Vedran Lakiç: "Bosniya və Herseqovinanın qaz bazarı Azərbaycan üçün açıqdır" - EKSKLÜZİV
Far.Az xəbər saytı

Vedran Lakiç: "Bosniya və Herseqovinanın qaz bazarı Azərbaycan üçün açıqdır" - EKSKLÜZİV


Bosniya və Herseqovina Azərbaycan üçün yeni qaz bazarı və enerji tərəfdaşlığı imkanları təklif edir.

Bunu "Far.Az"un Balkan bürosuna açıqlamasında Bosniya və Herseqovinanın energetika, mədən sənayesi və sənaye naziri Vedran Lakiç bildirib. Rəsmi Sarayevo ölkənin qaz bazarının xarici təchizatçılar üçün açıq olduğunu bildirir və bu çərçivədə Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu bəyan edir.

Onun sözlərinə görə, Bosniya və Herseqovina hazırda böyük enerji keçidi mərhələsindədir: "Hazırda həyata keçirilən əsas layihələr ölkənin qazlaşdırılması istiqamətində olacaq. Bazarımızın qaz təchizatçıları üçün açılması bizim üçün çox vacibdir. Sözügedən layihələr Azərbaycan üçün də maraqlı ola bilər".

Nazir qeyd edib ki, Bosniya və Herseqovina enerji keçidi ilə bağlı Azərbaycanla müzakirələr aparmağa hazırdır: "Düşünürəm ki, Azərbaycan Bosniya və Herseqovinada yaxın dövrdə həyata keçiriləcək fəaliyyətlərə və perspektivlərə diqqət yetirə bilər. Azərbaycan qaz potensialına görə yüksək səviyyədə tanınır və bizim üçün Bosniya və Herseqovina bazarını hər kəsə açmaq çox vacibdir. Əlbəttə, bu bazar Azərbaycan üçün də açıqdır".

Onun fikrincə, əməkdaşlıq yalnız qaz sektoru ilə məhdudlaşmır. Bosniya və Herseqovina qarşıdakı illərdə bərpa olunan enerji mənbələrinin inkişafına da ciddi yatırım etməyi planlaşdırır, xüsusilə hidroenerji istiqaməti prioritet hesab olunur.

"Bosniya və Herseqovinada digər ölkələrlə əlaqəli yeni hidroelektrik stansiyaların tikintisi çox vacibdir. Azərbaycanlı investorlar və ya tərəfdaşlarla bu istiqamətdə də əməkdaşlığa açığıq. Ümumilikdə, qarşıdakı dövrdə ölkədə bir çox enerji layihələri açılacaq", - deyə nazir vurğulayıb.

V.Lakiç "yaşıl enerji" layihələrinin inkişafı qarşısında əsas maneənin enerji infrastrukturu və elektrik şəbəkələrinin zəifliyi olduğunu da bildirib: "Hazırda əsas ehtiyac enerji infrastrukturunun qurulmasıdır. Həmçinin enerji şəbəkəsi də ən böyük problemlərdən biridir və biz bu iki əsas məsələni həll etməliyik. Düşünürəm ki, maliyyə problemi olmayacaq. Çünki həm investorlar, həm də müxtəlif ölkələr enerji layihələrinə sərmayə yatırmaq istəyirlər. Bosniya və Herseqovina güclü enerji şəbəkəsinə sahib olduqdan sonra elektrik enerjisinin ixracı üçün digər bazarlara da açıq olacaq".

Xatırladaq ki, 2025-ci ildə Bosniya və Herseqovinanın təbii qaza olan tələbatı təxminən 200-250 milyon kubmetr təşkil edib. Təbii qaz ölkənin ümumi enerji balansında cəmi 3 %-ə yaxın paya malikdir. Ölkənin enerji sektoru ənənəvi olaraq kömür və hidroresurslardan asılıdır.

Hazırda Bosniya və Herseqovinanın qaz bazarı idxaldan ciddi şəkildə asılı olaraq qalır və uzun illərdir kifayət qədər diversifikasiya olunmayıb. Ötən il qaz tədarükünün təxminən 95 %-i Rusiyadan Serbiya üzərindən, Zvornik giriş nöqtəsi vasitəsilə həyata keçirilib. Kiçik həcmdə qaz isə qonşu Xorvatiyadan idxal olunub.

Qeyd edək ki, Serbiya artıq Azərbaycandan təbii qaz alır. İki ölkə arasında imzalanmış saziş çərçivəsində son iki ildən artıq müddətdə Azərbaycandan Serbiyaya 444,6 milyon kubmetr qaz ixrac edilib.

Oxşar xəbərlər

SOCAR-ın təşkilatçılığı, "Neftçi" və "Galatasaray" klublarının tərəfdaşlığı ilə şəhid və qazi övladları üçün "Futbol günü" adlı tədbir keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Bakıda İlham Əliyevin iştirakı ilə "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forum keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB-2

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər