Hakim bəraət hökmü və şərti məhkumetmə ilə bağlı yanlış təsəvvürlərə aydınlıq gətirib
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Murad Aslanov bəraət hökmünün hansı hallarda çıxarıldığını və bu anlayışın şərti məhkumetmədən fərqini izah edib.
"Far.Az" xəbər verir ki, bu barədə Ali Məhkəmədən məlumat verilib.
Hakimin sözlərinə görə, bəraət hökmü şəxsin təqsirinin sübuta yetirilmədiyi hallarda çıxarılır. Cinayət-Prosessual Məcəlləsinə əsasən, bəraət hökmü aşağıdakı hallarda verilə bilər:
- cinayət hadisəsi olmadıqda;
- şəxsin əməlində cinayət tərkibi olmadıqda;
- şəxsin cinayətin törədilməsinə aidiyyəti müəyyən edilmədikdə;
- şəxsin təqsirliliyi sübuta yetirilmədikdə.
M. Aslanov bildirib ki, bu əsaslardan hər hansı biri mövcud olduqda şəxs təqsirsiz hesab edilir.
Hakim nümunə kimi qeyd edib ki, şəxs oğurluq cinayətində ittiham olunsa da, məhkəmə araşdırması zamanı onun həmin hadisə ilə əlaqəsinin olmadığı müəyyən edilərsə, məhkəmə bəraət hökmü çıxarmalıdır.
M. Aslanov vurğulayıb ki, məhkəmənin vəzifəsi istintaq orqanlarının gəldiyi nəticələri avtomatik təsdiqləmək deyil. Onun sözlərinə görə, məhkəmə təqdim olunan bütün sübutları müstəqil şəkildə araşdırır, onların qanuna uyğun əldə olunub-olunmadığını və etibarlılığını yoxlayır, yalnız bundan sonra yekun qərar qəbul edir.
Hakim bildirib ki, bəzi hallarda məhkəmə araşdırması zamanı məhkəməyədək icraat mərhələsində qanun pozuntularına yol verildiyi, şəxslərin hüquqlarının pozulduğu və ya prosessual tələblərə lazımi qaydada əməl olunmadığı müəyyən edilir. Belə hallarda məhkəmə yalnız iş üzrə qərar verməklə kifayətlənmir, zəruri hesab etdikdə həmin pozuntuların səbəblərinin araşdırılması və gələcəkdə təkrarlanmaması məqsədilə məsul şəxslər barəsində tədbir görülməsi üçün xüsusi qərar da çıxara bilər.
Hakim qeyd edib ki, cəmiyyətdə bəzən şərti məhkumetmə ilə bəraət hökmü eyni anlayış kimi qəbul edilir. Halbuki, bunlar hüquqi baxımdan tamamilə fərqli institutlardır.
Onun sözlərinə görə, şərti məhkumetmə zamanı şəxs təqsirli hesab olunur və ona cəza təyin edilir. Sadəcə, həmin cəzanın icrası müəyyən edilmiş sınaq müddəti ilə əlaqələndirilir. Bəraət hökmü zamanı isə məhkəmə şəxsin həmin cinayəti törətmədiyi və ya təqsirinin sübuta yetirilmədiyi qənaətinə gəlir. Bu halda şəxs tam şəkildə təqsirsiz hesab olunur.
Hakim əlavə edib ki, qanunvericilik bəraət hökmündə şəxsin təqsirsizliyini şübhə altına ala biləcək hər hansı ifadədən istifadə olunmasını da qadağan edir.
Oxşar xəbərlər
Prezident İlham Əliyev Əfv Sərəncamı imzalayıb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SƏRƏNCAM
Xalq artisti Hacı Murad Yegizarov II Fəxri xiyabanda dəfn olunub
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN, YENİLƏNİB-2
Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - TAM MƏTN
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
"Real" səfərdə "Valensiya"nı darmadağın edib
-
Bakı metrosu bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək
-
Lando Norris Braziliya Qran-prisinin sıralanma turunun qalibi olub
-
Azərbaycan neftinin qiyməti 107 dolları ötüb
-
"Çıraq" platformasından hasil olunan neft və qazın həcmi açıqlanıb
-
Kənd Təsərrüfatı Nazirliyi Zəfər Gününə həsr olunmuş videoçarx hazırlayıb













