Rəsmi Bakı Rusiya Prezidentinin xüsusi nümayəndəsinə cavab verib
Far.Az xəbər saytı

Rəsmi Bakı Rusiya Prezidentinin xüsusi nümayəndəsinə cavab verib


Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Rusiya Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun Azərbaycanda Rusiya mədəniyyət tədbirlərinin ləğv edilməsi məsələsi ilə bağlı fikirlərinə münasibət bildirib.

Far.Az xəbər verir ki, Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoyun İnterfaks agentliyinə müsahibəsi zamanı Azərbaycanda Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirlərinin ləğv edilməsi qərarı ilə bağlı verdiyi şərhlər, Azərbaycan tərəfinin qərarını kontekstdən çıxararaq təhrif etməyə çalışması qəbuledilməzdir.

Yekaterinburq şəhərində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı Rusiyanın hüquq-mühafizə orqanları tərəfindən nümayişkaranə şəkildə törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməlləri Azərbaycanın haqlı etiraz və qınağına səbəb olub.

Rusiya ilə ikitərəfli münasibətlərə zərbə vuran bu hadisələr fonunda, mədəniyyət tədbirlərinin ləğv edilməsi qərarı tam qanuni və adekvat addımdır.

Rusiyanın mədəniyyət tədbirlərinin ləğvinin "Azərbaycanın mədəniyyət mühiti və mənzərəsini yoxsullaşdırdığı" barədə fikirlərə gəldikdə isə qeyd edək ki, Azərbaycanda dəfələrlə səfərdə olarkən ölkəmizin yüksək səviyyəli mədəniyyətinə heyran olduğunu bildirən cənab Şvıdkoyun sözügedən qərəzli fikirləri təəccüb doğurur. Şvıdkoyun təbirincə desək, Basta kimi Rusiya müğənnilərinin konsert proqramlarının ölkəmizin mədəniyyət mənzərəsini yoxsullaşdırdığını düşünmürük.

Minilliklər boyu inkişaf edən Azərbaycan mədəniyyəti bir çox dövlətlər və xalqlar üçün nümunədir. Azərbaycan haqlı olaraq, özünün unikal tarixi və maddi-mədəniyyət abidələri, zəngin ədəbiyyatı, incəsənəti və musiqisi ilə fəxr edir.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Prezident İlham Əliyev XII Qlobal Bakı Forumunun açılış mərasimində çıxış edib
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər