Hüseyn Məhəmmədov: "Yeni məşqçi heyəti gəldiyi üçün "Karvan-Yevlax"dan ayrıldım"
Hüseyn Məhəmmədov Misli Premyer Liqası təmsilçisi "Karvan-Yevlax"dan yeni məşqçi heyəti gəldiyi üçün öz təşəbbüsü ilə ayrılıb.
Bu barədə mütəxəssis "Far.Az"a açıqlamasında bildirib.
O, ayrılıq qərarının səbəbləri haqqında danışıb:
"Klubda baş məşqçi və köməkçiləri dəyişdi. Mən əslində komandada qalmışdım. Lakin Füzuli Məmmədov öz komandası ilə gəldiyi üçün öz təşəbbüsümlə ayrılmağa qərar verdim. Bir komandaya yeni məşqçi öz heyəti ilə gəlirsə, orada qalmaq düzgün deyil. Biz böyük futbol oynamış adamlarıq, futbol mədəniyyətimiz var və hər şeyi başa düşürük. Özümüzə hörmət əlaməti olaraq belə bir addım atdım".
Təcrübəli mütəxəssis hazırda təklif gözlədiyini söyləyib:
"Hər bir klub istəyər ki, komandasında böyük karyerası olan və təcrübəli mütəxəssis işləsin. Mən hər zaman işimi yüksək səviyyədə görmüşəm və qısa müddət ərzində qapıçılarımın performansından da bu aydın görünür. Həm futbolçu, həm də məşqçi olduğum dövrdə yaxşı iş ortaya qoymağa çalışmışam ki, gələcəkdə təkliflər olsun".
H.Məhəmmədov məşqçilik dərəcəsini artırmaq üçün kurslarda iştirak etdiyini bildirib:
"Hazırda A kateqoriyası üzrə məşqlərdəyəm, dərslərimiz davam edir. Futbolun elmi tərəfini də öyrənmək mütləqdir. Hər bir sahədə olduğu kimi, futbolda da yenilikləri mənimsəməliyik".
Qeyd edək ki, Hüseyn Məhəmmədov bir neçə gün əvvəl "Karvan-Yevlax" ilə yolları ayırıb.















