalq əməkdaşlıqla mümkündür.

Oxşar xəbərlər

İlham Əliyev Bakıda keçirilən beynəlxalq konfransların iştirakçılarını qəbul edib - YENİLƏNİB
Mehriban Əliyeva Vatikanda Müqəddəs Komodilya katakombalarının bərpası layihəsinin açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər