Azərbaycanda 17 ölkənin 19 diplomatı ixtisasartırma kursunu bitirib
Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) və ADA Universitetinin birgə təşkilatçılığı ilə növbəti "Xarici Siyasət Proqramı" təşkil olunub.
Bu barədə Far.Az-ə Xarici İşlər Nazirliyindən məlumat verilib.
İxtisasartırma proqramında Avropa, Latın Amerikası, Afrika və Okeaniyanın 17 ölkəsini təmsil edən 19 yüksək və orta rütbəli xarici diplomat iştirak edib.
Proqram çərçivəsində ADA Universitetinin professor-müəllim heyəti, Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi, Xarici İşlər Nazirliyinin idarə rəisləri, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirinin müşaviri, Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədri məruzələrlə çıxış ediblər.
Sessiyalarda regionun siyasi tarixi, Azərbaycanın xarici siyasət prioritetləri, xarici siyasətin kommunikasiyası, enerji diplomatiyası, regional geosiyasət və təhlükəsizlik, diplomatik yazışma və protokol, danışıqlar aparmaq bacarıqları, işğaldan azad edilmiş ərazilərin bərpası və sülh quruculuğu, eləcə də qlobal iqtisadi tendensiyalar, liderlik və nitq bacarıqları və digər mövzular əhatə olunub.
İştirakçılar Xarici İşlər Nazirliyində və Milli Məclisdə təşkil olunan dəyirmi masalarda Azərbaycanın xarici siyasətinə, habelə ikitərəfli və çoxtərəfli münasibətlərdə parlamentin roluna dair müzakirələrə də qatılıblar.
Proqram çərçivəsində Şuşa və Xankəndi şəhərlərinə səfər edən diplomatlar regionun tarixi, mədəni və yeni reallıqları ilə tanış olublar. İştirakçılar, həmçinin Heydər Əliyev Mərkəzi və Xalça Muzeyini də ziyarət ediblər.
Bağlanış mərasimində çıxış edən ADA Universitetinin akademik məsələlər üzrə prorektoru Elkin Nurməmmədov iştirakçıları təbrik edib və sessiyaların məhsuldar keçdiyini bildirib. O, proqramın Azərbaycanla yanaşı, qlobal iqtisadi və siyasi proseslərə dair bilik və təcrübə mübadiləsinə şərait yaratdığını vurğulayıb, göstərilən dəstəyə görə AIDA-ya və tərəfdaşlara təşəkkür edib.
AIDA-nın direktoru Jalə İbrahimova proqrama verdiyi töhfəyə görə ADA Universitetinə təşəkkür edərək müxtəlif ölkələrin nümayəndələrini bir araya gətirən bu əməkdaşlığın gələcək tərəfdaşlıqlar üçün yeni imkanlar yaratdığını qeyd edib.
Prorektorun müşaviri və İxtisasartırma Proqramının rəhbəri Aygün Hacıyeva "Xarici Siyasət Proqramı"nın son doqquz ildə əldə etdiyi nəticələrə dair təqdimatla çıxış edib. O, bu il on ölkənin proqramda ilk dəfə təmsil olunduğunu, habelə 2018-ci ildən həyata keçirilən proqramdan indiyədək 99 ölkədən 167 diplomat məzun olduğunudiqqətə çatdırıb.
Tədbir sertifikatların təqdim olunması ilə yekunlaşıb.
Qalereya
Oxşar xəbərlər
İlham Əliyev Lənkəran Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
SOCAR-ın Bakı Ali Neft Məktəbinin nəzdində fəaliyyət göstərən Rəqəmsal Biliklər Liseyinin rəsmi açılış mərasimi keçirilib
Nazir bu müəllimləri təltif edildi - ADLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













