Toğrul Əsgərov: "Altı idmançı ilə üç medal qazanmaq böyük nəticədir"
Far.Az xəbər saytı

Toğrul Əsgərov: "Altı idmançı ilə üç medal qazanmaq böyük nəticədir"


Azərbaycanın qadın güləşçilərdən ibarət millisinin Serbiyanın Zrenyanin şəhərində təşkil olunan U-23 Avropa çempionatında 3 medal qazanması böyük nəticədir.

"Far.Az"un yarışa ezam olunmuş əməkdaşının məlumatına görə, bunu yığmanın baş məşqçi əvəzi Toğrul Əsgərov deyib.

O, komandanın ümumi çıxışından razı qaldığını və Ruzanna Məmmədovanın əzmkarlığını xüsusi qeyd edib:

"Favorit idmançılarımız var idi. Günay Qurbanova qızıl medal qazandı. Biz Ruzannadan da qızıl medal gözləyirdik. Üç ay əvvəl dizindən əməliyyat olunması onu müəyyən qədər geri salmışdı. Amma Ruzanna əsl idmançı xarakteri göstərərək Avropa çempionatında iştirak etmək üçün xalçaya vaxtından tez qayıtdı. Finalda çox gözəl güləşdi, sadəcə ani bir səhv ucbatından qızıl medalın biraddımlığından döndü. Rəqibi də zəif deyildi, böyüklər arasında dünya çempionatının bürünc, U-23 Avropa çempionatının isə gümüş mükafatçısı idi. Tanınmış rəqib idi. Gültəkin Şirinova da bir çox zədədən sonra özünü sübut edərək medal qazandı və bizi sevindirdi".

T.Əsgərov qadın güləşindəki kütləvilik məsələsinə və federasiyanın bu istiqamətdəki fəaliyyətinə toxunub:

"Yarışa altı idmançı ilə qatılmışdıq. Qızlarımızda kütləvilik hələ oğlanlar səviyyəsində deyil. Federasiya rəhbərliyi bu sayın artırılması üçün müəyyən addımlar atır, işlər görür. Qısa zamanda əlimizdə nə qədər çox qız idmançı olsa, o qədər çox nəticə verərik. Amma ümumilikdə altı idmançı ilə üç - bir qızıl və iki gümüş medal qazanmaq böyük nəticədir".

Olimpiya çempionu həmçinin qarşıdakı Avropa çempionatı və olimpiya lisenziyası perspektivlərini dəyərləndirib:

"Albaniyada keçiriləcək böyüklər arasında çempionatına bir ay vaxtımız var. Bu müddətdə Biri Bakıda, digəri xarici ölkələrdə başqa komandalarla birlikdə iki güclü təlim-məşq toplanışı keçəcəyik. Ruzannanın daha inamlı olacağını, medal qazanacağını düşünürəm. O, sadəcə 1 saniyəlik səhvə görə qızılı əldən verdi. Yüksək səviyyəli güləşçidir. Bunu da qeyd edim ki, hələ gənclər arasında yarışmaq üçün daha bir il vaxtı var. Amma ilk hədəfimiz böyüklər arasında yarışır. Qızlarımızın olimpiya lisenziyası verilən yarışlarda iştirak etməsini istəyərdik. Olimpiya lisenziyası qazanmaq potensialına gəlincə, Jalə Əliyeva, Ruzanna Məmmədova və Günay Qurbanovanın şansları daha çoxdur. Əlbəttə, digər idmançılarımızın da haqqına girmək istəməzdim. Olimpiya oyunlarına hələ iki il var. Hər şey özlərinə inanmasından, rejimindən və məşqçiləri, valideynləri eşitmələrindən asılıdır. Elnurə Məmmədova, Gültəkin Şirinova, Birgül Sultanova da potensiallı idmançılardır".

Qeyd edək ki, Azərbaycanın qadın güləşçiləri U-23 Avropa çempionatını 3 medalla başa vurublar. Günay Qurbanova (59 kq) Avropa çempionu adını qazanıb. Gültəkin Şirinova (55 kq) və Ruzanna Məmmədova (62 kq) isə gümüş medal əldə ediblər.

Oxşar xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Həyatda yaxşı şeyləri niyə görmürük? - Tanınmış simaların FİKİRLƏRİ
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər