Andrey Babişin Qəbələ səfəri: Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisi - ŞƏRH
Far.Az xəbər saytı

Andrey Babişin Qəbələ səfəri: Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisi - ŞƏRH


Azərbaycan və Çexiya arasındakı münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və son illərdə bu əlaqələr həm iqtisadi, həm də siyasi müstəvidə yeni bir mərhələyə qədəm qoyub. Münasibətlərdəki inkişafın ən mühüm göstəricilərindən biri Çexiyanın Baş naziri Andrey Babişin aprelin 26-da Azərbaycana reallaşdırdığı rəsmi səfərdir.

Azərbaycanın çoxsaylı strateji müttəfiqləri arasında yer alan Çexiya ölkəmizin müxtəlif qurumlarda ən etibarlı tərəfdaşlarından birinə çevrilib. Bir çox sahələrdə fəal əməkdaşlıq edən ölkələrimiz qarşılıqlı münasibətlərdə və beynəlxalq təşkilatlar çərçivəsində bir-birini daim dəstəkləyir.

Baş nazirin səfəri yalnız ikitərəfli münasibətlərin inkişafı baxımından deyil, eyni zamanda, Azərbaycanın beynəlxalq məsələlərin həllində rolunun gücləndiyini göstərən mühüm mesajdır. Bu, eyni zamanda, Azərbaycanın geosiyasi və geoiqtisadi əhəmiyyətinin artdığını aydın şəkildə nümayiş etdirir.

A.Babişin səfərindən əvvəl Litvanın Baş naziri İnqa Ruqinienen, Latviya Prezidenti Edqars Rinkeviçs və Ukrayna Prezidenti Volodimir Zelenski də ölkəmizə ard-arda səfər ediblər. Bütün bunlar da təsadüfi deyil - Azərbaycan beynəlxalq arenada artıq yalnız enerji tərəfdaşı deyil, həm də siyasi dialoq və çoxtərəfli əməkdaşlıq üçün etibarlı platforma kimi qəbul edilir. Xüsusilə, Avropa ölkələrinin Azərbaycana artan marağı onların regionda sabitlik, enerji təhlükəsizliyi və yeni nəqliyyat dəhlizləri ilə bağlı strateji hədəflərindən irəli gəlir.

Strateji önəm kəsb edən Azərbaycan-Çexiya münasibətləri

Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşən Baş nazir Andrey Babiş ölkələrimiz arasında münasibətləri strateji adlandırıb və bəyan edib ki, "bizim çox səmimi dostluq münasibətlərimiz var". O əlavə edib ki, Azərbaycan və Çexiya geniş iqtisadi potensialı olan ölkələrdir və bu da iqtisadi sahədə fəal əməkdaşlığa geniş imkanlar yaradır.

Çexiya Baş nazirini səfər zamanı geniş biznes heyəti müşayiət edir ki, bu da səfərin əsas prioritetlərindən birinin iqtisadi əməkdaşlıq olduğunu göstərir.

Prezident İlham Əliyev Çexiyanın Baş naziri Andrey Babişlə mətbuata bəyanatında bildirib ki, Azərbaycan dünya bazarlarına öz enerji resurslarını ixrac edən etibarlı ölkələr sırasındadır. Bunu, o cümlədən Avropa İttifaqı da qeyd edir və Azərbaycanı etibarlı tərəfdaş kimi qiymətləndirir: "Bu gün Azərbaycan qazı 16 ölkəyə ixrac edilir və onlardan 10 ölkə Avropa İttifaqına üzv ölkədir. O cümlədən Çexiyaya qonşu olan ölkələrə Azərbaycan təbii qaz ixrac edir".

Andrey Babişin Qəbələ səfəri: Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisi - ŞƏRH

Çexiya-Azərbaycan münasibətlərinin institusional bazasına nəzər salsaq, görərik ki, ölkələrimiz arasında əməkdaşlıq artıq uzun illərə söykənir. 2011-ci ildən fəaliyyət göstərən iqtisadi, elmi-texniki və mədəni əməkdaşlıq üzrə Qarışıq Komissiya bu münasibətlərin institusional əsasını təşkil edir. Ötən ilin iyununda Xarici İşlər nazirlikləri arasında Praqada keçirilmiş siyasi məsləhətləşmələr isə dialoqun davamlı xarakter daşıdığını sübut edir.

Eyni zamanda, iki ölkənin beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək verməsi onların siyasi yaxınlığını daha da möhkəmləndirir. Dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlərin intensivliyi də bu münasibətlərin yüksək səviyyədə olduğunu təsdiqləyir. Belə ki, Azərbaycan Prezidenti indiyədək Çex Respublikasına ümumilikdə dörd səfər edib. Çexiya prezidentləri isə ölkəmizdə ümumilikdə iki, Çexiya Baş naziri isə bir dəfə səfərdə olub.

Keçən il ölkələr arasında 814,73 milyon ABŞ dollarına çatan ticarət dövriyyəsi iqtisadi əlaqələrin dinamik inkişafını göstərir. Çexiya Azərbaycanın 6-cı ən böyük ixrac tərəfdaşı olmaqla yanaşı, Avropa İttifaqı daxilində 4-cü yerdə qərarlaşıb. Bu fakt Azərbaycanın Avropa bazarındakı mövqeyinin gücləndiyini nümayiş etdirir.

Ölkələrimizin energetika sahəsində əməkdaşlığı isə xüsusi önəm daşıyır. Azərbaycan Çexiyaya xam neft ixrac edir və 2025-ci ildə bu ölkə İtaliyadan sonra ikinci ən böyük idxalçı olub. Bununla yanaşı, Çexiya tərəfi bərpa olunan enerji, enerji səmərəliliyi və hidrogen sahələrində əməkdaşlıqda maraqlıdır. Bu isə münasibətlərin ənənəvi enerji modelindən daha innovativ istiqamətlərə keçdiyini göstərir.

Çex şirkətlərinin Azərbaycanda bərpa olunan enerji sahəsində fəal iştirakı diqqət çəkir. Naxçıvanda 500 MVt gücündə fotoelektrik stansiya layihəsində iştirak və hidroelektrik avadanlıqların təchizatı imkanlarının araşdırılması bu əməkdaşlığın konkret nümunələridir.

Azərbaycanla Çexiya arasında yeni biznes təşəbbüslərinin reallaşdırılması üçün də imkanlar genişdir. Bu təşəbbüslər isə yaxın vaxtlarda energetika, sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, əczaçılıq və ticarət sahələrində əlaqələrin gücləndirilməsinə inamı artırır.

Andrey Babişin Qəbələ səfəri: Azərbaycanın artan beynəlxalq nüfuzunun göstəricisi - ŞƏRH

Azərbaycan-Çexiya münasibətləri - keyfiyyətcə yeni mərhələ

Ölkələrimiz arasında əməkdaşlıq tək iqtisadi sferanı əhatə etmir. Qəbələdə Andrey Babişlə mətbuata bəyanatında Prezident İlham Əliyev bu məsələni xüsusi vurğulayıb. Bildirib ki, səfər iki ölkə arasındakı əlaqələrin dinamik şəkildə inkişafını göstərir: "Bizim çox fəal siyasi dialoqumuz var. Bu gün bir çox məsələlər ətrafında - həm regional, həm ikitərəfli, həm daha qlobal xarakter daşıyan məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır".

Onu da qeyd edək ki, 2015-ci ildə imzalanmış Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə Azərbaycan-Çexiya münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edib. Bu sənəd yalnız iqtisadi deyil, həm də siyasi, hərbi və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yol xəritəsi rolunu oynayıb. Eyni zamanda, beynəlxalq hüququn əsas prinsiplərinə, o cümlədən ərazi bütövlüyünə dəstək bu tərəfdaşlığın dəyərlər əsaslı olduğunu göstərir.

"Biz Çexiyadan hərbi təyinatlı bir çox məhsullar alırıq və indiki mərhələdə birgə istehsalla bağlı konkret layihələr üzərində danışıqlar gedir", - deyə dövlət başçısı mətbuata bəyanatında qeyd edib.

Beləliklə, Çexiya Baş nazirinin ölkəmizə səfərindən də aydın olur ki, Azərbaycan artıq daha geniş coğrafiyada strateji tərəfdaş kimi qəbul olunur. Bu, ölkəmizin beynəlxalq münasibərlər sistemində nüfuzunun və rolunun günbəgün gücləndiyini təsdiqləyir.

Proses Azərbaycanın Avropa ilə münasibətlərində də daha praqmatik və qarşılıqlı maraqlara əsaslanan yanaşmanın formalaşdığını göstərir. Eyni zamanda, enerji təhlükəsizliyi, alternativ təchizat marşrutları və yaşıl enerji gündəliyi kimi istiqamətlər ikitərəfli əməkdaşlığın yeni konturlarını müəyyən edir. Andrey Babişin səfəri də göstərdi ki, Çexiya Azərbaycanı təkcə Cənubi Qafqazın lider dövləti deyil, həm də Avropa İttifaqı üçün strateji əhəmiyyətli qlobal tərəfdaş kimi görür.

Report İnformasiya Agentliyi

Oxşar xəbərlər

Qəbələdə Çexiyanın Baş naziri Andrey Babişin rəsmi qarşılanma mərasimi olub
Prezident İlham Əliyev və Çexiyanın Baş naziri Andrey Babiş mətbuata bəyanatlarla çıxış ediblər
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər