TRIPP layihəsi: İrəvan Naxçıvana tranziti sadələşdirməyi öhdəsinə götürüb
Ermənistan TRIPP layihəsi çərçivəsində Azərbaycanın əsas ərazisi ilə onun Naxçıvan Muxtar Respublikası arasında hər iki istiqamətdə insanlar, nəqliyyat vasitələri və yüklər üçün sadələşdirilmiş tranzit rejimini təmin etməyi öhdəsinə götürür.
"Far.Az" xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio və Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın ABŞ Dövlət Departamentinin saytında dərc edilmiş TRIPP layihəsi üzrə birgə bəyanatında deyilir.
Dövlət Departamentində qeyd ediblər ki, "Tramp Marşrutu"nun (TRIPP) əsas təyinatlarından biri Azərbaycanın əsas hissəsi ilə Naxçıvan MR arasında əlaqənin təmin edilməsidir.
Sənəddə vurğulanır ki, TRIPP dövlətlərin suverenliyi, ərazi bütövlüyü və yurisdiksiyasına hörmət əsasında regional sülhə, sabitliyə və inteqrasiyaya töhfə verərək Ermənistan ərazisində maneəsiz multimodal tranzit əlaqəsini təmin etmək üçün nəzərdə tutulub.
"TRIPP-in Azərbaycan və onun Naxçıvan Muxtar Respublikasını Ermənistan ərazisi vasitəsilə birləşdirməklə və Transxəzər ticarət marşrutunda həyati əhəmiyyətli əlaqələr yaratmaqla həm beynəlxalq, həm də Ermənistan Respublikasının daxili bağlantısı üçün qarşılıqlı faydalar gətirəcəyi gözlənilir", - bəyanatda deyilir.















