İnsan hüquqları, yoxsa siyasi təzyiq aləti? - Avropa Parlamenti növbəti qərəz nümayişinə hazırlaşır
Far.Az xəbər saytı

İnsan hüquqları, yoxsa siyasi təzyiq aləti? - Avropa Parlamenti növbəti qərəz nümayişinə hazırlaşır


Avropa Parlamenti bu həftə insan hüquqları və demokratiya ilə bağlı qətnamələr qəbul etməyi planlaşdırır. Amma necə deyərlər, avazın yaxşı gəlir, oxuduğun Quran olsa. Köhnə Qitədə insan hüquqlarının hər gün kütləvi şəkildə pozulduğu bir vaxtda Avropa Parlamenti nədənsə İran, Gürcüstan və Azərbaycanın "qeydinə qalmaq" qərarına gəlib.

Hər gün Avropa mətbuatında miqrantların hüquqlarının pozulması, polisin etiraz aksiyalarına sərt müdaxiləsi (bu günlərdə Fransada vəziyyət pik həddə çatıb), ifadə azadlığı və sərbəst toplaşma hüququnun pozulması ilə bağlı kifayət qədər xəbər tirajlanır. Üstəlik, bu məsələlər beynəlxalq hüquq müdafiə təşkilatlarının hesabatlarında da yer alır. Ancaq Avropa qurumlarını bu problemlər və onların getdikcə artan miqyası narahat etmir. Elə isə öz gözündəki tiri görməyən Avropa Parlamentinin başqa ölkələrin gözündə çöp axtarması nədən xəbər verir?

Heç kimə sirr deyil ki, Avropa Parlamenti kimi qurumlar insan hüquqlarına çoxdan universal prinsip kimi deyil, ayrı-ayrı ölkələrə siyasi təzyiq vasitəsi kimi yanaşır. İkili standartların tətbiqi də elə bu yanaşmadan irəli gəlir.

Məsələn, nədənsə Fransa liseylərindəki problemlərə etiraz edən şagird və müəllimlərə qarşı gözyaşardıcı qazdan, dəyənəklərdən və rezin güllələrdən istifadə edilməsi, polisin etirazçılara atdığı qumbaranın bir yeniyetməni yaralaması, 5 mindən çox aksiya iştirakçısının saxlanılması Avropa Parlamentində müzakirə olunmur, ancaq Avropa İttifaqına üzv olmayan fərqli ölkələrdə ayrı-ayrı şəxslərin qanun qarşısında cavab verməsi bu qurumu "narahat edir". Və dinc nümayişçi və jurnalistlərə qarşı polis tərəfindən ifrat güc tətbiq edildiyi, qanunsuz həbslərin həyata keçirildiyi, etiraz hüququnun məhdudlaşdırıldığı Yunanıstanla bağlı nə üçün qətnamə qəbul edilmir? Axı bütün bunlar "Amnesty International"ın hesabatlarında qalaq-qalaq öz əksini tapıb!

Əslində Avropa Parlamentinin Azərbaycana qarşı qərəzli mövqe tutması yeni məsələ deyil. Azərbaycan Prezidenti İlham Əliyev ölkəyə qarşı bu münasibəti belə qiymətləndirib: "Avropa Parlamenti işğalçı Ermənistana hər zaman dəstək verib və bu gün də bu belədir. Yəni bax bu, bizə olan münasibətin kiçik bir təsviridir. Görün, biz kimlərlə üzbəüz qalmışdıq, yəni Ermənistan təkbaşına deyildi. Ermənistan təkbaşına olsaydı, bu məsələ çoxdan həll olunardı. Yaxud da ki, o vaxt bu işğala, bu vəhşiliyə, bu soyqırımına görə Ermənistana beynəlxalq sanksiyalar tətbiq edilsəydi, məsələ çoxdan həll olunardı. Eləmədilər, bilərəkdən, qəsdən. İndi yeri gəldi-gəlmədi, hər yerə sanksiyalar qoyulur. Amma yaxşı, Ermənistan burada başqa dövlətin 20 faiz torpağını zəbt edib, 700 min insanı oradan qovub, 250 min insanı - azərbaycanlıları Ermənistandan qovub, dağıdıb hər şeyi, bütün şəhərləri. Sən niyə ona sanksiya tətbiq etmirsən? Bu, deməli, ikili standartlardır.

Azərbaycan Prezidenti öz çıxışlarında bildirib ki, Avropa Parlamenti və Avropa Şurası kimi qurumlar bölgəmizdə gedən sülh prosesinə dəstək vermək əvəzinə onu sabotaj edir, sülhə mane olur. "İkinci Qarabağ müharibəsi bitdikdən cəmi altı ay sonra - 2021-ci ilin mayından 2026-cı ilin aprelin 30-na qədər Avropa Parlamenti Azərbaycanla bağlı təhqir və yalanlarla dolu 14 qətnamə qəbul edib. Sadəcə, təsəvvür edin: beş il ərzində 14 qətnamə aludəçilikdir"- deyə İlham Əliyev bildirib.

Maraqlıdır ki, bu qətnamələrdən biri Avropa Siyasi Birliyinin Ermənistan sammitindən cəmi dörd gün əvvəl qəbul edilib. Bu isə təsadüf sayıla bilməz. Bu zamanlama sənəddə Azərbaycanla bağlı məsələnin təkcə hüquqi deyil, daha geniş regional-siyasi kontekstin bir hissəsi kimi gündəmə gətirildiyi barədə sual yaradır. Xüsusilə Ermənistanın Avropa siyasi gündəminin mərkəzində olduğu bir mərhələdə belə qətnamənin qəbul edilməsi onun siyasi mesajının ayrıca nəzərdən keçirilməsini zəruri edir. Ermənistanın Avropa tərəfindən açıq şəkildə dəstəklənməsi isə xüsusilə müəyyən suallar yaradır. AP-nin Ermənistana bu dəstəyi və Azərbaycana qərəzinin arxasında Avropada siyasi güc sayılan Fransa dayanır və məhz Paris İrəvanı himayə edir. Bu gün Ermənistanda Baş nazir Nikol Paşinyanın göstərişi ilə onun siyasi opponentlərinə qarşı həbs dalğası başlayıb. Amma nədənsə, Avropa institutlarının reaksiyası gözə dəymir.

Xatırladaq ki, eyni yanaşma vaxtilə Gürcüstana qarşı da tətbiq edilirdi. Nə qədər ki, bu ölkədə qərbyönümlü qüvvələr hakimiyyətdə idilər, Tbilisiyə gözün üstə qaşın var deyən olmurdu. Elə ki, Fransadan Gürcüstana yeridilmiş Salome Zurabişvili prezident seçkisini uduzdu, Avropa qurumları dərhal bu ölkədə insan haqları və demokratiyadan narahat olmağa başladılar.

Bu gün Azərbaycan və Ermənistan arasında yeni münasibətlər sisteminin formalaşdığı bir dövrdə Avropa institutlarının davranışı həm də geosiyasi seçimdir. Azərbaycan bölgədəki sülh gündəliyinin müəllifidir və Ermənistan bu gündəliklə hesablaşmağa məcburdur. Müstəqil xarici siyasət yürüdən və Avropa Parlamenti kimi strukturların diktəsi ilə oturub-durmaq istəməyən rəsmi Bakının mövqelərinin güclənməsi isə İrəvana himayədarlıq edən Fransa kimi ölkələrin siyasətinə ziddir.

Burada diqqət ediləcək önəmli məqam Azərbaycanla bağlı ayrı-ayrı cinayət işlərinə siyasi qiymət verməyə cəhd edən AP-nin qətnamələrinin hüquqi statusudur. Avropa Parlamenti Aİ-nin siyasi və qanunvericilik institutlarından biridir, lakin məhkəmə orqanı deyil. Bu səbəbdən də hansısa şəxsin konkret cinayət işi üzrə təqsirli və ya təqsirsiz olması barədə hökm verə biləcək səlahiyyəti yoxdur. Əgər AP ayrı-ayrı şəxslərin cinayət işlərini qətnamə səviyyəsinə qaldırırsa, ən azı ittihamların mahiyyətini, məhkəmənin qərarlarını, prosesin hansı mərhələdə olduğunu və hüquqi prosedurların necə aparıldığını obyektiv şəkildə nəzərə almalıdır. Əks halda, məhkəmənin yekun hüquqi qiymətini gözləmədən şəxslərin "siyasi məhbus", proseslərin isə "siyasi təqib" kimi təqdim edilməsi qərəz və ikili standart mövzusunu bir daha qabardır. Bu göstərir ki, AP üçün əsas siyasi maraqdır, insan hüquqları sadəcə bir alətdir. Özü də təkcə siyasi təzyiq aləti yox, həm də korrupsiya aləti. Məsələn, Avropalı deputatların zəngin erməni diasporasına muzdlu lobbiçilik etməsi heç kimə sirr deyil və bu yaxınlarda müstəqil resurslar konkret adlar çəkməklə və sənədlər göstərməklə, bu korrupsiya mexanizminin necə işlədiyini göstərmişdilər.

Avropa Parlamentinin rüşvətxorlar yuvası olduğunu Azərbaycan Prezidenti açıq bəyan edib: "Bunu mən tam məsuliyyətlə deyirəm - rüşvətxorlar yuvasıdır Avropa Parlamenti. Onun vitse-prezidentinin evindən çamadanlarla dolu milyonlarla dollar çıxdı, hamısını ört-basdır etdilər. Elə bil olmayıb bu. Onun adı bəllidir, o Yunanıstandan olan bir xanım deputatdır. Neçə il keçib onun üstündən? Bir ölçü götürülüb ona qarşı? Yox! Məsuliyyətə cəlb edilib? Yox! Sərbəst buraxılıb".

Görünən odur ki, Avropa Parlamentinin hazırladığı növbəti qətnamə layihələrinin də hədəfi nə insan hüquqları, nə də demokratiyadır. Lakin daha öncə qeyd etdiyimiz kimi, insan hüquqları məsələsi mübahisə, siyasi manipulyasiya, qərəz aləti yox, universal prinsip olmalıdır. Hansısa prinsip yalnız o zaman universal olur ki, eyni meyar müxtəlif ölkələrə münasibətdə eyni şəkildə və ardıcıl tətbiq edilsin. Avropa Parlamentinin insan haqlarına münasibəti isə ölkədən ölkəyə fərqlənir ki, bu da qurumun obyektivliyini yumşaq desək şübhə altına alır.

Kamil Məmmədov

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər