Ramiz Mehdiyev klanı üçün kritik həftə - İstintaq dairəsi daralır
Far.Az xəbər saytı

Ramiz Mehdiyev klanı üçün kritik həftə - İstintaq dairəsi daralır


Ölkənin siyasi və inzibati dairələrində Ramiz Mehdiyev klanına qarşı aparılan istintaq prosesləri bu həftə yeni mərhələyə daxil olub.

Far.Az Musavat.com-a istinadla xəbər verir ki, uzun illər dövlətin müxtəlif strukturlarında gizli şəbəkə kimi fəaliyyət göstərmiş bu qrupun üzvlərinə qarşı həm kadr, həm maliyyə, həm də hüquqi istiqamətlərdə ciddi addımlar atılır.

İstintaq orqanları artıq Ramiz Mehdiyevin yaxın çevrəsini əhatə edən bir sıra işlər üzrə real nəticələr əldə edib. Azərbaycan Milli Elmlər Akademiyasında onun prezidentliyi dövründə baş vermiş mənimsəmə halları üzrə araşdırmalar davam etdirilir.

Xüsusilə həmin illərdə akademiyanın təsərrüfat və təchizat işlərinə rəhbərlik etmiş Elton Məmmədovun mənimsədiyi 3 milyon manatın dövlətə geri qaytarılması faktı bu prosesin miqyasını aydın göstərir.

Bu hadisə istintaqın Ramiz Mehdiyev ətrafında toplanmış maliyyə resurslarının dövlətə qaytarılması istiqamətində ardıcıl və planlı fəaliyyət apardığını təsdiqləyir.

Eyni zamanda Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin həbsi də bu klanın təsir dairəsində olan məmurlara qarşı atılan növbəti addım kimi dəyərləndirilir. Rzayevin uzun illər Mehdiyevin çevrəsi ilə sıx əlaqədə olduğu, onun təyinat və himayə sistemində mühüm fiqurlardan biri sayıldığı bildirilir.

Bundan əlavə, Ramiz Mehdiyevin ailə üzvlərinə də toxunan tədbirlər gündəmdədir. Onun həyat yoldaşı Qalina Mehdiyeva ali təhsil müəssisəsindəki vəzifəsindən uzaqlaşdırılıb. Bu qərar, Mehdiyev ailəsinin dövlət strukturlarında illərlə qorunan nüfuz dairəsinin sarsıldığını göstərir.

Ən səs-küylü gözləntilərdən biri isə Ramiz Mehdiyevin oğlu, fövqəladə hallar nazirinin müavini Teymur Mehdiyevin yaxın günlərdə vəzifədən azad ediləcəyi ehtimalıdır. Siyasi və hüquqi müşahidəçilərə görə, bu addım klanın dövlət strukturlarındakı son dayaqlarının da çöküşünü simvolizə edəcək.

Hazırkı proseslər fonunda aydın görünür ki, istintaq orqanları Ramiz Mehdiyev şəbəkəsinin illərlə dövlət resurslarını mənimsəmə mexanizmini tam ifşa etməyə və həmin vəsaitləri geri qaytarmağa yönəlib. Bununla, ölkənin siyasi sistemində köhnə nizamın dağılması və yeni şəffaf idarəçilik mərhələsinin başlanması istiqamətində mühüm addımlar atılır.

Oxşar xəbərlər

Milli Məclisə seçkilərdə lider namizədlərin adları açıqlanıb - YENİLƏNİB
VII çağırış Milli Məclisin deputatları - SİYAHI
Əmək və Sosial Münasibətlər Akademiyasında COP29-a həsr edilən elmi nəşrin təqdimatı olub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ramiz Mehdiyevin dövlət çevrilişi planı necə ifşa olunub? - Cinayət işinin DETALLARI

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər