Mehriban Əliyeva - Vətənə, xalqa, dövlətə, milli və bəşəri dəyərlərə böyük sədaqət nümunəsi
Far.Az xəbər saytı

Mehriban Əliyeva - Vətənə, xalqa, dövlətə, milli və bəşəri dəyərlərə böyük sədaqət nümunəsi


Bu gün ölkənin Birinci xanımı, respublikanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın doğum günüdür. Humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də dünyada yüksək ehtiram sahibi olan Mehriban Əliyeva tariximizin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan şəxsiyyətlərdən biridir.

Mehriban xanım müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərib və göstərməkdə də davam edir. Reallıq odur ki, Ulu Öndər Heydər Əliyev və Prezident İlham Əliyevin dövlətçilik ideyalarından güc alan Mehriban Əliyevanın humanizm və insanpərvərlik ideallarını rəhbər tutaraq reallaşdırdığı genişmiqyaslı layihələr onu xalqın sevimlisinə çevirib.

Onun timsalında Azərbaycan qadınının cəmiyyətdəki yeri, nüfuzu, işgüzarlığı, dövlətə layiqli xidmət missiyası daha aydın görünür. Təsadüfi deyil ki, Mehriban Əliyevanın siyasi-ictimai fəaliyyəti təkcə ölkəmizdə deyil, həm də dünyada Azərbaycan qadınının obrazının formalaşmasında müstəsna rola malikdir. Mehriban xanımı şəxsiyyət kimi xarakterizə edərkən bir məqamı nəzərdən qaçırmaq olmaz ki, onun fəaliyyətində ənənəviliklə müasirlik, tarixi köklərə bağlılıqla dünyəvilik əsas prinsiplərdəndir.

Prezident İlham Əliyevin 21 fevral 2017-ci il sərəncamına əsasən Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması heç də təsadüfi deyildi. Çünki o, həm Milli Məclisin deputatı kimi, həm də Heydər Əliyev Fondunun rəhbəri olaraq ölkə daxilində və beynəlxalq arenada mühüm layihələr həyata keçirirdi. Milli Məclisin deputatı olduğu zamanlar mütəmadi olaraq seçicilərlə görüşlər keçirir, onların qayğıları ilə maraqlanır, rəy və təkliflərini öyrənib, sosial problemlərinin həlli istiqamətində müvafiq tədbirlər görürdü. Seçicilərin dərin hörmət və rəğbətini qazanan Mehriban Əliyeva parlamentdə dövlətimizin və xalqımızın maraqlarından çıxış edərək bir sıra vacib qanunların qəbul olunmasında yaxından iştirak edirdi. Bununla bərabər, Azərbaycanın ictimai-siyasi, mədəni həyatında fəal rol oynayır, təhsil, səhiyyə, mədəniyyət, incəsənət sahəsində həyata keçirdiyi layihələr bu istiqamətlərin inkişafına əvəzsiz töhfə verirdi.

Həmçinin Azərbaycan həqiqətlərinin, mədəniyyətinin dünyaya tanıdılması istiqamətində gördüyü işlər beynəlxalq aləmdə böyük əks-səda doğurur, bu layihələr Azərbaycanın dünyadakı mövqeyini daha da möhkəmləndirir, ölkəmizin qədim mədəni-tarixi köklərə malik olduğunu sübuta yetirirdi.

Mehriban Əliyeva: Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam

Həyatının başlıca amalı məhz xeyirxahlıq və xoş niyyət olan Birinci xanımın adı çoxşaxəli fəaliyyəti, insanlarla ünsiyyəti ilə sanki bir vəhdət təşkil edir.

“Gündəlik fəaliyyətimizdə insansevərlik, mərhəmət, qarşılıqlı hörmət, mehribanlıq unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri uca tutaraq ən yüksək qələbələr əldə etmək, ən böyük zirvələrə qalxmaq olar. Azərbaycana layiqincə xidmət etməyə çalışacağam. Mən sizi əmin edirəm ki, gələcək fəaliyyətimi məhz bu prinsiplər əsasında qurmağa çalışacağam. Ölkəmizin və xalqımızın maraqlarını hər şeydən üstün tutacağam, Azərbaycana layiqincə xidmət etməyə çalışacağam".

Bu sözləri Mehriban Əliyeva Birinci vitse-prezident kimi ilk çıxışında səsləndirib. Bu gün biz Mehriban xanımın söylədiyi fikirləri real həyatda uğurla həyata keçirdiyinin şahidiyik.

Bəli, nəcib və ali məqsədlər naminə əzmlə çalışan, insan amilini daim uca tutan sülh elçiləri sırasında Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adı xüsusi çəkilir. Mehriban xanım qayğıkeşliyi, ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına həmişə örnəkdir. Əminliklə deyirik ki, o, öz fəaliyyətində Azərbaycanda qadın hərəkatını canlandıraraq onun tarixində yeni bir mərhələ açıb.

Xalqın taleyini öz taleyində yaşayan Mehriban xanımın mənəvi, ictimai və siyasi vəzifəni, məqsədi ülvi bir sevgiylə daşıması, vətəninə, xalqına qəlbinin sonsuz istəyi ilə xidmət etməsi ictimai mühitə gəldiyi vaxtlardan görünməyə başladı. Xeyirxahlığına, bacarığına, diqqət və qayğısına görə hamının hörmətini, məhəbbətini qazanmış Mehriban Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır. Onun fəaliyyət dairəsi çoxşaxəli olub, həyatımızın bütün sahələrinə dərindən nüfuz edib.

Bütün bu keyfiyyətlərin məcmusunu xarakterizə edən əsas cəhət isə əlbəttə ki, Mehriban Əliyevanın müstəqil Azərbaycan dövlətinin yaradıcısı, Ümummilli Lider Heydər Əliyevin ideyalarının reallaşmasında cənab Prezident İlham Əliyevin ən yaxın silahdaşı olmasıdır. Bu gün Azərbaycan qadını Mehriban Əliyeva ilə, onun nüfuzu ilə haqlı olaraq fəxr edir, ondan nümunə götürür. Mehriban xanım danılmaz xidməti, gördüyü işlər çoxşaxəli və misilsizdir. Birinci vitse-prezident kimi hər bir sahədə Prezident İlham Əliyevin həyata keçirdiyi kursun dəstəklənməsinə və uğur qazanmasına layiqli töhfələr verən Mehriban Əliyevanın bu çərçivədə gördüyü işləri təhlil etsək, əmin olarıq ki, onun çoxşaxəli və geniş əhatəli fəaliyyəti Azərbaycanın bugünkü inkişafında çox böyük çəkiyə malikdir.

Bu gün Mehriban Əliyeva özünəxas olan yüksək işgüzar və mənəvi keyfiyyətləri, dərin təşkilatçılıq və idarəçilik qabiliyyəti ilə ona həvalə edilən vəzifəni layiqincə daşıyır, ölkədə həyata keçirilən siyasi kursun uğur qazanmasına mühüm töhfələr verir.

Təkcə Birinci vitse-prezidentin ötənilki fəaliyyətinə nəzər yetirsək, görərik ki, Mehriban Əliyeva ölkəmizin yüksəlişinə və beynəlxalq nüfuzunun daha da artmasına necə böyük töhfələr verib.

Azərbaycan qadınlarına nümunə

Tarixin istənilən anında bizim örnək kimi qəbul etdiyimiz qadınlar olub və indi də vardır. Bu baxımdan, müasir dövrdə Mehriban Əliyeva özünün həm ictimai-siyasi fəaliyyəti, həm də elmi yaradıcılığı ilə Azərbaycan qadınlarına nümunədir. Mehriban xanımın ictimai-siyasi fəaliyyəti o qədər zəngin və parlaqdır ki, onu bütün incəliklərinə qədər təsvir etmək, sadalamaq, xatırlamaq qeyri mümkündür. Bu mənada, Mehriban xanımın gənc və müstəqil dövlətimizin möhkəmlənməsi yolunda apardığı ideoloji mübarizəsinə, ümumən gördüyü işlərin miqyasına nəzər yetirəndə bu xidmətin həcmini təsəvvür etmək, ölkənin və xalqın həyatında yeniliklərlə müşayiət olunan inkişafını görmək, duymaq elə də çətin deyil.

Bir faktdır ki, postsovet məkanında ictimai həyatda fəal iştirak edən çox az ölkə başçısının xanımının adını çəkmək olar. Lakin Mehriban xanımın fəaliyyəti, digər Birinci xanımları da aktiv olmağa sövq etdi. Mehriban xanım müsahibələrinin birində Birinci xanım olmağın məsuliyyəti haqqında dediyi fikri xatırlatmaq istərdik: “Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və ya öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür”.

Mehriban xanım da öz fəaliyyəti ilə Azərbaycan qadınının müsbət obrazını yaradıb. O, istər ölkə həyatında, istərsə də beynəlxalq səviyyədə gördüyü nəcib və humanist işlərlə Azərbaycanı bütün dünyada uğurla təmsil edir. Bu xeyirxah əməlləri ilə Azərbaycan qadını adını ucalara qaldırır. Onun beynəlxalq səviyyədə əldə etdiyi uğurlar həm də Azərbaycan qadınının uğurudur. Fəxarətlə deyə bilərik ki, bu gün Azərbaycan qadını UNESCO və ICESCO-nun xoşməramlı səfiridir. Bu gün Azərbaycan qadınının təşəbbüsü ilə müsəlman ölkələrində xeyriyyə aksiyaları keçirilir, müsəlman uşaqların təhsili və sağlamlığı ilə bağlı davamlı layihələr reallaşdırılır, xarici ölkələrdə məktəblər tikilir. Görülən bu işlər xeyirxah və tərəqqipərvər missiyanın bütün dünya insanlarına faydalı olmaq məqsədi daşıdığını göstərir və dünya insanının savadlanmasına xidmət edir. Bir sözlə, Mehriban xanımın timsalında Azərbaycan qadınının xeyirxahlıq, mərhəmət, insanpərvərlik nümunəsinə şahidlik edirik.

Heydər Əliyev Fondunun Azərbaycanın milli-mənəvi dəyərlərinin qorunmasına növbəti töhfəsi

Yeri gəlmişkən, Mehriban xanım Heydər Əliyev Fondunu yaratmaqla, Ulu Öndər Heydər Əliyevin vətənimiz və xalqımızın inkişafı naminə gördüyü işləri, işıqlı ideyalarını yüksək səviyyədə davam etdirir. Bu gün işğaldan azad olunan torpaqlarımızda erməni vandalları tərəfindən darmadağın edilmiş mədəni-dini abidələrimizin bərpası prosesi davam etdirilir. Ənənəvi fəaliyyətlə yanaşı, bu gün Mehriban xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondu azad edilmiş torpaqlarda geniş fəaliyyətə başlayıb. Fondun təşəbbüsü ilə bu torpaqlarda hazırda dini abidələrimizin əsaslı təmiri, bərpa edilməsi və inşası prosesinə start verilib.

Şuşa şəhərində Yuxarı Gövhər ağa, Aşağı Gövhər ağa, Saatlı məscidləri, Ağdam şəhər məscidi və Zəngilan şəhər məscidi Heydər Əliyev Fondu tərəfindən əsaslı bərpa edilir. Eyni zamanda, Daşaltıda, Hadrutda və Şuşa şəhərində yeni məscidlərin tikintisi də məhz Heydər Əliyev Fondunun təşəbbüsü ilə həyata keçirilir.

Şuşada fond tərəfindən bəzi obyektlərdə aparılan bərpa işləri cəmi bir neçə aya başa çatdırılıb. 2021-ci il avqustun 29-da Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın iştirakı ilə Vaqifin muzey-məqbərə kompleksinin yenidənqurma işlərindən sonra açılışı olub.

Üzeyir bəy Hacıbəylinin Şuşadakı ev-muzeyi də Heydər Əliyev Fondu tərəfindən bərpa olunur. Şuşa şəhərindəki Xalçaçılıq Qalereyası, mühüm tarixi memarlıq abidəsi olan Mehmandarovların malikanə kompleksindəki təmir və bərpa işləri də Heydər Əliyev Fondu tərəfindən həyata keçrilib.

2021-ci il ərzində Şuşada Heydər Əliyev Fondunun təşkilatçılığı və dəstəyi ilə bir sıra mədəniyyət tədbirləri də reallaşıb. “Xarıbülbül” festivalı, Vaqif Poeziya Günləri respublikamızın həyatında böyük mədəniyyət hadisəsinə çevrilməklə yanaşı, xalqımızın Vətən müharibəsindəki Zəfərini, Şuşanın qədim Azərbaycan şəhəri olduğunu dünyaya bəyan etdilər.

Göründüyü kimi, Birinci vitse-prezident Mehriban Əliyevanın həyata keçirdiyi fəaliyyət həm çoxşaxəli, həm də məhsuldardır. Bu fəaliyyətin təhlili göstərir ki, görülən bütün işlər, atılan addımlar yalnız bir məqsədə – Prezident İlham Əliyevin inkişaf strategiyasının uğurla reallaşmasına, Azərbaycanın beynəlxalq nüfuzunun daha da yüksəlməsinə xidmət edir.

Beləliklə, alicənablıq, insanpərvərlik, kübarlıq kimi ali insani dəyərlər, kreativ, yüksək erudisiya sahibi olan, müdrik, cəsarətli, güclü, eyni zamanda, zərif mərhəmətli, şəfqətli Mehriban xanımı təbrik edirik. Azərbaycançılıq məfkurəsinin inkişaf etdirilməsində hər zaman yeni yollar axtarışında olan Mehriban Əliyevaya cansağlığı, ailə səadəti, müstəqil Azərbaycan naminə yorulmaz fəaliyyətində bol-bol uğurlar və sevinclər arzulayırıq.

Oxşar xəbərlər

Mehriban Əliyeva - Azərbaycan humanizminin simvolu - FOTO
Mehriban Əliyevanın doğum günüdür
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın doğum günüdür
Azərbaycan Sərhəd Mühafizəsinin yaranmasından 105 il ötür
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin işgüzar dairələrin nümayəndələri ilə görüşü keçirilib - YENİLƏNİB - 2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər