Marian de Yonq: Niderland Azərbaycanla münasibətlərin inkişafı üçün növbəti addımı atmağa hazırdır - Müsahibə
Far.Az xəbər saytı

Marian de Yonq: Niderland Azərbaycanla münasibətlərin inkişafı üçün növbəti addımı atmağa hazırdır - Müsahibə


Azərbaycan və Niderland arasındakı mürəkkəb münasibətlər səhifəsi keçmişdə qalıb. Siyasi dialoqun aktivləşməsi və Niderlandın xarici işlər naziri Tom Berendsenin oktyabrın 26-da Azərbaycana səfəri buna dəlalət edir. Bu, Niderland XİN başçısının son 12 ildə Bakıya ilk səfəri olacaq və ikitərəfli münasibətlərin inkişafına əlavə təkan verə bilər.

Niderlandın Azərbaycandakı səfiri Marian de Yonq "Report"a müsahibəsində ölkədəki diplomatik missiyasının birinci ilinə yekun vurub, ikitərəfli münasibətlərin mövcud vəziyyətini qiymətləndirib və əməkdaşlığın prioritet istiqamətlərindən danışıb. Diplomatik missiyanın rəhbəri həmçinin Niderland XİN başçısının Azərbaycana səfərindən gözləntilərini, iqtisadi əlaqələrin genişləndirilməsi perspektivlərini və Azərbaycan-Niderland tərəfdaşlığının keyfiyyətcə yeni səviyyəyə yüksəldilməsi imkanlarını bölüşüb.

- Niderland və Azərbaycan arasında ikitərəfli əməkdaşlığın 2026-cı ildəki inkişafını necə qiymətləndirirsiniz? Ölkələr arasında münasibətlərin möhkəmləndirilməsi üçün 2027-ci ildə hansı prioritet istiqamətlərin və təşəbbüslərin reallaşdırılması planlaşdırılır?

- Azərbaycana gəldiyim vaxta qədər ikitərəfli münasibətlər artıq müsbət dinamika nümayiş etdirirdi. Biz bir il ərzində əldə olunan irəliləyişdən və iki ölkə arasında etimadın bərpasından çox məmnunuq. İkitərəfli münasibətlərdəki mürəkkəb dövrdən sonra bu etimadı yenidən qazanmaq və əməkdaşlığın gələcək inkişafı üçün zəmin yaratmaq bizim üçün vacib idi.

İndi növbəti addımı atmaq və konkret nəticələr əldə etmək üçün uyğun məqamdır. Ümid edirik ki, Niderlandın xarici işlər naziri Tom Berendsenin Bakıya səfəri bu məqsədə çatmağa kömək edəcək. Bizim üçün bu səfər geniş sahələri əhatə edəcək və Azərbaycanla münasibətlərdəki ambisiyalarımızı əks etdirəcək 2026-2028-ci illər üzrə ikitərəfli "Yol xəritəsi"nin qəbul edilməsi üçün bir fürsət olacaq.

Biz bu "Yol xəritəsi"ni konkret fəaliyyət planına çevirmək üçün Azərbaycan hökuməti ilə sıx əməkdaşlıq edirik. Artıq qeyd etdiyim kimi, məqsədimiz nəzərəçarpacaq nəticələr əldə etməkdir. 2027-ci ildə Azərbaycanla fəaliyyətimiz məhz bu istiqamətdə olacaq.

Hazırda biz azərbaycanlı həmkarlarımızla ən səmərəli növbəti addımları müzakirə edirik. Xüsusilə Niderlandın ticarət elçisi Mark Hasseların (Marc Hasselaar) 2027-ci ilin birinci yarısında Bakıya səfər imkanı nəzərdən keçirilir. Ola bilsin ki, onun səfəri Azərbaycandakı böyük tədbirlərdən birinə, məsələn, Niderlandın ənənəvi olaraq iştirak etdiyi "Caspian Agro" sərgisinə təsadüf etsin. Bununla yanaşı, biz digər imkanları da nəzərdən keçirməyə hazırıq.

Biz həmçinin "Caspian Agro" sərgisində yenidən Niderland pavilyonunu təşkil etməyə ümid edirik - bu, hətta ötənilkindən daha irimiqyaslı pavilyon ola bilər. Hər bir halda, əminəm ki, sərgidə Niderland şirkətlərinin geniş tərkibli nümayəndə heyəti iştirak edəcək.

Bundan başqa, biz bu yaxınlarda yaradılmış Niderland-Azərbaycan Ticarət Palatasının fəaliyyətini daha da aktivləşdirmək istərdik. Ticarət Palatası bu ilin may ayında Haaqada fəaliyyətə başlayıb. Biz ona Bakıda fəliyyət göstərmək və ikitərəfli əməkdaşlıqda daha fəal iştirak etmək üçün imkanlar yaratmaq niyyətindəyik. Əminik ki, bu, ölkələrimiz arasında münasibətləri möhkəmləndirməyə və konkret nəticələr əldə etməyə kömək edəcək.

- Ticari-iqtisadi əməkdaşlığın hazırkı səviyyəsini necə qiymətləndirirsiniz? Qarşılıqlı fəaliyyətin genişləndirilməsi və Niderland investisiyalarının cəlb edilməsi üçün hansı sahələrdə potensial var?

- Hesab edirəm ki, əməkdaşlığımız artıq möhkəm təmələ və gələcək inkişaf üçün əhəmiyyətli potensiala malikdir. İndiyədək əməkdaşlığımızın əsasını nəqliyyat əlaqələri, kənd təsərrüfatı və su ehtiyatlarının idarə edilməsi təşkil edirdi. Bununla yanaşı, biz əməkdaşlığın bu ənənəvi istiqamətlər çərçivəsindən kənara çıxaraq genişləndirilməsi üçün imkanlar görürük. Perspektivli sahələr arasında dayanıqlı kənd təsərrüfatı, bağçılıq, su texnologiyaları, logistika və bərpa olunan energetika var. Əminik ki, Niderlandın təcrübə və imkanlarının Azərbaycanın iqtisadiyyatın şaxələndirilməsi sahəsindəki prioritetləri ilə vəhdəti innovasiyaların tətbiqi və iqtisadiyyatın rəqəmsallaşdırılması üçün yeni perspektivlər açacaq.

Artıq qeyd etdiyim kimi, məqsədimiz vəzifələrin müəyyənləşdirilməsi ilə kifayətlənməmək, konkret nəticələr əldə etməkdir. Əminik ki, bu cür yanaşma ikitərəfli münasibətlərin inkişafına əlavə təkan verəcək və əməkdaşlığımızın daha da dərinləşməsini böyük maraqla gözləyirik.

- Niderland şirkətləri Azərbaycanda nəqliyyat-logistika layihələrinə maraq göstərir. Xüsusilə bu yaxınlarda "C. Steinweg Group" şirkəti Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarovla Orta Dəhliz çərçivəsində birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə edib. Niderland və şirkətləri bu nəqliyyat marşrutunun inkişafında hansı rolu oynaya bilər və bu istiqamətdə gələcək əməkdaşlıq perspektivlərini necə qiymətləndirirsiniz?

- Niderland limanların idarə edilməsi, anbar logistikası, dəniz daşımaları və təchizat zəncirləri sahəsində böyük təcrübəyə malikdir. Avropa və Asiya arasında təhlükəsiz nəqliyyat əlaqəsini təmin edən vacib və tələbatın olduğu alternativ marşrut kimi Orta Dəhlizin artan əhəmiyyəti fonunda bu istiqamət bizim üçün xüsusi maraq kəsb edir.

Xüsusilə "C. Steinweg Group" kimi şirkətlər liman obyektlərinə investisiyalar və daşımalara artan tələbat nəzərə alınmaqla yüklərin emalı imkanlarının genişləndirilməsi hesabına logistika infrastrukturunun inkişafına töhfə verə bilərdilər.

Biz yüklərin emalı səmərəliliyinin artırılması, logistika proseslərinin optimallaşdırılması və Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin möhkəmləndirilməsi üçün böyük potensial görürük. Bundan başqa, Niderland qabaqcıl texnoloji həllər təklif etməklə və bu sahədə malik olduğu təcrübədən istifadə etməklə Orta Dəhlizin rəqəmsallaşdırılmasına töhfə verə bilər.

- Azərbaycan və Niderland arasında yeni ikitərəfli sazişlərin hazırlanması hansı mərhələdədir? Hazırda imzalanmaq üçün neçə sənəd hazırlanır, onlar hansı sahələri əhatə edir və nə vaxt imzalanması gözlənilir?

- Artıq qeyd etdiyim kimi, bir müddət ikitərəfli münasibətlərimiz siyasi səbəblərdən mürəkkəbləşmişdi. Düşünürəm ki, artıq bu səhifəni çevirdiyimizi əminliklə demək olar və mən buna çox şadam. Biz münasibətlərimizdə müsbət dinamikaya malik və gələcəyə yönəlmiş yeni bir fəsil açmışıq. Ölkəmizin XİN rəhbərinin səfəri də məhz bu kontekstdə baş tutacaq. Bizim əsas vəzifəmiz hər iki ölkəyə nəzərəçarpacaq fayda gətirəcək əməkdaşlıq sahələrini və imkanlarını müəyyən etməkdir. Bu prioritetlər dəqiq müəyyən edildikdən sonra zəruri hüquqi mexanizmləri müəyyənləşdirə və onların həyata keçirilməsi üçün ikitərəfli sazişlər bağlaya biləcəyik.

Keçmişdə ölkələrimiz arasında artıq müxtəlif razılaşmalar və sazişlər mövcud olub. Biz bu təmələ əsaslanmağa və bunun üçün aydın qarşılıqlı marağın olduğu sahələrdə yeni əməkdaşlıq mexanizmləri işləyib hazırlamağa ümid edirik. Bununla yanaşı, söhbət yalnız hökumətlərarası səviyyədəki sazişlərdən getmir. Ayrı-ayrı şirkətlər də konkret sektorlarda Azərbaycanın müvafiq qurumları ilə saziş və anlaşma memorandumları bağlamaqda maraqlıdırlar.

Hesab edirik ki, yuxarıda adı çəkilən 2026-2028-ci illər üçün Yol Xəritəsi bu cür imkanların üzə çıxarılması və zəruri sazişlərin irəli aparılması üçün çox yaxşı zəmin yaradacaq. Ümid edirik ki, yaxın vaxtlarda irəliləyişə nail olmaqla ikitərəfli əməkdaşlığın növbəti mərhələsinə qədəm qoya biləcəyik.

- Hazırda Azərbaycan və Niderland arasında İqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya fəaliyyət göstərmir. Belə bir mexanizmin yaradılması imkanı nəzərdən keçirilirmi? Hökumətlərarası Komissiya ticari-iqtisadi əlaqələrin sistemli inkişafına və birgə layihələrin həyata keçirilməsinə nə dərəcədə töhfə verə bilər?

- Niderland ənənəvi olaraq ikitərəfli iqtisadi münasibətlərin tənzimlənməsində standart mexanizm kimi hökumətlərarası iqtisadi komissiyalardan istifadə etmir. Biz daha çox birbaşa institusional dialoqa, sektoral əməkdaşlığa və işgüzar platformalara üstünlük veririk. Buna görə də yanaşmamız bir qədər fərqlidir.

Bununla belə, biz Azərbaycanla iqtisadi əməkdaşlığın təşkili və möhkəmləndirilməsinin ən səmərəli yollarını müzakirə etməyə hazırıq. Daha əvvəl qeyd olunan "Yol xəritəsi" bizə prioritet sahələri, konkret layihələri, həmçinin əməkdaşlığın inkişafı üçün üçün əlavə mexanizmlərin yaradılması zərurətini müəyyən etməyə kömək edəcək. Məqsədimiz seçilmiş formatın praktiki nəticələr verməsini, ticarət və investisiyaların inkişafına təkan verməsini, eləcə də Niderland və Azərbaycan şirkətləri arasında tərəfdaşlıq əlaqələrini möhkəmləndirməsini təmin etməkdir.

Niderlandda biz belə deyirik: "Forma məzmuna uyğun olmalıdır". Biz bu cür yanaşmaya açıqıq və ikitərəfli münasibətlər möhkəmləndikcə azərbaycanlı həmkarlarımızla müntəzəm dialoqun daha yaxşı təmin edilməsi və ümumi ambisiyalarımızın əməkdaşlıq üçün konkret imkanlara çevrilməsi yollarını müzakirə etməyə davam edəcəyik.

- Azərbaycan və Niderland əhəmiyyətli turizm potensialına malikdir, lakin birbaşa hava əlaqəsinin olmaması turizm və işgüzar əlaqələrin inkişafını məhdudlaşdıra bilər. İki ölkə arasında birbaşa aviareyslərin açılması imkanı müzakirə olunurmu?

- Şəxsən mən Niderlandla Azərbaycan arasında birbaşa hava əlaqəsinin yaradılmasını çox istərdim. Əminəm ki, gələcəkdə bu reallığa çevriləcək, çünki bunun üçün bazar var. Təbii ki, investorlar və aviaşirkətlər buna diqqət yetirəcək və yaranan imkanlardan istifadə edəcəklər.

Birbaşa reyslər turizmin, ticarətin, investisiyaların və işgüzar əlaqələrin inkişafına töhfə verə bilər. Biz Azərbaycana səfər edən niderlandlı turistlərin sayında artım müşahidə edirik ki, bu da Niderlandda ölkə haqqında məlumatlılığın, eləcə də onun zəngin mədəniyyətinə, təbiətinə və tarixinə marağın artdığını nümayiş etdirir. Bu il Formula-1 yarışlarının keçirildiyi müddətdə Azərbaycana Niderlanddan çoxlu sayda turist gəlib – bu, hətta ötən ildəkindən də çox olub. Bundan başqa, bu tədbir sayəsində daha çox Niderland vətəndaşı ilin digər aylarında da Azərbaycana gəlir.

Beləliklə, Formula-1 Azərbaycanın gözəlliyini, turizm potensialını və qonaqpərvərliyini nümayiş etdirmək, eləcə də ölkənin yarışlardan əlavə daha nələr təklif edə biləcəyi ilə qonaqları tanış etmək üçün gözəl imkan yaradır. Şübhəsiz ki, birbaşa hava əlaqəsinin açılması aviaşirkətlərin qərarlarından, bir sıra hüquqi məsələlərin işlənilməsi zərurətindən, eləcə də belə reyslərin kommersiya baxımından məqsədəuyğunluğundan asılı olacaq.

Bu məsələ Avropa İttifaqının bir çox ölkələri üçün aktualdır. Ümid edirəm ki, burada olacağım növbəti üç il ərzində bu istiqamətdə irəliləyiş əldə edə biləcəyik. Sevindirici haldır ki, artıq gələn ilin may ayında Brüssel və Bakı arasında birbaşa reyslərin açılması planlaşdırılır. Brüssel Niderlanda nisbətən yaxın yerləşdiyi üçün Niderland vətəndaşlarının da bu hava əlaqəsindən istifadə edəcəyini gözləyirəm.

- Rotterdam limanının və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının rolu da nəzərə alınmaqla Azərbaycan və Niderland limanları arasında əməkdaşlıq perspektivlərini necə qiymətləndirirsiniz? Belə əməkdaşlıq qarşılıqlı ticarətin genişləndirilməsi və Avropa ilə Asiya arasında nəqliyyat-logistika marşrutlarının inkişafı üçün nə kimi imkanlar açır?

- Həqiqətən də çox yaxşı və konkret sualdır. Hesab edirik ki, əməkdaşlığın gələcək inkişafı üçün möhkəm təməl var. Xüsusilə Venlo limanı ilə Bakı arasındakı əvvəlki qarşılıqlı əlaqələri, eləcə də sizin qeyd etdiyiniz kimi, Bakı Limanı nümayəndələrinin Rotterdam limanına səfərlərini qeyd etmək olar. Bu mübadilələr yük axınlarının idarə edilməsi, logistika, yüklərin emalı və Orta Dəhliz boyunca səmərəli nəqliyyat əlaqələrinin inkişafı sahəsində əməkdaşlığın dərinləşdirilməsi potensialını nümayiş etdirir.

"Steinweg", "LV Logistics", "Kricon" və digər logistika şirkətlərimiz Bakı Limanının logistikası sahəsində fəal işləyirlər. Bundan əlavə, "Haskoning" şirkəti Bakı Limanının inkişafının hər iki mərhələsinin baş planını hazırlayıb. Niderlandın dibdərinləşdirmə işləri üzrə ixtisaslaşmış "Van Oord" şirkəti isə limanın genişləndirilməsinin ilk mərhələsi çərçivəsində sözügedən işlərdə iştirak edib.

Təcrübə mübadiləsi, kommersiya tərəfdaşlıqlarının inkişafı və xüsusən də ekoloji cəhətdən təmiz limanların yaradılması, liman infrastrukturunun rəqəmsallaşdırılması və dayanıqlı logistika sahəsində əməkdaşlıq üçün konkret imkanları müəyyən etmək məqsədilə bu limanlar arasında qarşılıqlı fəaliyyətin bərpası və intensivləşməsindən çox məmnun olardıq. Bütün bunlar Avropa ilə Asiya arasında nəqliyyat əlaqələrinin möhkəmləndirilməsinə kömək edəcək. Beləliklə, qarşımızda əməkdaşlıq üçün geniş imkanlar açılır.

- Əvvəllər Siz Niderlandın Azərbaycanla parlamentlərarası məsləhətləşmələr aparmaqda maraqlı olduğunu bildirmişdiniz. Bu istiqamətdə 2027-ci il üçün hansı planlar var?

- Məmnuniyyətlə bildirirəm ki, Azərbaycan və Niderland arasında çox uğurlu parlamentlərarası mübadilə aparılıb. Bu mübadilə cari ilin iyul ayında Haaqada ATƏT Parlament Assambleyasının illik sessiyası çərçivəsində baş tutub.

Müzakirələr zamanı digər məsələlərlə yanaşı, ikitərəfli münasibətlər, iqtisadi əməkdaşlıq, regional hadisələr və təbii ki, sülh prosesinin (Azərbaycan və Ermənistan arasında - red.) cari gündəliyi nəzərdən keçirilib.

Öz tərəfimdən, imkan daxilində (Azərbaycan - red.) parlamentarilərlə təmasları davam etdirmək və bu qarşılıqlı fəaliyyəti inkişaf etdirmək niyyətindəyəm. Bütün bunlar Niderlandın Azərbaycanla ikitərəfli münasibətlərdə, o cümlədən parlamentlərarası səviyyədə müsbət dinamikanın daha da möhkəmləndirilməsinə sadiqliyini sübut edir.

- Niderland Cənubi Qafqazdakı hazırkı vəziyyəti necə qiymətləndirir?

- Biz (Bakı və İrəvan arasında - red.) sülh prosesinin hazırkı vəziyyətindən çox məmnunuq. Biz bu prosesi qətiyyətlə dəstəkləyir, hər iki ölkə və əldə olunan irəliləyişlə fəxr edirik.

Niderland sülh prosesini həm ikitərəfli səviyyədə, həm də Avropa İttifaqı çərçivəsində dəstəkləyir. Biz mümkün olan hər yerdə dəstək göstərməyə hazırıq.

Çox şanslıyam ki, diplomatik missiyanın rəhbəri kimi məhz Azərbaycana təyinat almışam. Bura dünyada bu gün çox təhlükəsiz olan yeganə yerdir.

Hesab edirəm ki, sülh prosesinin irəliləməsi üçün hər iki ölkənin göstərdiyi mühüm səyləri qeyd etmək vacibdir. Biz bundan sonra da mümkün olan bütün vasitələrlə onları dəstəkləməyə hazırıq.

- Sonuncu sualım Azərbaycanın işğaldan azad edilmiş əraziləri ilə bağlıdır. Siz artıq bir neçə dəfə bu regiona səfər etmisiniz. Bu səfərlərin yekunları üzrə sizdə hansı təəssüratlar yaranıb? Niderland şirkətləri bu ərazilərin bərpasında iştirak etməyə maraq göstərirmi?

- Bəli, mən artıq üç dəfə bu ərazilərə səfər etmişəm. Hər üç səfər məndə çox böyük təəssürat yaradıb. Hər dəfə inkişafın nə qədər sürətlə getdiyini və orada necə irimiqyaslı obyektlərin inşa edildiyini görürsən. Bu, həqiqətən heyranedicidir.

Düşünürəm ki, Niderland şirkətləri də baş verən dəyişikliklərə diqqət yetiriblər və bu cür imkanlar əldən verilməməlidir. Xüsusilə bərpa işlərinin miqyası və mürəkkəbliyi, habelə dayanıqlı inkişafa ayrılan diqqət güclü təəssürat yaradır.

Niderland su ehtiyatlarının idarə edilməsi, bərpa olunan enerji, kənd təsərrüfatı, dayanıqlı infrastruktur, eləcə də "ağıllı şəhər və kənd" konsepsiyası kimi sahələrdə müvafiq təcrübəyə malikdir. Buna görə də konkret layihələrin tələbləri, onların kommersiya cəhətdən məqsədəuyğunluğu və qüvvədə olan qanunvericilik nəzərə alınmaqla, bu sahələrdə ixtisaslaşmış Niderland şirkətləri üçün müəyyən imkanlar yarana bilər.

Bundan başqa, Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Niderlandda istifadə olunan və sənaye miqyaslı istixana təsərrüfatlarının inkişafını nəzərdə tutan "Vestland" modelinin Cəbrayıl rayonunda tətbiqində maraqlı olduğunu bildirib.

Biz bu müraciəti diqqətlə araşdırır, Niderlandın bilik və təcrübəsinin regiona cəlb edilməsi, o cümlədən bu prosesdə özəl sektorun və elmi-tədqiqat institutlarının iştirakı imkanlarını öyrənirik.

Komandamız (Niderlandın Bakıdakı səfirliyinin - red.) bu istiqamət üzərində fəal işləyir. Ümid edirik ki, bunun nəticəsində konkret müsbət nəticələr əldə etmək mümkün olacaq.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunun açılışında iştirak edib - YENİLƏNİB-3
Tacikistan səfiri: Düşənbə və Bakı münasibətləri keyfiyyətcə yeni səviyyəyə yüksəlib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər