"PAŞA Bank" yeni səhmlərinə abunə yazılışının müddətini 1 ay uzadıb
"PAŞA Bank" ASC səhmlərinin İlkin Kütləvi Təklifi (Initial Public Offering - IPO) çərçivəsində abunə yazılışının müddətini iyunun 12-nə qədər (1 ay) uzadıb.
"Far.Az" bu barədə Banka istinadən xəbər verir.
Məlumata görə, bu qərar investorlar, müştərilər və tərəfdaşlardan gələn müraciətlər nəzərə alınaraq, daha çox şəxsin "PAŞA Bank"ın səhmdarı olması məqsədilə qəbul olunub. Bankın İdarə Heyətinin üzvü, baş maliyyə inzibatçısı Murad Suleymanov bildirib ki, IPO çərçivəsində müşahidə olunan yüksək investor marağı abunə müddətinin uzadılması qərarında mühüm rol oynayıb.
"PAŞA Bank" olaraq ilk gündən məqsədimiz yalnız uğurlu IPO həyata keçirmək deyil, eyni zamanda ölkəmizin kapital bazarlarının inkişafı naminə bu prosesdə daha geniş investor iştirakını təşviq etmək və mümkün qədər çox insanın IPO prosesinin bir parçasına çevrilməsinə imkan yaratmaq olub. Bu IPO təkcə "PAŞA Bank" üçün deyil, bütövlükdə Azərbaycanın kapital bazarları üçün əlamətdar bir mərhələdir. Ölkəmizdə ilk dəfə olaraq özəl təşkilatın bu miqyasda səhmlərinin geniş investor kütləsinə təqdim olunması bazara olan etimadın, investor mədəniyyətinin və uzunmüddətli investisiya yanaşmasının formalaşdığını göstərir", - deyə o qeyd edib.
"PAŞA Bank" rəsmisinin sözlərinə görə, aprelin 13-də start verilmiş abunə yazılışı müddəti ərzində hazırkı tarixə 12 000-ə yaxın müraciət qəbul edilib və investor marağının hər gün daha da artdığı müşahidə edilir: "Son günlər tərəfdaşlıq etdiyimiz investisiya şirkətlərinə və Bankımıza abunə müddətinin uzadılması ilə bağlı müraciətlər daxil olur. Xüsusilə qeyd etmək istərdim ki, artıq abunə yazılışında iştirak etmiş investorlar üçün bütün mövcud üstünlüklər qüvvədə qalır. İnvestorlar həm 2025-ci, həm də 2026-cı illər üzrə dividend əldə etmək hüququnu saxlayırlar. Eyni zamanda, abunə müddətinin uzadıldığı dövrdə yerləşdirilmiş bütün vəsaitlər üzrə hesablanan illik 5 % gəlir ("overnight") mexanizmi də davam etdiriləcək. İnanırıq ki, bu qərar daha çox investorun ölkənin aparıcı maliyyə institutlarından birinin səhmdarı olmaq imkanından yararlanmasına şərait yaradacaq. Eyni zamanda xüsusi vurğulamaq istəyirəm ki, bu uzadılma son fürsətdir. 12 iyun IPO üzrə sifarişlərin qəbul ediləcəyi son gündür. Bir daha göstərilən böyük marağa və etimada görə bütün investorlarımıza təşəkkür edir və hər kəsi bu tarixi mərhələnin bir parçası olmağa dəvət edirik", - deyə o qeyd edib.
Xatırladaq ki, "PAŞA Bank" "Bakı Fond Birjası" QSC-də yerləşdirməyi planlaşdırdığı yeni səhmlərin ilkin qiymətini nominal dəyərindən (20 manat) 2,75 dəfə çox - 55 manat müəyyən edib. 932 926 ədəd adi, adlı səhmi həm fiziki, həm də hüquqi şəxslər ala bilərlər. Səhmlərin alınması "PAŞA Kapital İnvestisiya Şirkəti" QSC, ABB və yaxud digər tərəfdaşların platformaları, mobil tətbiqləri, o cümlədən "PAŞA Bank"ın mobil tətbiqi vasitəsilə mümkün olacaq. Eyni zamanda hər kəs "PAŞA Bank" və "Kapital Bank" ASC-nin filial şəbəkəsi vasitəsilə də səhmləri əldə edə biləcək.
Minimum alış 1 səhm olmalıdır. Yerləşdirmə tam baş tutsa, "PAŞA Bank"ın nizamnamə kapitalı 18,659 milyon manat artaraq 354,512 milyon manatdan 373,171 milyon manata çatacaq. Yeni investorlar Bankın səhmlərinin 5 %-nə sahib olacaqlar.
Oxşar xəbərlər
Mərkəzi Bank tərəfindən media nümayəndələri üçün "Kapital bazarlarının əsasları" mövzusunda təlim keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Lökbatanda böyük anbarların birində güclü yanğın başlayıb
-
Ailənin illərdir gözlədiyi övladı faciəli şəkildə öldü: Muradın ad gününə cəmi iki gün qalmışdı...
-
Aeroportla Bakının əsas məntəqələri arasında WUF13 şattl avtobusları hərəkət edəcək
-
TDT baş katibi Allahşükür Paşazadə ilə görüşüb
-
WUF13 iştirakçılarının NƏZƏRİNƏ: 6 istiqamət üzrə şattl avtobusları fəaliyyətə başlayır
-
"Al Jazeera": İran uranı ölkədən çıxarmaqdan imtina edib













