Monqolustanda qədim türk abidələrinin qoruyucu hasarlarının açılış mərasimi olub
Far.Az xəbər saytı

Monqolustanda qədim türk abidələrinin qoruyucu hasarlarının açılış mərasimi olub


Monqolustanın Nomqon vadisində Nomqon-1 və Nomqon-2 arxeoloji komplekslərinin qoruyucu hasarlarının açılış mərasimi keçirilib.

"Report"un Qazaxıstan bürosu Türk Akademiyasına (TA) istinadən xəvər verir ki, TA bir neçə ildir ki, Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnstitutu (MEAAİ) ilə birlikdə bu abidələrdə genişmiqyaslı arxeoloji tədqiqatlar aparır.

Mərasimdə TA-nın rəhbərliyi, Monqolustanın elmi müəssisələrinin nümayəndələri, birgə layihənin icrasında iştirak edən arxeoloqlar və tədqiqatçılar iştirak ediblər.

"Qoruyucu infrastrukturun yaradılması Nomqon vadisinin unikal arxeoloji irsinin qorunub saxlanılması üzrə işlərin növbəti mərhələsi olub. Burada birgə tədqiqatlar 2019-cu ildən aparılır və artıq İkinci Türk Xaqanlığının tarixi haqqında yeni məlumatlar əldə etməyə imkan verib", - məlumatda qeyd olunur.

Beynəlxalq elmi layihə bir sıra mühüm kəşflər gətirib. 2022-ci ildə Nomqon-2 abidəsində üzərində qədim türk və soqd yazıları olan daş stelanın yuxarı hissəsi aşkarlanıb. Deşifrə edildikdən sonra mütəxəssislər ilk dəfə Qutluq xaqanın adı çəkilən mətn fraqmentlərini oxuyublar. Bu, abidəni xaqan xatirə kompleksi kimi müəyyən etmək üçün elmi əsaslar verib.

Sonrakı illərdə arxeoloqlar stelanın qədim türk və Çin mətnləri olan aşağı hissəsini aşkar ediblər. TA, MEAAİ-nin mütəxəssislərinin və Daxili Monqolustan Universitetinin alimlərinin birgə işi Çin yazısında "Qutluq" titulunu və "Türk" etnonimini müəyyən etmək imkanı yaradıb. Bu, kompleksin İkinci Türk Xaqanlığının qurucusu Eltəriş Qutluq xaqanın hakimiyyəti dövrünə aid olmasının daha bir təsdiqi olub.

Qoruyucu hasarların açılışı türk xalqlarının erkən orta əsrlər tarixinin öyrənilməsində xüsusi əhəmiyyət kəsb edən abidələrin qorunub saxlanılmasının təmin edilməsinə yönəlib. Yeni infrastruktur həmçinin gələcək arxeoloji tədqiqatlar və beynəlxalq elmi əməkdaşlıq üçün şərait yaradacaq.

"Türk Akademiyası və Monqolustan Elmlər Akademiyasının Arxeologiya İnstitutu Nomqon vadisində birgə tədqiqatları davam etdirmək niyyətindədir. Alimlər hesab edirlər ki, bu ərazi qədim türklərin tarixi və sivilizasiyası haqqında müasir bilikləri əhəmiyyətli dərəcədə tamamlaya biləcək yeni kəşflər üçün yüksək potensialı qoruyub saxlayır", - TA vurğulayıb.

Oxşar xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Şəkidə tarixi-memarlıq abidələrinin bərpadan sonra açılışında iştirak ediblər
Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş "Türk Dünyası Həftəsi"nin açılış mərasimi olub
Bakıda WUF13-ün Sessiyasının açılış mərasimi keçirilib, Prezident İlham Əliyev çıxış edib
İlham Əliyevin iştirakı ilə İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib
Prezident İlham Əliyev Bakı Enerji Həftəsinin rəsmi açılış mərasimində iştirak edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər