Qazaxıstan Prezidenti Astanada süni intellekt üzrə forum keçirməyi təklif edib
Far.Az xəbər saytı

Qazaxıstan Prezidenti Astanada süni intellekt üzrə forum keçirməyi təklif edib


Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev 2027-ci ilin birinci rübündə Astanada MDB-nin himayəsi altında süni intellekt sahəsində mütəxəssislərin iştirakı ilə xüsusi forum keçirməyi təklif edib.

"Far.Az"un Türkmənistana ezam olunan əməkdaşı xəbər verir ki, o, bu barədə MDB Dövlət Başçıları Şurasının iclasında bildirib.

Tokayev həmçinin elmi mərkəzlərin, universitetlərin, şirkətlərin və startapların iştirakı ilə süni intellektin inkişafı strategiyaları, qanunvericilik və dövlət dəstəyi tədbirləri sahəsində təcrübə və ən yaxşı praktikaların mübadiləsi mexanizminin yaradılmasının tərəfdarı olduğunu bildirib.

Onun sözlərinə görə, yeni texnologiyaları mənimsəmək və öz işləmələrini tətbiq etmək bacarığı MDB ölkələrinin iqtisadiyyatlarının rəqabət qabiliyyətini müəyyən edən əsas amilə çevrilir.

Qazaxıstan prezidentinin daha bir təşəbbüsü 2027-2030-cu illər üçün MDB-nin flaqman sənaye-texnoloji layihələri portfelinin formalaşdırılması olub. O, diqqəti yüksək əlavə dəyəri olan məhsulların istehsalına cəmləməyi və bu işə inkişaf institutlarını, maliyyə təşkilatlarını və biznesi cəlb etməyi təklif edib.

"MDB məkanının böyük bir hissəsində işgüzar əlaqələrin inkişafı və yeni istehsalatların işə salınması üçün müasir infrastruktur formalaşır. İndi isə mövcud potensialı üzə çıxarmaq vəzifəsini yerinə yetirmək, başqa sözlə, qarşılıqlı ticarətdəki əsassız, süni şəkildə yaradılmış maneələri azaltmaq, xidmətlər bazarını genişləndirmək, qarşılıqlı investisiyalar üçün əlverişli şərait yaratmaq lazımdır", - Tokayev qeyd edib.

O, nəqliyyat sahəsindəki əməkdaşlıqdan danışarkən, Şimal - Cənub, Qərbi Çin - Qərbi Avropa beynəlxalq dəhlizlərinin və Transxəzər marşrutunun (TBNM və ya Orta Dəhliz) inkişafının vacibliyini vurğulayıb. Onun sözlərinə görə, onların qarşılıqlı əlaqəliliyi kontinental daşımaların səmərəliliyini artırmağa imkan verəcək.

Prezident həmçinin daşımaların rəqəmsallaşdırılmasının, elektron sənəd dövriyyəsinin tətbiqinin və sərhədlərdəki prosedurların uzlaşdırılmasının zəruriliyini qeyd edib. O, MDB məkanında vahid rəqəmsal dəhlizin formalaşdırılmasını prioritet vəzifə adlandırıb.

Bundan əlavə, Tokayev əməkdaşlıq coğrafiyasını genişləndirmək və təşkilatın Avrasiya miqyaslı açıq platforma kimi rolunu gücləndirmək məqsədilə ilk "MDB plyus" sammitinin keçirilməsinin tərəfdarı olduğunu bildirib.

Oxşar xəbərlər

İlham Əliyev MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edib
Leyla Əliyevanın təşəbbüsü ilə uşaq evlərinin komandaları arasında növbəti minifutbol turniri təşkil olunub
ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılan Sülh Şurası təsis edilib
Heydər Əliyev Fondunun dəstəyi ilə alınan musiqi alətlərinin təqdimatı olub
10 illik proqramı 3 ilə mənimsəmək imkanı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər