NDU-da "Süni intellekt: nəzəriyyədən praktikaya" III beynəlxalq elmi konfransı alim və tədqiqatçıları bir araya gətirib
Far.Az xəbər saytı

NDU-da "Süni intellekt: nəzəriyyədən praktikaya" III beynəlxalq elmi konfransı alim və tədqiqatçıları bir araya gətirib


Naxxçıvan Dövlət Universitetində "Süni intellekt: nəzəriyyədən praktikaya" III beynəlxalq elmi konfransı alim və tədqiqatçıları bir araya gətirib.

"Report" xəbər verir ki, konfransdan öncə universitetin Memarlıq və mühəndislik fakültəsinin tələbələrinin innovativ və texnoloji layihələrdən ibarət sərgisinə baxış olub.

Sərgidə ağıllı günəş paneli, avtopark, təhlükəsiz piyada keçidi, ağıllı şəhər, hava çirklənmə kamerası, avtomobilin avtomatik işıq sistemi, sıfır tullantılı ekoloji şəhər, dağ yollarında təhlükəsizlik sistemi, zavod emissiyalarının azaldılması kimi 30-dan çox layihə nümayiş olunub.

Beynəlxalq elmi tədbir Naxçıvan Dövlət Universitetinin təşkilatçılığı ilə Milli Süni İntellekt Mərkəzi, Azərbaycan Milli Elmlər Akademiyası, Bakı Mühəndislik Universiteti, İstanbul Universiteti, İstanbul Texniki Universiteti, Qaradəniz Texniki Universiteti, İstanbul Universiteti – Cərrahpaşa, Cənub Universiteti, Gümüşhane Universiteti və Ağrı İbrahim Çeçen Universiteti ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev iştirakçıları açılış nitqi ilə salamlayaraq qeyd edib ki, süni intellektlə bağlı maarifləndirmə işində ali təhsil müəssisələrinin qarşısında mühüm vəzifələr dayanır. Rektor İlham Əliyev tərəfindən 2025-ci il 19 mart tarixli Sərəncamla təsdiq edilən "Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası"ndan irəli gələn vəzifələrdən bəhs edərək bildirib ki, bu istiqamətdə gənclərin fundamental bilik bazasının formalaşdırılması, layihə əsaslı tədris modelinin tətbiqi və fənlərarası inteqrasiyanın gücləndirilməsi xüsusi əhəmiyyət daşıyır.

Rektor universitetdə gələcəkdə süni intellektlə bağlı yeni ixtisasların açılmasının nəzərdə tutulduğunu, bu sahədə fəaliyyət göstərəcək ofis və innovasiya məkanlarının yaradılması istiqamətində işlərin aparıldığını diqqətə çatdırıb. Həmçinin bildirilib ki, ilin sonunadək İBM Mərkəzinin yeni ofisinin istifadəyə verilməsi planlaşdırılır.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli Naxçıvan Dövlət Universitetinin Azərbaycan təhsil sisteminin öndə gedən ali təhsil ocaqlarından biri olduğunu vurğulayıb. Akademik çıxışında qeyd edib ki, ilkin alqoritmlər, proqramlaşdırma modelləri və süni intellekt anlayışları ilə müxtəlif yaş qrupları mərhələli şəkildə tanış olmalıdır. Onun sözlərinə görə, 6–10 yaş, 11–17 yaş və 17 yaşdan sonrakı universitet dövrü üzrə fərqli yanaşmalar müəyyənləşdirilməli, hər yaş dövründə gənclərin hansı süni intellekt bilik və bacarıqlarına yiyələnməli olduqları aydın şəkildə izah olunmalıdır.

Konfransda çıxış edən Milli Süni İntellekt Mərkəzinin təhsil eksperti Şəhriyar Məmmədli süni intellektin təhsil sistemində tətbiqi, rəqəmsal bacarıqların inkişafı və innovativ yanaşmaların əhəmiyyətindən danışıb. Ekspert qeyd edib ki, müasir dövrdə süni intellekt texnologiyalarının düzgün və məqsədyönlü istifadəsi gənclərin analitik düşüncə qabiliyyətinin formalaşmasında, yaradıcılıq potensialının artırılmasında, əmək bazarının tələblərinə uyğun kadr hazırlığında mühüm rol oynayır. Şəhriyar Məmmədli bildirib ki, təhsil müəssisələrində süni intellekt əsaslı platformaların tətbiqi müəllim və tələbələr üçün yeni imkanlar yaradır, fərdiləşdirilmiş tədris modelinin formalaşdırılmasına şərait yaradır.

AMEA-nın Naxçıvan Bölməsinin sədri akademik İsmayıl Hacıyev, Bakı Mühəndislik Universitetinin professoru Vaqif Qasımov, Türkiyənin İstanbul Universiteti – Cərrahpaşa Tibb fakültəsinin professoru Mehmet Üzel, Rusiyanın "Cənub" Universitetinin rektoru, professor İmran Əkbərov, İstanbul Texniki Universitetinin professoru Dərya Özər Güleç və digərləri məruzə ilə çıxış ediblər.

Natiqlər konfransı süni intellektin nəzəri və texniki aspektləri üzrə elmi fikir mübadiləsinin aparılması baxımından mühüm platforma kimi dəyərləndiriblər. Çıxışlarda universitetdə innovativ və intellektual yönümlü təşəbbüslərə geniş dəstək göstərilməsi, bu istiqamətdə keçirilən tədbirlərin elm və təhsil mühitinə mühüm töhfə verməsi vurğulanıb. Eyni zamanda universitetin belə layihələrə ev sahibliyi etməsi yüksək qiymətləndirilib, iştirakçılar konfransda yer almaqdan məmnun olduqlarını ifadə ediblər.

Konfransın sonunda rektor tərəfindən iştirakçılara plaket və təşəkkürnamələr təqdim olunub.

Qeyd edək ki, konfrans növbəti gün öz işini bölmə iclasları ilə davam etdirib. Bölmə iclasları Azərbaycanın və dünyanın müxtəlif ölkələrindən elm və təhsil müəssisələrinin tədqiqatçılarının üz-üzə və onlayn (hibrid) iştirakı ilə ümumilikdə 4 salonda, 12 istiqamət üzrə baş tutub. 21 bölmə üzrə keçirilən panellərdə respublikamızdan və xaricdən qatılan 34 elm-təhsil müəssisəsindən 264 əməkdaşın 148 məruzəsi təqdim olunub. Eyni zamanda tələbə bölməsində 82 tələbənin 38 məruzəsi dinlənilib. Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim edilib.

Oxşar xəbərlər

Arzu Əliyeva və Alena Əliyeva "Rənglərdə yaşanan 10 il" mövzusunda keçirilən sərgidə iştirak ediblər
Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
NDU-nun rektoru Elbrus İsayev media nümayəndələri üçün brifinq keçirib
Prezident Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışında iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər