Azərbaycan Ordusu: Müasir idarəetmə, innovasiya və peşəkar ordu modeli
Far.Az xəbər saytı

Azərbaycan Ordusu: Müasir idarəetmə, innovasiya və peşəkar ordu modeli


44 günlük Vətən müharibəsi ilə dünya hərb tarixinə adını qızıl hərflərlə yazdıran, xalqımızın qürur mənbəyi olan Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasından 108 il ötür. Bir əsrdən artıq tarixi olan Azərbaycan Ordusu çətin, mürəkkəb, eyni zamanda şərəfli inkişaf yolu keçərək bu gün regionun ən güclü və peşəkar silahlı qüvvələrindən birinə çevrilib. Onun keçdiyi yol təkcə hərbi inkişafın deyil, həm də dövlətçilik ənənələrinin, xalqın mübarizə ruhunun və müstəqillik əzminin tarixidir.

Azərbaycanın milli təhlükəsizlik strategiyasının əsas sütunlarından biri güclü, peşəkar və müasir ordu quruculuğudur. Son illərdə həyata keçirilən sistemli islahatlar, yeni texnologiyaların tətbiqi, müdafiə sənayesinin inkişafı, hərbi təhsilin təkmilləşdirilməsi və şəxsi heyətin sosial rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar Azərbaycan Silahlı Qüvvələrinin döyüş qabiliyyətini daha da yüksəldib. Xüsusilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər və sonrakı dövrdə aparılan islahatlar göstərir ki, Azərbaycan Ordusunun inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qalır.

Müdafiə siyasətinin əsas prioritetləri

Müasir təhlükəsizlik çağırışları fonunda ordunun yalnız silahlanmasının deyil, həm də strukturunun və idarəetmə sisteminin təkmilləşdirilməsi dövlətin müdafiə siyasətinin əsas prioritetlərindən biri kimi müəyyənləşdirilib. Bu istiqamətdə görülən işlər ordunun döyüş qabiliyyətinin artırılmasına, çevik qərarvermə mexanizmlərinin formalaşdırılmasına və hərbi idarəetmənin beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir. Müharibələrin xarakterinin dəyişməsi göstərir ki, müasir döyüş meydanında qələbəni yalnız müasir silahlar deyil, eyni zamanda çevik və peşəkar idarəetmə sistemi təmin edir. Bu baxımdan Azərbaycan Ordusunda komandanlıq və idarəetmə mexanizmlərinin yenilənməsi xüsusi əhəmiyyət daşıyır. Son illərdə aparılan struktur dəyişiklikləri nəticəsində qərargah idarəçiliyi daha səmərəli qurulub, qoşun növləri arasında koordinasiya gücləndirilib, əməliyyatların planlaşdırılması və icrası daha çevik mexanizmlər əsasında təşkil olunmağa başlanıb. Bu isə hərbi əməliyyatların vahid komandanlıq prinsipi əsasında idarə olunmasına imkan yaradır.

Hərbi texnologiyaların sürətli inkişafı, müasir döyüş əməliyyatlarının ənənəvi prinsip və yanaşmalardan uzaq olması silahlı qüvvələrin idarəetmə sisteminin daha çevik və dayanıqlı qurulmasını zəruri edir. Bu çərçivədə komanda-idarəetmə zəncirinin effektiv idarəetmə modeli yalnız sərt şaquli tabeçilik prinsipi üzərində deyil, taktiki səviyyəli komandirlərə sərbəst qərar qəbuletmə səlahiyyətlərinin verilməsi (ötürülməsi) üzərində qurulmalıdır. Bu səbəbdən aparılan islahatların nəticəsində əldə olunacaq müasir komanda zəncirinin əsas məqsədi əmrlərin sadəcə yuxarıdan aşağı ötürülməsi deyil, ümumi məqsədin bütün səviyyələrdə düzgün anlaşılması, bölmələrin qarşılıqlı fəaliyyətinin təmin edilməsi, dəyişən əməliyat şəraitində situativ qərarvermə bacarıqlarının önə gətirilməsidir.

Rəqəmsallaşma və süni intellektin tətbiqi

"Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyası"na uyğun olaraq Azərbaycan Ordusunda süni intellekt texnologiyalarının tətbiqi prioritet istiqamətlərdən biri kimi müəyyən edilib. Süni intellekt həllərinin idarəetmə, planlaşdırma, qərar qəbuletmə, məlumatların emalı, hərbi təhsil və elmi fəaliyyətə inteqrasiyası ordunun rəqəmsal transformasiyasını sürətləndirməyə, idarəetmənin operativliyini artırmağa və resurslardan daha səmərəli istifadəni təmin etməyə xidmət edir. Bu kontekstdə rəqəmsal ordu konsepsiyası çərçivəsində komandanlıq və idarəetmə sisteminin, təminat, logistika, şəxsi heyət, eyni zamanda, ordunun digər istiqamətlər fəaliyyətlərinin rəqəmsallaşması istiqamətində müntəzəm tədbirlər görülməkdədir.

Bundan əlavə, 44 günlük Vətən müharibəsində əldə olunan zəngin döyüş təcrübəsi, müasir təhlükəsizlik mühitinin dinamikası və Azərbaycan Ordusunun strateji, əməliyyat və taktiki səviyyələrdə inkişaf prioritetləri nəzərə alınaraq peşəkar hərbi təhsil sistemində fundamental transformasiya həyata keçirilib, nəticəyönümlü, çevik və çoxdomenli əməliyyat mühitinin çağırışlarına cavab verən yeni hərbi təhsil modeli formalaşdırılıb.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən Bakı, Gəncə şəhərlərində və Naxçıvan Muxtar Respublikasında təsis olunmuş hərbi kolleclər peşəkar gizir (miçman) heyətinin hazırlanmasında keyfiyyətcə yeni mərhələnin əsasını qoyub.

Hərbi təhsil alan gənclərin sosial müdafiəsinin və motivasiya mexanizmlərinin gücləndirilməsi baxımından bu Fərmanın əhəmiyyəti - yeni yanaşma kursantların sosial təminatını, ailələrinə göstərilən dövlət dəstəyini və gələcək xidmət dövrü üçün təminat imkanlarını əhatə etməklə hərbi təhsilin cəlbediciliyini artırıb, gənclərin hərbi peşəyə marağını gücləndirib və Azərbaycan Ordusunun uzunmüddətli peşəkar kadr ehtiyatının formalaşdırılmasına əlavə stimul yaradıb.

Peşəkar hərbi təhsil sistemində həyata keçirilən islahatlar Azərbaycan Ordusunda "tapşırıq əsaslı idarəetmə" fəlsəfəsinə mərhələli keçidin təmin edilməsinə yönəldilib. Bu yanaşma komandirlərin təşəbbüskarlığını, məsuliyyətini və müstəqil qərar qəbuletmə bacarıqlarını inkişaf etdirməklə, sürətlə dəyişən əməliyyat şəraitində bölmələrin daha çevik və effektiv idarəolunmasını təmin edib.

Yeni model çərçivəsində xidmət müddətində potensialı ilə seçilən hərbi qulluqçuların peşəkar gizir hazırlığı, ali təhsilli hərbi qulluqçular üçün isə yenilənmiş zabit hazırlığı kurslarına cəlb edilməklə orduda xidmət imkanları yaradılıb.

Azərbaycan Ordusunda həyata keçirilən innovativ layihələrdən biri olan İntellektual qabiliyyətli bölmələr ali təhsilli, yüksək akademik göstəricilərə və müasir texnoloji biliklərə malik çağırışçıların potensialından dövlət və ordu maraqları naminə səmərəli istifadə edilməsinə xidmət edir. İnformasiya texnologiyaları, kibertəhlükəsizlik, süni intellekt, kompüter elmləri və digər prioritet sahələr üzrə bilik və bacarıqlara malik gənclər xidmət müddətində öz peşə potensialını Azərbaycan Ordusunun inkişafına yönəltmək imkanı əldə edirlər.

Ehtiyatda olan hərbi vəzifəlilərin döyüş hazırlığının yüksəldilməsi

Hərbi vəzifəlilərlə keçirilən təlim toplanışlarının keyfiyyətinin daha yüksəldilməsi üçün müvafiq normativ sənədlərdə dəyişikliklər edilib. Pilotsuz uçuş aparatları, süni intellekt, rəqəmsal idarəetmə və yüksək texnologiyaların döyüş əməliyyatlarında artan rolu bu istiqamətdə səfərbərlik ehtiyatlarının hazırlanmasına da yeni yanaşmanın tətbiqini zəruri edir. Bu məqsədlə səfərbərlik hazırlığında ehtiyat şəxsi heyətin bilik, bacarıq və səriştəsinə əsaslanan yeni model tətbiq olunmaqdadır. Belə ki, müasir texnologiyalarla işləmək qabiliyyətinə malik vətəndaşların müəyyənləşdirilməsi, onların ixtisaslaşmış hazırlıq proqramlarına cəlb edilməsi və əldə etdikləri bacarıqların qiymətləndirilməsi daha hazırlıqlı və çevik səfərbərlik ehtiyatının formalaşdırılmasına xidmət edir. Perspektivdə bu modelin pilotsuz sistemlər, radioelektron mübarizə, kibertəhlükəsizlik və digər yüksək texnologiyalı fəaliyyət istiqamətlərini də əhatə etməsi nəzərdə tutulur.

Keçirilən təlim toplanışlar zamanı müasir döyüş təcrübəsi nəzərə alınmaqla hərbi vəzifəlilərin döyüş hazırlığı səviyyəsinin artırılması, bilik və bacarıqlarının inkişaf etdirilməsi, praktiki vərdişlərinin möhkəmləndirməsi, yeni silah, texnika və taktikalardan istifadə qaydalarının mənimsənilməsi istiqamətində planlı şəkildə təlimlər həyata keçirilir.

İxtisaslı psixoloq kadrlarının orduya xidmətə cəlb olunması

2024–2026-cı illərdə Azərbaycan Ordusunda psixoloji təminat sahəsində həyata keçirilən islahatlar, bu sahədə yeni konseptual yanaşmanın tətbiqi nəticəsində psixoloji təminat sistemi təkmilləşdirilib, ixtisaslı psixoloq kadrlarının hazırlanması və xidmətə cəlb olunması prioritet istiqamət kimi müəyyən edilib. Hərbi psixoloqların sayı qısa müddət ərzində 5 dəfəyədək artıb. Türkiyədən dəvət olunmuş mütəxəssislərin iştirakı ilə ixtisasartırma proqramları çərçivəsində müasir psixoterapevtik yanaşmalar üzrə təlimlər keçirilib, psixoloqların peşəkar hazırlıq səviyyəsi beynəlxalq standartlara uyğun şəkildə inkişaf etdirilir. Psixoloji Təminat İdarəsi yaradılıb, zabit və gizirlərin ailə üzvlərinin psixoloji rifahının gücləndirilməsi üçün Bakı Hərbi Psixoloji Sağlamlıq Mərkəzinin fəaliyyətinə start verilib. Bütün bunlar bu gün də Azərbaycan Ordusunun gücünün artmasını, regionda ən güclü ordular sırasına daxil olmasını, müasir standartlar səviyyəsində qurulmasını şərtləndirib. Bu isə Azərbaycan Ordusunun istənilən vəzifəni yerinə yetirməyə hazır olduğunu göstərir.

Beləliklə, Azərbaycan Ordusunda həyata keçirilən hərbi islahatlar göstərir ki, ölkə müdafiə qabiliyyətinin davamlı şəkildə gücləndirilməsi istiqamətində strateji kursunu ardıcıl davam etdirir. Müasir silahlanma, peşəkar kadr hazırlığı, yüksək texnologiyaların tətbiqi, müdafiə sənayesinin inkişafı və sosial təminat sahəsində görülən işlər Silahlı Qüvvələrin imkanlarını daha da genişləndirir. Güclü ordu Azərbaycanın müstəqilliyinin, dövlət suverenliyinin və milli maraqlarının etibarlı təminatçısı olaraq qalır. Hərbi sahədə davam etdirilən islahatlar isə ölkənin təhlükəsizlik sisteminin gələcək çağırışlara cavab verməsini təmin edən mühüm strateji istiqamət kimi öz aktuallığını qoruyur.

Oxşar xəbərlər

Vətən müharibəsində Qələbənin beşinci ildönümünə həsr olunmuş Hərbi parad keçirilib
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Prezident İlham Əliyev Qarabağ Universitetinin təmirdən sonra açılışında iştirak edib - YENİLƏNİB-4
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər