Serbiyada parlament seçkilərində seçici fəallığı 34,55 faizə çatıb - Yenilənib
Far.Az xəbər saytı

Serbiyada parlament seçkilərində seçici fəallığı 34,55 faizə çatıb - Yenilənib


Serbiyada keçirilən növbədənkənar parlament seçkilərində saat 12:00-a qədər seçici fəallığı 34,55 faiz təşkil edib.

"Far.Az"un Balkan bürosu xəbər verir ki, bu barədə Serbiya Respublika Seçki Komissiyasında (RIK) keçirilən mətbuat konfransında Respublika Statistika İdarəsinin direktor vəzifəsini icra edən Branko Yosipoviç məlumat verib.

Onun sözlərinə görə, saat 12:00-a qədər Voyvodinada seçicilərin 38,08 faizi, Belqradda 35,23 faizi, Şumadiya və Qərbi Serbiya regionunda 32,56 faizi, Cənubi və Şərqi Serbiya regionunda isə 31,96 faizi səs verib.

Qeyd edək ki, 2023-cü il dekabrın 17-də keçirilən əvvəlki parlament seçkilərində yerli vaxtla saat 12:00-a qədər seçici fəallığı 21,33 faiz olub.

RIK sədri Vladimir Dimitriyeviç isə bildirib ki, çoxsaylı seçki məntəqələrində səsvermə prosesi indiyədək insident və qanun pozuntuları qeydə alınmadan davam edir.

Onun sözlərinə görə, səhər saatlarında seçicilərin yüksək marağı səbəbindən bəzi məntəqələrin açılışında kiçik gecikmələr və sıxlıq yaranıb. Hazırda bütün seçki məntəqələri fəaliyyət göstərir.

Dimitriyeviç seçki komissiyalarının üzvlərini qanunvericiliyin və RIK-in təlimatlarının tələblərinə ciddi əməl etməyə çağırıb. O, seçki materiallarının qorunmasının vacibliyini vurğulayaraq, onların məhv edilməsinin və seçicilərin səsverməsinə mane olmağın cinayət əməli olduğunu xatırladıb.

RIK sədri əlavə edib ki, komissiya seçki günü ərzində müntəzəm mətbuat konfransları keçirərək seçici fəallığı və seçki məntəqələrindəki vəziyyət barədə ictimaiyyətə məlumat verəcək.

Serbiyada seçki məntəqələri saat 20:00-dək açıq olacaq.

Serbiyada növbədənkənar parlament seçkiləri başlayıb.

"Far.Az"un Balkan bürosu xəbər verir ki, seçkilərdə vətəndaşlar Serbiya parlamentinin yeni çağırışında təmsil olunacaq 250 deputatı seçəcəklər.

Seçki məntəqələri Serbiya vaxtı ilə saat 20:00-dək açıq olacaq.

Qeyd edək ki, Azərbaycanın Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti növbədənkənar parlament seçkilərini müşahidə etmək, həmçinin seçki idarəçiliyi sahəsində beynəlxalq əməkdaşlığı və təcrübə mübadiləsini genişləndirmək üçün bu ölkədə səfərdədir.

Oxşar xəbərlər

Lökbatandakı yanğına helikopterlər indiyədək 200 ton su töküb - YENİLƏNİB-4
Lökbatandakı yanğına helikopterlər indiyədək 150 ton su töküb - YENİLƏNİB-4
Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər